Kəmaləddin Heydərovun beynəlxalq boks təşkilatına 10 milyon verdiyi sübut olundu

5-08-2017, 12:58           
Kəmaləddin Heydərovun beynəlxalq boks təşkilatına 10 milyon verdiyi sübut olundu
2011-ci ildə ortaya çıxmış rüşvət qalmaqalı ilə bağlı ilginc faktlar ortaya çıxdı

Azərbaycan 2011-ci ildə Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (AİBA) verdiyi 10 milyon dolları geri istəyir. Bu haqda Böyük Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb. Assosiasiya təmsilçisi də qəzetə açıqlamasında xəbəri təsdiqləyib.

Kəmaləddin Heydərovun adamı 10 milyonu geri istəyir

Bu xəbər 2011-ci ilin sentyabrında Azərbaycan hakimiyyəti təmsilçisinin London yarışlarında boks üzrə iki qızıl medal almaq üçün AİBA xətti ilə boks yarışlarını təşkil edən WSB-yə (World Series Boxing) 10 milyon dollar rüşvət verdiyinə dair iddiaları yenidən gündəmə gətirib. Bu iddialar BBC-nin araşdırmaları nəticəsində ortaya çıxmışdı. Ardınca araşdırmanı davam etdirən “New Yorker” jurnalı yazırdı ki, beynəlxalq boks təşkilatı İsveçrədə yerləşən şirkətdən 10 milyon dollarlıq kredit alıb. Amma əslində isə bu pulun mənbəyi Azərbaycan olub. Yəni 10 milyon Azərbaycandan olan “özəl investorun” vəsaiti hesabına verilib. Konkret olaraq, Həmid Həmidovun adı çəkilir və bu adamın fövqəladə hallar naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova yaxın olduğu bildirilirdi.
İndi “The Guardian”ın yazdığından məlum olur ki, 10 milyon dolların geri qaytarılması üçün AİBA-ya məktub “Benkons” şirkəti adından göndərilib. “Azadlıq”ın əldə etdiyi məlumata görə, bir neçə il öncə xarici mediada adı çəkilən Həmid Həmidov “Benkons” şirkətinin təsisçisidir.
2008-ci ildə yaradılmış bu şirkət tikinti sahəsilə yanaşı, həm də bir çox ərzaq və məişət malları markalarını ölkəyə idxalı ilə məşğul olur. Bundan əlavə, “Benkons” yükdaşıma xidmətini də həyata keçirir, şirkətin bu məqsədlə 200-dən artıq yük maşını var. Qəbələdə Kəmaləddin Heydərova məxsus olduğu iddia edilən bir sıra nəhəng obyektləri, o cümlədən limonad zavodu, meyvə deposunu, Qəbələ Futbol Akademiyasının binasını bu şirkət tikib. Azərbaycanın şimalındakı bir sıra rayonlarda – Balakən, Şəki və Zaqatalada FHN-in yerli bölmələrinin binalarının tikintisini də bu şirkət həyata keçirib.
Bütün bunlar “Bekons”un Kəmaləddin Heydərovun nəzarətində olduğunu deməyə əsas verir. Bu baxımdan, AİBA-ya verilmiş 10 milyondan Kəmaləddin Heydərovun xəbərsiz olduğunu düşünmək sadəlovhlük olardı.

“Yoxsa məhkəməyə müraciət edəcəyik”

“The Guardian” yazır ki, “Benkons” şirkəti AİBA-ya məktub göndərib, 2011-ci ildə verilmiş 10 milyonu təcili şəkildə geri istəsə də, assosiasiyanın bu pulu geri qaytarmaq imkanı yoxdur.
“Bu məbləğ AİBA-nın hesabında olan ümumi məbləğdən də 2 milyon funt-sterlinq çoxdur”, – “The Guardian” yazır və xatırladır ki, üstəlik, AİBA 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadada iştirak üçün bir müddət əvvəl Beynəlxalq Olimpiya Komitəsindən 14 milyon funt-sterlinq investisiya alıb.
AİBA-nın yüksək vəzifəli təmsilçilərindən biri “The Guardian”a deyib ki, əgər “Benkons”un tələbini yerinə yetirib təcili 10 milyonu qaytarmaq məcburiyyətində qalsalar, bu, onların iflası ilə nəticələnə bilər: “Biz onu ödəyə bilmərik”.
AİBA-dan həmçinin bildirilib ki, pulun ödənilməsinə dair “Benkons”la razılaşdırılmış qrafik var. Amma “Benkons” şirkəti razılaşdırılmış qrafik haqda deyilənlərin saxta olduğunu iddia edir. Ona görə də bu ilin əvvəlində qrafik üzrə ödənişlə bağlı təklifi rədd ediblər.
“Benkons” şirkəti 10 milyonu geri tələb etdiyi məktubu AİBA-nın icraçı direktoru Ulyam Lui-Marinin adına iyulun 19-da göndərib.
“Bu saxtadır. Geri ödəmə ilə bağlı bizimlə nə hansısa razılaşma əldə olunub, nə də hər hansı yazılı sənədə imza atmışıq. 10 milyon dolların tam geri qaytarılmasını tələb edirik.
Əgər 10 milyonu təcili və tam şəkildə geri almasaq, vəkillərimizə göstəriş verəcəyik ki, İsveçrə məhkəmələrində AİBA-ya qarşı iddia qaldırmaq üçün hazırlıqlara başlasınlar”, – deyə “Benkons”un məktubunda deyilir.
Xatırladaq ki, BBC 2011-ci ildə Azərbaycan hökumətinin AİBA vasitəsilə qızıl medal qazanmaq üçün 10 milyon dollar rüşvət verməsi haqda iddiaları yayandan sonra iki boksçumuzun nəticəsi ləğv olunmuş, bizim idmançıların xeyrinə qərar vermiş türkmən hakim ümumiyyətlə, yarışdan uzaqlaşdırılmışdı.
AİBA-nın yaydığı bəyanatda deyilirdi ki, referi İşanquli Meretniyazovun evinə geri göndərilməsinin səbəbi Azərbaycan boksçusunun yarışdığı qarşılaşmada verdiyi şübhəli qərardır. İ.Meretniyazov Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun əldən düşüb yerə yıxılmasına baxmayaraq, onun yapon idmançı üzərində “qələbəsinə” kömək etməkdə ittiham olunurdu. AİBA bu qarşılaşmanın nəticəsini sonradan dəyişdi.
Eyni zamanda Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Əbiyev də rüşvət iddialarına görə oyunlardan uzaqlaşdırılmışdı.

Fövqəlnazirin etirazı

O zaman Kəmaləddin Heydərov da baş verənlərə etirazını bildirmişdi: “Necə olur ki, Azərbaycan idmançısının nəticəsi sonradan ləğv olunur, onun rəqibinə qalibiyyət verilir, lakin bu gün hamının gözü qarşısında boksçularımıza qarşı qeyri-obyektiv qərarlar verən hakimlərin işinə müdaxilə etmək müşkülə çevrilir? Məhz hakimlərin səhv qərarları ucbatından ölkəmizin heç bir boksçusu finala qədər irəliləyə bilməyib”.
Onu da əlavə edək ki, 2011-ci ildə 10 milyon dollar verilən ərəfədə Azərbaycan Boks Federasiyasının prezidenti kimi Kəmaləddin Heydərovla AIBA prezidenti Çinq-Kuo Vu arasında müqavilə imzalanıb. Razılaşma Bakıda boks üzrə 16-cı dünya çempionatının keçirilməsi haqqında olub.
Sonda bir sual açıq qalır: Azərbaycanda 2008-ci ildə cəmi 100 manat kapitalla yaradılan “Benkons” şirkəti niyə cəmi 3 il sonra AİBA kimi bir təşkilata 10 milyon dollar verməli idi?

Hefteaz.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.