Bakı "İnter"ində futbolçuların maaşları ödənilib
20-08-2017, 11:16
Bakı "İnter"ində iyun ayının maaşları ödənilib. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə komandanın futbolçusu Mirhüseyn Seyidov məlumat verib.
Onun sözlərinə görə, rəhbərlik sentyabradək hər şeyin qaydasına düşəcəyinə və qalan ayların borclarının bağlanılacağına söz verib. 25 yaşlı yarımmüdafiəçi kollektivdaxili ab-habanın da normallaşmağa başladığını söyləyib: "Açığı, Avropa Liqasından sonra bir qədər ruh düşkünlüyü var idi. Amma artıq çempionat başlayıb. Çalışırıq ki, özümüzə gələk".
Seyidov bildirib ki, "İnter"ə qoyulan transfer qadağası komandanın nəticələrinə təsirsiz ötüşmür. O, Azərbaycan Premyer Liqasının II turunda "Qarabağ"a 0:1 hesablı məğlubiyyəti bununla əlaqələndirib: "Oyunumuzun çətin olacağını bilirdik. Düzdür, bu gün "Qarabağ"ın matça əsas heyətlə çıxmayacağından da məlumatlı idik. Amma meydana girənlərin əsas heyətə düşmək baxımından daha istəkli olacağını gözləyirdik. Digər tərəfdən, transfer qadağası üzündən bizə də çətin idi. Bura ən azı heç-heçə üçün gəlmişdik. Lakin son dəqiqədə buraxdığımız qol üzündən bu, bizə qismət olmadı. "Səbail"lə növbəti oyuna hazırlaşacağıq. Qışadək gücümüz çatdığı qədər nə isə etməyə çalışacağıq".
Qeyd edək ki, "İnter" ilk turda "Qəbələ"yə uduzub - 1:2.