Cavid Hüseynovdan yeni XƏBƏR VAR

3-09-2015, 20:50           
Cavid Hüseynovdan yeni XƏBƏR VAR
“C.Hüseynovun səhhəti normaldır. Amma çox gərgin və kədərlidir. Ona görə ki, ağılsız qohumunun ağılsız hərəkətinə görə belə bir vəziyyətə düşüb. Lap gələcəkdə Cavidin günahsızlğı sübut olunsa belə, bu, onun üçün çox ağır günlər kimi yaddaşlarda qalacaq. Qohumunun axmaq və səfeh bir hərəkətinin nəticəsi olaraq o, bu gün dar vəziyyətdədir”.

Bunu Hafta.az-a açıqlamasında “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədov deyib. A.Məmmədov bildirib ki, onun özünün də başına oxşar hadisələr gəlib: “Mənim özümün də başıma gəlib. Bəzən görürəm ki, mənim haqda təhqiramiz ifadələr işlədirlər. Mən özüm reaksiya vermirəm, amma qohum-əqrəba başlayır gərginləşməyə başlayır”.

Vəkil qeyd edib ki, C.Hüseynov öz peşəsinə qayıtmağı arzulayır və o günü səbrsizliklə gözləyir. Vəkilin sözlərinə görə, həbsdə olan futbolçu klubunun Avroliqanın qrup mərhələsində qalib olacağına ümid edir: “Hər bir insan öz peşəsini davam etdirmək istəyir. C.Hüseynov da Azərbaycan idmanına əmək sərf etmək istəyir. Onun da arzusudur ki, yenidən qayıtsın öz peşəsini davam etdirsin. Futbolda yeni-yeni uğurlara imza atsın. Futbolu çox sevir. Xüsusən öz komandasına böyük ümid bəsləyir. İnanır ki, Qəbələnin Avroliqanın qrup mərhələsindəki oyununda qalib olacaq”.

Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Fakt üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar.

İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da “Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının “Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi facebook səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng vuraraq ondan təkzib verməyi tələb edib.

Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng vuraraq, təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsindəKİ "Bayıl market" mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım maşını vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

İstintaq zamanı R.Əliyevə məxsus iPhone-5 markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.

Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür.

E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Cinayətin C.Hüseynovun təhriki ilə törədilib-törədilməməsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.