Rusiya Azərbaycana tanklar və vertolyotlar satmaq barədə məxfi danışıqlar aparır
12-10-2015, 15:12
Rusiya ilə Azərbaycan arasında Azərbaycana Rusiya hərbi texnikasının satışına dair danışıqlar gedir.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə iki ölkə hökumətlərarası komissiyasının Moskvada keçirilən iclasında iştirak edən hərbi-sənaye kompleksindəki mənbə “Rambler” agentliyinə bildirib.
“Azərbaycana hərbi texnika təchizatı müzakirə olunur, ancaq qapalı rejimdə”-deyə mənbə bildirib.
Mənbə təkcə onu əlavə edib ki, danışıqlar Azərbaycana Rusiya istehsalı olan hərbi vertolyotların və zirehli tank texnikasının təchizatı barədə aparılır.
Azərbaycan Rusiyadan son illərdə milyardlarla dollarlıq müasir hücum silahları, o cümlədən T-90S tankları, “Smerç” reaktiv yaylım atəşi sistemləri, S-300 zenit-raket kompleksləri, Mi-35M vertolyotları və s. alıb.
Bu yaxınlarda məlum olub ki, Azərbaycan Rusiyadan T-90S tanklarının yeni partiyasını və daha bir neçə “Smerç” sistemlərini almağa maraq göstərir.