"Onlar maaşlarını Azərbaycanı tənqid etdiklərinə görə alırlar" - Prezident Administrasiyası

21-04-2015, 14:57           
"Onlar maaşlarını Azərbaycanı tənqid etdiklərinə görə alırlar" - Prezident Administrasiyası
"İlk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında bədnam qonşularımızın da təsiri var". Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov jurnalistlərə deyib.

F.Axundov bildirib ki, bu kampaniyanı aparanlar istədikləri nəticəni əldə edə bilmirlər və edə də bilməyəcəklər: "Onların bizə heç bir təsiri yoxdur. Çünki onlar təsir gücünə malik deyillər. Kim nə istəyir, yazsın, biz heç kimdən çəkinmirik. Azərbaycan müstəqil dövlətdir, öz müstəqil siyasəti var".

"Eurovision-2012" mahnı müsabiqəsindən misal gətirən PA rəsmisi bildirib ki, bu müsabiqə Azərbaycanı dünyada xeyli təbliğ etdi və ölkəmiz haqqında müsbət fikirlər formalaşdı: "Buradan da görünür ki, o zaman da Azərbaycana qarşı aparılan kampaniyanın heç bir təsiri olmadı. Azərbaycan mahnı müsabiqəsində qalib gələndə 700 milyon insan Azərbaycanı araşdırıb, tapmağa başladı. İlk Avropa Oyunlarında da belə olacaq. Belə olanda isə düşmənlərimiz Azərbaycanın uğurlarına kölgə salmağa çalışacaqlar. Bunlar heç nəyə nail olma bilməzlər".

F.Axundov bildirib ki, Azərbaycan irəliyə doğru addım atır. PA rəsmisi qeyd edib ki, on il bundan əvvəl Azərbaycan dünyada indiki qədər tanınmırdı: "İndi isə Azərbaycanın beynəlxalq aləmdə bu qədər nüfuz qazanması "dostlarımızı" narahat edir. Mənə elə gəlir, onlar maaşlarını Azərbaycanı tənqid etdiklərinə görə alırlar. Təbii ki, tənqid konstruktiv olanda, biz onları nəzərə alırıq. Lakin bu tənqidlərin məqsədi yalnız Azərbaycanın imicinə zərbə endirməkdir. Azərbaycanla bağlı nəticə göz qabağındadır, bəziləri sə bunu paxıllıqdan görmür".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.