Sahibə Qafarovaya vəzifə verildi
21-04-2015, 18:08
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sahibə Qafarova bugün qurumda baş tutan səsvermə nəticəsində AŞPA-nın Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçi və “Zorakılıqdan azad Qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifələrinə seçilib. SİA xəbər verir ki, keçirilən səsvermə nəticəsində danimarkalı namizəddən daha çox dəstək alaraq bu vəzifəyə seçilən millət vəkilimiz, bundan sonra qadına qarşı zorakılıq üzrə mübarizədə qurumun bütün işinin və proqramlarının formalaşdırılmasında əsas rolu oynayacaq. Sahibə Qafarovanın bu vəzifədə əsas rolu qadına qarşı zorakılığın önlənməsi sahəsində ümumi ictimaiyyətin, hökumət və qeyri-hökumət qurumlarının həssaslığının daha da artırılması olacaq. Millət vəkilimiz eyni zamanda “Zorakılıqdan azad Qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifəsini də icra edəcək. Hazırda bu şəbəkə özündə 51 üzv və müşahidəçi dövləti birləşdirir.