İntihar edən qızın atası: “Heç kim bizimlə maraqlanmayıb”
14-01-2016, 14:35
“Qızım Rumiyyənin kasıblıq ucbatından intihar etməsi haqda yayılan xəbərlər düzgün deyil. O informasiyanı mətbuata bizim yaxınlardan kimsə verib, amma biz lap da kasıb ailə deyilik”.
Bu sözləri Modern.az-a açıqlamasında Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin intihar etmiş I kurs tələbəsi Rumiyyə Qasımovanın atası Elşən Qasımov deyib. O qeyd edib ki, orta gəlirli ailədirlər və qızının təhsil haqqının ödənilməsində heç bir çətinlik yaranmayıb.
“Qızımın təhsilhaqqını tam ödəmişik. Mətbuata bizim ailədən kimsə deyib ki, anası göyərti satmaqla onun təhsilhaqqını yığıb. Amma elə bir şey olmayıb. Özüm normal işdə çalışıram, 4 otaqlı şəxsi evimiz, şəxsi maşınımız var. Rumiyyəbub ciddi təhsilhaqqı problemi olmayıb. Sadəcə, o, hər zaman yüksək qiymətlər alıb, fikirləşib ki, Azərbaycan dili öz sahəsidir və bundan yüksək qiymət alacaq. Amma kəsilib və bu, ona çox pis təsir edib ki, heç kimə heç nə demədən gedib intihar edib”.
E.Qasımov bildirib ki, onlar universitetə gedib, prorektorla da görüşüblər.
“Biz Rumiyyənin imtahan cavablarını almaq istədik ki, baxaq görək, bəlkə doğurdan heç nə yazmayıb. Amma bizə sənədləri vermədilər. Bu günə qədər heç kim bizimlə maraqlanmayıb, nə Universitetdən, nə Təhsil Nazirliyindən, nə başqa yerdən. Sumqayıt Şəhər Prokrorluğuna isə bu gün gedib ifadə verəcəm”.
Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb.
Rumiyyə Qasımova universitetə qəbul olunmazdan öncə oxuduğu "Azəri" hazırlıq kurslarında əlaçı abituriyent olub.
Tələbənin yaxınlarının Modern.az-a verdiyi məlumata görə, universitetdən imtahanlara görə pul istənililib və o, bunu verə bilmədiyi üçün imtahanlardan kəsilib. Bundan təsirlənən tələbə qız intihar edib.
Sumqayıt Dövlət Universiteti isə deyilənləri təkzib edib.