Rayon icra hakimiyyəti başçısının hesabatı dinlənildi - Tərtərdə

19-02-2016, 21:43           
Rayon icra hakimiyyəti başçısının hesabatı dinlənildi - Tərtərdə
Tərtər rayon İcra Hakimiyyəti Başçısının “2015-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad edərək, onun abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.

teref.az xəbər verir ki, sonra tədbir iştirakçıları rayon Gənclər Mərkəzinin qarşısında “Tərtər dünən” və “Tərtər bu gün” başlıqlı fotostendlərə, rayonda istehsal olunmuş məhsulların sərgisinə baxmışlar. Tədbir Gənclər Mərkəzinin iclas zalında davam etdirilmiş, tədbir iştirakçıları əvvəlcə rayonun sosial-iqtisadi inkişafını əks etdirən filmə baxmışlar. Sonra hesabat yığıncağı öz işinə başlamışdır.

Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirmişdir ki, cari ilin yanvar ayının 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz 2015-ci ildə uğurla inkişaf etmiş, qarşıda duran bütün vəzifələr icra olunmuşdur. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz artmışdır. Ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın vəsait qoyulmuşdur.


Keçən il də ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Həyata keçirilmiş məqsədyönlü işlər nəticəsində 2015-ci ilin yekunlarına görə BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutmuş, Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünya sıralarında 40-cı yerdə, MDB məkanında isə 1-ci yerdə qərarlaşmışdır.


Hesabat ilində 2 yeni “ASAN xidmət” mərkəzi açılmış, ölkə üzrə “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatmışdır, bununla yanaşı səyyar xidmət göstərən 10 avtobus ölkəmizi dolaşaraq əhaliyə xidmət göstərir. “ASAN xidmət” Azərbaycan brendidir. Iki il ərzində 7 milyondan çox Azərbaycan vətəndaşı bu xidmətə müraciət etmişdir. Bu ictimai xidmətlər, korrupsiyaya qarşı mübarizə sahəsində inqilabdır.

Bu gün Azərbaycanı neft-qaz ölkəsi kimi yox, qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm tədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər.

Artıq tarixə çevrilmiş 2015-ci il Azərbaycanın tarixinə möhtəşəm bir hadisənin- I Avropa Oyunlarının keçirildiyi bir vaxt kimi daxil olmuşdur. Ölkəmizin belə genişmiqyaslı tədbirə ev sahibliyi etməsi, Azərbaycanın II yeri tutması, eləcə də 56 idmançımızın qazandığı parlaq qələbələr müstəqil Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin, yüksəlişin, sosial-iqtisadi sahədəki müvəffəqiyyətlərin məntiqi nəticəsidir. Avropa Oyunları Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Dövlətinin artan qüdrətinin, böyük məsuliyyət və təşkilatçılıq tələb edən belə mötəbər tədbirləri yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha təsdiqlədi.

Bu gün Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada yaşayan hər kəs milliyətindən, dinindən asılı olmayaraq eyni hüquqa malik olmaqla, azad yaşayırlar. Məhz buna görə də 2016-cı il möhtərəm Prezidentimiz tərəfindən “Multikulturalizm ili” elan edilmişdir. Bu da ölkəmizdə multikultural dəyərlərə yüksək qiymət verilməsinin və tolerantlığa dövlət səviyyəsində göstərilən münasibətin bariz nümunəsidir.

Rayon rəhbəri 2015-ci ildə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı”nın icrası istiqamətində rayonda da bir sıra işlər görüldüyünü, sosial infrastrukturun, əhalinin həyat şəraitinin sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, tikinti-quruculuq işlərinin aparılması sahəsində yeni nailiyyətlər əldə edildiyini qeyd etmişdir.

Rayonda tikinti quruculuq və abadlıq işləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yaxından diqqət və qayğısı nəticəsində uğurla davam etdirilmişdir.

H.Əliyev prospektində bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi üçmərtəbəli inzibati binanın fasad hissələri aqlay daşı ilə üzlənmiş, pəncərələri dəyişdirilmiş, binanın fasadı gecə işıqlanması sistemi ilə təchiz edilmişdir.

Tərtər çayı sahilində 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmış, ərazi təmizlənmiş, hamarlanmış, mövcud ağaclar budanmış, ərazidən keçən yüksək gərginlikli elektrik hava xətti kənarlaşdırılmışdır. Hazırda ərazinin səviyyəsinin qaldırılması üçün torpaq daşınması işləri görülür.

Famil Qulami küçəsində 1500 metr məsafədə gecə işıqlanması sistemi quraşdırılmış, ümumi uzunluğu 3.5 km olan istinad divarları 7000 kvadratmetr aqlay və bəzək daşları ilə üzlənmiş, küçədə olan kommunikasiya xətləri səliqəyə salınmışdır.

Mahir Əsədov küçəsində 800 metr məsafədə yol kənarına bardyür düzülərək səkilər salınmışdır. H.Əliyev prospekti, Elman Səfərov, Mübariz İbrahimov və Famil Qulami küçələrində ümumi uzunluğu 3.0 km-dən çox olan yeni səki daşları düzülmüş, küçələr genişləndirilmişdir. H.Əliyev prospekti, F.Qulami və M.Əsədov küçələrində səkilərə 3500 kvadratmetr tamet daşları döşənmişdir.

Yerli əhəmiyyətli 8 km-Qaradağlı-Seysulan avtomobil yolunun 6 km-də asfalt beton örtüyünün alt qatı tikintisi davam etdirilir, 0,5 km uzunluqda asfalt beton örtüyünün alt qatı, 4-6 km-də torpaq yatağı tikilmişdir. 14 km Qaraqoyunlu-Köçərli avtomobil yolunda 4 km çınqıl örtüklü yol təmir edilmiş, 9 km İsmayılbəyli-Evoğlu çınqıl örtüklü yolunda 5 km yol təmir edilmişdir.

Buruc-Güləbatlı-Xoruzlu-Qaradağlı avtomobil yolunun yenidən qurulması üçün maliyyə vəsaiti ayrılmadığına görə işə başlanılmamışdır.

Tərtər şəhərinin Vəzir Orucov, Teymur Rəhimov, Səməd Vurğun, Rövşən Kərimov və Mehdi Hüseynzadə küçələrində 21,9 min kvadratmetr asfalt beton örtüyü salınmışdır.

Azərbaycanın Milli Qəhrəmanı V.Orucovun adına yeni verilmiş küçədə təmir-abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlanma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində Vəzir Orucovun baralyefi quraşdırılmışdır. Bundan başqa, Milli Qəhrəman Mübariz İbrahimov və “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun adlarına yeni verilmiş küçələrdə də onların barelyeflərinin quraşdırılması üçün hazırlıq işləri görülür. Gənclər Mərkəzi və Təhsil şöbəsinin inzibati binasının fasad hissələri aqlay daşı ilə üzlənmiş və gecə işıqlanması sistemi ilə təchiz edilmişdir. YAP-ın inzibati binasının, rayon mədəniyyət evinin, Şahmat məktəbinin və İcra hakimiyyətinin inzibati binasının fasad hissələri gecə işıqlanma sistemi ilə təchiz edilmişdir.

Tərtər şəhərinin M.Əsədov və T.İsmayılov küçələrində istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri davam etdirilir. Qafur Məmmədov küçəsindəki beşmərtəbəli yaşayış binasının həyətində geniş abadlıq işləri aparılmış, ərazidə olan müxtəlif materiallardan qanunsuz tikilmiş pərakəndə və səliqəsiz yardımçı tikililər sökülmüş, tullantı və alaq otlarından təmizlənmiş, 100 maşından çox torpaq tökülərək hamarlanmışdır. Bina sakinlərinə ərazinin bir tərəfində planlı surətdə yardımçı binaların tikilməsi üçün yer ayrılmışdır. Hazırda həmin yaşayış massivində abad məhəllənin yaradılması işləri görülür.

H.Əliyev prospektində yüksək gərginlikli hava xəttinin 1300 metri SİP kabellə yeraltı çəkilmiş, ərazidə olan köhnə işıq dirəkləri ləğv edilmişdir.

Tərtər şəhərində 100 yerlik uşaq bağçası-körpələr evinin və müasir tələblərə cavab verən Şahmat məktəbi üçün binanın tikintisi davam etdirilir.


M.Məmmədov bildirmişdir ki, cari ilin əvvəlindən dünyanın bir çox ölkələrində olduğu kimi, neftin qiymətinin dünya bazarında 3-4 dəfə aşağı düşməsi nəticəsində respublikamızda da manatın məzənnəsi dəyişmiş, bundan öz xeyirləri üçün istifadə edən, bazarlarda süni qiymət artımına cəhd edən işbazlara qarşı mübarizəyə başlanılmışdı. Əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülmüş, rayon icra hakimiyyəti yanında istehlak bazarına nəzarəti həyata keçirən komissiya yaradılmışdır. Həmin komissiya tərəfindən neqativ hallara yol verilməməsi üçün vaxtaşırı olaraq istehlak bazarında monitorinqlər aparılır. Həyata keçirilən tədbirlər nəticəsində unun və çörəyin qiyməti ucuzlaşmışdı.

Rayon əhalisi ölkəmizdə həyata keçirilən süni qiymət artımına qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirlərini bəyənir və dəstəkləyirlər.

Rayonda süni qiymət artımına cəhd edənlər, qanun pozuntusuna yol verən sahibkarlar barəsində ciddi tədbirlər görüləcəkdir.

Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə rayonumuzdan 4 nəfər- rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Ramiz Mustafayev “Dövlət Qulluğunda fərqlənməyə görə”, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdov ”Tərəqqi” medalları ilə təltif olunmuş, Soyulan kənd tam orta məktəbinin müəllimi Afaq Xəlilova “Əməkdar müəllim” adına layiq görülmüşdür. Bu da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Tərtərə və tərtərlilərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Rayon rəhbəri rayonda sahibkarlığın inkişafı, əhalinin sosial müdafiəsi məsələlərindən, təhsil, səhiyyə və mədəniyyət, kənd təsərrüfatı, ekologiyadan, rayonda ideoloji işin təşkilindən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən də geniş və ətraflı danışmışdır. O, bildirmişdir ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Xüsusilə səyyar qəbulların yerlərdə daha çox keçirilməsi vətəndaşların razılığına səbəb olmuş və səmərəli nəticələr vermişdir. Qəbullar zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapmışdır. Bu da əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasına səbəb olmuşdur.
Hesabat ilində vətəndaşlar tərəfindən 679 müraciət olmuşdur. Dövlət orqanlarından və digər qurumlardan daxil olan müraciətlərin ümumi sayı da azalmışdır. 2014-cü illə müqayisədə müraciətlərin sayı 387 müraciət azalmışdır.
Rayon icra hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər praktikası davam etdirilmişdir. Bütövlükdə il ərzində 42 yaşayış məntəqəsi və məhəllədə icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilmiş, bu görüşlərdə 5220 nəfər vətəndaş iştirak etmiş, 374 nəfər müraciətlə çıxış etmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Rayon prokroru Azər Hətəmov, Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov, Tərtər Zona Bölgə Təcrübə stansiyasının direktoru Mehman Abdullayev, Bəyimsarov kəndindən fermer Habil İbrahimov çıxış etmişlər.
Yığıncaqda Milli Məcilisin deputatları Ağalar Vəliyev, Sahib Alıyev, Prezident Administirasiyasının məsul işçisi Arif Novruzov da çıxış edərək, öz tövsiyələrini vermişlər.
Hesabat yığıncağında söylənən təklif və qeydlər nəzərə alınaraq müvafiq qərar qəbul olunmuşdur.
Yığıncaq iştirakçıları respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etmişlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.