"“Krediti ödəməyəni həbs edirlər” deməklə banklar xof yaratmaq istəyir"
14-03-2016, 21:59
“Bu gün saat 16.00-da Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə bankdan kredit götürmüş müştərinin zaminin həbsinə dair şikayətə baxıldı. Hakim şikayəti təmin etmədi və vətəndaşı həbsdə saxladı”.
Modern.az saytının verdiyi xəbərə görə, bu haqda “Antikollektor” MMC-nin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Ə.Həsənov qeyd edib ki, Rabitəbank-ın ilk qaranquş olması təsadüf deyil, banklar düşünülmüş hücuma keçib:
“İclasda Rabitəbank-ın da iki nümayəndəsi iştirak edirdi. Belə başa düşdüm ki, hüquqşünas deyildilər. Çünki mənim çıxışıma heç bir hüquqi arqument gətrimədilər. Elə sadəcə dedilər ki, həbs düzgündür və qüvvədə qalmalıdır. Onlar həmçinin dedilər ki, əslində vətəndaş işləyir və 300 manat maaş alır. Vətəndaş kişi kimi, mərdi-mərdanə bunu etiraf etdi və dedi ki, “Min bir gecə” restoranında qeyri-rəsmi işləyir və 300 manat alır. Mən bunu bilmirdim, çünki həbs edilən vətəndaşın özünü yalnız iclasda gördüm. Bununla belə, hakimin diqqətinə çatdırdım ki, əvvəla, Səbail Məhkəməsinin qərarında vətəndaşın işsiz olması göstərilib və biz burada həmin qərarın qanuniliyinə qiymət”.
Hüquqşünas bildirib ki, nə icra məmuru, nə də Səbail rayon Məhkəməsi vətəndaşın işləməsi haqda rəsmi qeyd edib:
“Digər tərəfdən, işləyirsə belə, onda qeyri-rəsmi işləyir və buna artıq ayrıca qiymət verilməlidir (görəsən “Min bir gecə”nin rəhbərliyi vətəndaşı niyə qeyri-rəsmi işlədir?), qeyri-rəsmi işləmək sübut deyil. Nəhayət, vətəndaş 300 manat alırsa belə, heç nə ödəməli deyil, çünki özünün və himayəsində olan şəxslərin yaşayış minimumu 526 manatdır.
Lakin hakim mənim nə əvvəlki, nə də sonrakı arqumentlərimə qiymət verdi, heç cəhd də etmədi buna. Heç yerindən qalxmamış, müşavirə etməmiş dedi ki, qüvvədə saxlayır. Həbs edilən vətəndaşın ailəsi Avropa Məhkəməsinə şikayət etmək istəyir. Ümid edirəm ki, fikirlərindən daşınmayacaqlar.
Görünən odur ki, Rabitəbank sinəsini təsadüfən irəli verməyib. Dediyim kimi, onun rəhbəri Zakir Nuriyev Banklar Assosiasiyasının da prezidentidir. Ehtimal edirəm ki, banklar əhalini qorxutmaq istəyirlər ki, gördünüz, hüquqşünaslar düz demir, borca görə həbs etmək olar vətəndaşı. Məqsəd xof yaratmaqdır. Əlbəttə, banklar bununla əhalinin ciddi narazılığına səbəb olmalarını, dövlətçiliyimizi sarsıtmalarının fərqində deyillər. Ölkəmizin beynəlxalq imici də onları narahat etmir.
Bu vəziyyətdə nə etməli? Yəqin ki, bu qərardan sonra banklar həmləni gücləndirəcək, belə qərarların sayı artacaq. Buna görə də yalnız bir çıxış yolu var: belə qərarlardan kütləvi şəkildə Avropa Məhkəməsinə müraciət etmək. Bu halda Avropa Məhkəməsi məsələyə münasibətini tez bildirəcək və bu təhlükəli presedentin kökü kəsiləcək. Mən özüm və “Antikollektor” bu işdə vətəndaşlara daim pulsuz yardım etməyə hazırıq. Buna görə də bu cür həbslər barədə bizə dərhal xəbər verməyi xahiş edirəm. Hər şey hələ indi başlanır”.