"Air Astana" aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib

24-03-2025, 08:16           
"Air Astana" aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib
"Air Astana" aviaşirkətinin Tbilisi - Almatı marşrutu üzrə uçuş yerinə yetirən "Airbus A321" tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi olub.

Bu barədə məlumatı hava limanının Mətbuat Xidməti yayıb.

Məlumata əsasən, müraciətdən dərhal sonra böhran idarəetmə komandası səfərbər edilib, yerüstü xidmətlər operativ şəkildə koordinasiya olunub və bütün təhlükəsizlik tədbirləri görülüb. Təyyarə yerli vaxtla 00:25-də uğurla eniş edib.

Qeyd olunub ki, sərnişinə dərhal tibbi yardım göstərilib və o, daha ətraflı müayinə üçün təcili yardım briqadasına təhvil verilərək şəhər xəstəxanalarından birinə çatdırılıb.

"Eyni zamanda, "Air Astana" aviaşirkətinin qərarı ilə reysin təyinat nöqtəsinə yola salınması təxirə salınıb. Digər sərnişinlər hotelə yerləşdirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə hallara çevik və peşəkar reaksiya vermək, sərnişinlərin təhlükəsizliyini ən yüksək standartlarla təmin etmək öhdəliyini davam etdirir", - məlumatda deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.