VƏHHABİLƏR AZƏRBAYCANIN RAYONLARINA DA AYAQ AÇIB - ARTIBLAR
23-06-2017, 08:22
Şahin Həsənli: "Mümkündür ki, onlar hansısa bölgədə, xırda ərazilərdə boşluqlardan istifadə edib, nüfuz etməyə çalışsınlar"
"Vəhhabilər istənilən ölkədə, o cümlədən Azərbaycanda öz təsir dairələrini genişləndirməyə cəhd göstərirlər”.
Bunu Sherg.az-a Azərbaycanın rayonlarında vəhhabilərin artmasına münasibət bildirərkən ilahiyyatçı hacı Şahin Həsənli deyib.
O bildirib ki, Azərbaycanda onların cəhdləri əsasən uğursuz alınır:
"Çünki Azərbaycan xalqı ümumiyyətlə radikal düşüncələrə meylli xalq deyil. Azərbaycanlıların dini dünya görüşünə xas xüsusiyyət ürfani xüsusiyyətdir. Ona görə də radikal düşüncələr Azərbaycan xalqı arasında geniş vüsət almır. Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz müsəlmanları İdarəsi uzun müddətdir birgə gərgin fəaliyyəti nəticəsində radikal cərəyanlara qoşulanların sayı kəskin azalıb. Bunun qarşısını almaq üçün maarifləndirmə, cərəyanların mahiyyəti haqqında insanların xəbərdar edilməsi sahəsində illərlə aparılan gərgin işin nəticəsidir ki, həmin cərəyanlara qoşulan insanların sayı azalıb.
Bütün bunlara baxmayaraq, mümkündür ki, onlar hansısa bölgədə, xırda ərazilərdə boşluqlardan istifadə edib, nüfuz etməyə çalışsınlar.
Hesab etmirəm ki, cərəyanlardan ciddi təhlükə yarana bilsin. Amma hər halda cəmiyyət bu məsələdə hazırda həssaslıq nümayiş etdirir deyə, bundan sonra da eyni münasibəti göstərəcəkdir. Həmin məsələdə həm də din xadimlərinin üzərinə məsuliyyət düşür. İnsanların dini maarifləndirilməsi sahəsində işləri ciddi şəkildə davam etdirməliyik.
Çünki radikallıq savadsız mühitdə inkişaf edir. Maarifləndirmə işi aparsaq, radikallıq və radikal cərəyanlar meydan sulaya bilməz”.