Ağsuda pulunu ver əskər getmə- komisarın buna fərasəti çatır

29-04-2015, 16:59           
Ağsuda pulunu ver əskər getmə- komisarın buna fərasəti çatır
Elməddin Cəfərov çağırışçılar qarşısında hansı «tələb»i irəli sürür?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağsu rayon şöbəsində son zamanlar bir sıra neqativ hallara, ciddi nöqsanlara yol verilir. Bu barədə əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən məlumatlı şəxsin sözlərinə görə, SHXÇDX-nin Ağsu rayon şöbəsinin rəisi mayor Elməddin Cəfərov üzərinə düşən işi layiqincə icra etməkdə çətinlik çəkir.

Elə bu səbəbdən də xidmətin Ağsu rayon şöbəsində bir sıra xoşagəlməz halların yaşandığını iddia edən mənbə bildirir ki, Elməddin Cəfərov hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işini əməlli-başlı biznes fəaliyyətinə çevirib: «Bu gün Ağsu rayonunda sağlam çağırışçıların müxtəlif yollarla ordudan yayındırılması hallarına kifayət qədər çox rast gəlmək olur. Burada baş verən qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Şübhəsiz belə hallar yalnız Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisinin razılığı ilə yarana bilər. Bildiyiniz kimi, bu gün ölkədə rüşvət və korrupsiyaya qarşı çox ciddi mübarizə gedir. Lakin buna baxmayaraq, Elməddin Cəfərov bəzi üsullarla gəlirlərini artırmağa nail olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin digər səlahiyyətli əməkdaşları da bu istiqamətdə fəaliyyətlərini xeyli genişləndiriblər. Buna görə də Ağsu qeydiyyatında olan əksər şəxslər sağlam olduqları halda Elməddin Cəfərovla dil taparaq həqiqi hərbi xidmətdən yayınmağı bacarırlar. Odur ki, hazırda Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsində hərbi bilet əldə etmək, sağlam gənclərin həqiqi hərbi xidmətdən uzaqlaşdırılması o qədər də çətin məsələ deyil. Bunun üçün sadəcə irəli sürülən «tələb»lərə əməl etmək kifayətdir».

Sözsüz müharibə vəziyyətində olan ölkənin hər bir dövlət, eyni zamanda özəl qurumu, əsasən də hərbi çağırış sistemi saat mexanizmi kimi dəqiq işləməlidir. Odur ki, hərbi sahə ilə bağlı müvafiq orqanlar, xüsusən də Səfərbərlik Xidməti ikiqat məsuliyyətli olmalıdır. Əfsuslar olsun ki, mayor Elməddin Cəfərovun rəhbərlik etdiyi SHXÇDX-nin Ağsu rayon şöbəsinin bəzi əməkdaşları öz işinə məsuliyyətsiz yanaşır, səhlənkarlıq edir, bəzi hallarda isə cinayət tərkibli əməllərə yol verirlər. Bu isə öz növbəsində, ölkənin təhlükəsizliyinə, milli maraqlarımıza ciddi xələl gətirir...

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.