Sumqayıtın icra başçısı haqqında ilginc faktlar yayıldı... - Başçı nəynən dolanır...
30-04-2015, 15:40
Müxtəlif vəzifələrdə təmsil olunan məmurlar daim öz sadə hərəkətləri ilə seçilməli və bu davranışları ilə digərlərinə nümunə olmalıdır. Təəssüf ki, ölkəmizdə bəzi dövlət məmurları özlərini yuxarıdan apararaq xalqa qarşı aqressiv münasibət göstərirlər. Halbuki, onların bir hissəsi məhz xalqdan mənimsədikləri pullarla özlərinə geniş imkanlar yaradıblar.
Qeyd edək ki, prezident cənab İlham Əliyev dəfələrlə məmurlara özlərini sadə aparmaları, vətəndaşlarla normal münasibət saxlamaları barədə ciddi xəbərdarlıq edib. Bir sıra vəzifəli şəxslər ölkə başçısının tənqidlərindən nəticə çıxarsa da, bəzi məmurlar hələ də zadəganlara, oliqarxlara xas həyat tərzini davam etdirirlər. Xarici ölkələrin təcrübəsinə nəzər salanda görürük ki, əksər ölkələrdə ayrı-ayrı vəzifələri tutan dövlət məmurlarının var-dövləti yoxdur. Bizdə isə əksinədir, bəzi məmurlar bir evə sığmır, hektarlarla torpaq sahəsini zəbt edərək böyük qəsr tikdirir, həyətində zoopark yaradır və sair. Əslində, bu, görməmişlikdir. Prezident hansısa şəxsi vəzifəyə qoyanda ona şəffaf işləməyi və xalqa xidmət etməyi tapşırır. Amma məmurların bir neçəsi vəzifəyə qoyulan kimi ilk növbədə, özünün və yaxın qohumlarının maddi vəziyyətini səhmana salmaq haqda fikirləşir. Vətəndaşları narahat edən məsələlərin həlli isə yaddan çıxır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla bağlı da qulağa xoş səslənməyən məlumatlar yayılmaqdadır. Bir neçə il əvvəl Gəncədən ölkənin digər böyük şəhəri olan Sumqayıta transfer olan məmur geridə qalan müddət ərzində bir sıra qanundan kənar işlərə imza atıb ki, bunun da nəticəsində ölkənin ən varlı məmurlarından birinə çevrilməyi bacarıb. Yaxın keçmişə ekskurs etsək görərik ki, Eldar Əzizov Sumqayıta icra başçısı təyin edilən kimi onlarla iş adamının çörəyinə bais oldu. Belə ki, başçının göstərişi ilə şəhər ərazisində yol qırağında, daha dəqiq desək, ticarət üçün əlverişli yerlərdə tikilən obyektlərin bir hissəsi buldozerin qabağına verildi. Səbəb kimi həmin obyektlərin tikinti sənədlərinin qaydasında olmadığı göstərildi. Başqa sözlə desək, Eldar Əzizov şəhərin keçmiş rəhbərliyinin dövründə tikilmiş bəzi ticarət obyektlərinə məqsədli şəkildə savaş elan etdi. Nəhayətdə, onlarla ailənin çörək yeri kəsildi və Sumqayıtda sahibkarlığın inkişafına əngəl yaradıldı. Ən dəhşətlisi odur ki, sonradan sökülən obyektlərin yeri icra başçısı ilə dostluq münasibətlərinə malik olan iş adamı Aslan Abbasov tərəfindən alındı və yeni obyektlərin təməli qoyuldu. Ümumiyyətlə, Eldar Əzizov Sumqayıta başçı keçəndən sonra şəhərdə hündürmərtəbəli binaların tikintisi lə məşğul olan iş adamı Aslan Abbasovun vəziyyəti bir xeyli yaxşılaşıb. Bizə çatan məlumatlara görə, iş adamı əgər əvvəllər hansısa torpaq sahəsini almaq istəyirdisə, bir neçə mərhələdən keçməli imiş. Lakin bu gün Aslan Abbasovun Eldar Əzizovla yaxın əlaqələri ona işini birbaşa başçı ilə həll etmək imkanı verir. Və beləcə, iş adamı şəhərin mərkəzi hissələrində ürəyinə yatan torpaq sahələrini maneəsiz-filansız alaraq müxtəlif tikinti layihələrini həyata keçirir. Bayaq qeyd etdik ki, Eldar Əzizov həm Gəncədə, həm də Sumqayıtda işlədiyi müddətdə özünə böyük maliyyə kapitalı toplamağı bacarıb. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, məmurlar arasında ən yaxşı şəraitdə yaşayan şəxslərdən biri də məhz Sumqayıtın rəhbəridir. Özəl mənbələrin dediyinə görə, Eldar Əzizovun şəhərin mərkəzində bir neçə bahalı mənzili var: "Amma icra başçısı daha çox Nərimanov rayonu ərazisində yerləşən "Şəhər Bağları" yaşayış kompleksindəki mənzilində yaşayır. Britaniyanın bütün dünyada tanınan ATKINS şirkəti tərəfindən inşa olunan "Şəhər Bağları" yaşayış kompleksində ölkənin elit təbəqəsinə aid olan insanlar yaşayır. Onların arasında bəzi nazirlər, icra başçıları, nazir müavinləri, komitə sədrləri və biznesmenlər var. "Şəhər Bağları"nda xüsusi inşa edilən idman-əyləncə kompleksinə daxil olan 250 nəfərlik böyük tədbir zalı, solyariya və SPA ilə təchiz olunmuş qapalı hovuz, trenajor zalı, aerobika zalı, 8 nəfərlik kinoteatr, futbol, basketbol və voleybol meydançaları, bilyard və boulinq zalı sakinlərə xidmət göstərir. Biznes-klas yaşayış standartlarına uyğun olaraq hər mənzil üçün 2 maşınlıq yeraltı dayanacaq və açıq tipli qonaq avtomobil dayanacağı ayrılıb. "Şəhər Bağları" yaşayış kompleksinin yüksək səviyyədə idarə edilməsi BƏƏ-nin aparıcı hotellərində təlim keçmiş Xüsusi Təlim Xidməti tərəfindən həyata keçirilir. Kompleksdə mənzillərin qiyməti milyonlara bərabərdir. Maraqlıdır, görəsən, Eldar müəllim burdakı mənzilini hansı pulla əldə edib. Axı onun icra başçısı vəzifəsindən aldığı maaş aylıq dolanışığını qarşılamağa güclə bəs edir. Bundan başqa, icra hakiminin paytaxtın Nizami rayonu ərazisində, daha dəqiq desəm, Azərsutikinti xəstəxanasının yaxınlığında böyük imarəti var. Deyilənə görə, topdağıtmaz imarətin tikintisində istifadə olunan tikinti materiallarının hamısı xaricdən gətirilib və buranın başa gəlməsinə külli miqdarda vəsait sərf edilib. Eldar Əzizov yay aylarında daha çox bu imarətində qalmağa üstünlük verir. Onun oğlunun da bu ərazidə dəbdəbəli villası var. Həmçinin eşitdiyimə görə, adıçəkilən məmurun Bakının mərkəzi hissələrində bir neçə brend məhsulların satıldığı dükanları fəaliyyət göstərir. Həmin dükanların baha qiymətə aylıq icarəyə verildiyi bildirilir. Bunlar icra başçısının mənə məlum olan sərvətidir. Yayılan məlumata görə, onun xarici ölkələrdən birində mülkləri, offşor zonalardakı banklarda hesabları və biznesi var". Biz həmişə demişik, bir daha demək istəyirik ki, heç bir məmurun pulunda, sərvətində gözümüz yoxdur. Bizi maraqlandıran həmin məmurların bu qədər maliyyə kapitalını hansı pullarla yığmasıdır. Fikrimizcə, nə Eldar Əzizov, nə də başqa məmurlar aylıq vəzifə maaşı ilə milyonluq mülklərə, bahalı maşınlara, ticarət köşklərinə sahib çıxa bilməzlər. Burdan belə nəticəyə gəlmək olar ki, Sumqayıtın icra başçısı maliyyə sərvətini dövlətin büdcəsinə vurduğu ziyanın hesabına toplayıb. Əgər belədirsə, əlaqədar dövlət qurumları Eldar Əzizovun Gəncədə işlədiyi illərdən indiyə kimi olan fəaliyyətini hərtərəfli araşdırıb onun imza atdığı qanun pozuntularını aşkara çıxarmalıdır.