Neftçalada səhiyyə adına yoxa çıxan 3 milyon manat
1-05-2015, 16:17
Baş həkim Telman Zahidov günahı icra başçısının üzərinə atır Neftçala Mərkəzi Xəmtəxanasının təmiri, yenidənqurma işləri, ərzaq və dərmanla təhciz edilməsi üçün ayrılmış 3 milyon manat vəsaitlə bağlı ciddi müəmma ortaya çıxıb. Demokratiya.info xəbər verir ki, bu müəmmaya səbəb həmin pulun müqabilində xəstəxanada tutarlı işlərin görülməməsidir. Məlumatda deyilir ki, rayonun baş həkimi Telman Zahidov öz əməlləri ilə ad çıxarmış şəxslərdən sayılır. İddia edilir ki, sözügedən şəxs işçilərindən aylıq pul yığmaqdan tutmuş, apteklərə xəstəxananın dərmanlarını satmağa qədər bütün işlərə əl qoyub. Yəni, hamısı onun nəzarəti altında həyata keçirilir.
Neftçalada xəstələrdən pul alıb, müalicə edilməsi də qeyri-adi hadisə sayılmır. Demokratiya.info-nun araşdırmasına görə, hələ 2011-ci ildə Telman Zahidov xəstəxanada təmir işlərinin aparılması və bəzi avadanlıqların alınması üçün ayrılmış 3 milyon manatı mənimsəyib. Daha doğrusu, iddia olunur ki, görülən işlər və həyata keçirilən alış-verişin bu qədər vəsait etməsi mümkünsüz görünür. Qeyd olunur ki, təkcə 2011-ci ildə bir neçə şirkət xəstəxana ilə bağlı elan olunmuş tenderdə iştirak edib. Bu şirkətlərin içərisində isə "Delta Təmir Tikinti Müəssisəsi", "Xoşbəxt" MMC, "Camaşır" MMC, "Ağakərim və Bayram" MMC, "Şəlalə" MMC, "Qaraş" MMC və s. var. Bu tenderlər Maliyyə Nazirliyi və digər aidiyyəti qurumların nəzrəti ilə keçirlsə də, təmirlə bağlı bütün sənədlərə məhz Telman Zahidov imza ataraq xəstəxananı təhvil alıb.
Məlumata görə, 2011-ci ildə elan olunmuş tenderlər çərçivəsində xəstəxana ilə bağlı 2719097 manatdan çox vəsait xərclənib. Həmin xərclərin isə fiziki şəxslərin adına yazıldığı iddia olunur. Lakin həmin fiziki şəxslər məhz baş həkimin yaxın adamlarıdır. Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov isə nə 3 milyon manat gördüyünü, nə də özünü günahkar qismində görmədiyini qeyd edir. Baş həkim sadəcə, bütün məsuliyyəti Neftçala İcra Hakimiyyətinin üzərinə atmaqda, yaxasını kənara çəkir. Və deyir: «Tenderlər elan olunubsa, nəinki 3 milyon, 5 milyon manat da vəsait xərclənə bilər. Bu məsələ ilə bağlı Maliyyə Nazirliyinə və rayon İcra Hakimiyyətinə müraciət edilsə, yaxşı olar. Çünki tenderlərə nəzarəti məhz onlar həyata keçirir».