Günay Xəlilova Sabirabadda Periental Mərkəzin necə baş həkimi təyin olunub - Baş həkiminin «doğuş biznesi»
4-05-2015, 15:02
Mərkəzi Aran bölgəsinin ən böyük Periental Mərkəzi Sabirabad rayonunda yerləşir. Bu mərkəzdə ətraf 5 rayonun doğuşları qəbul olunur. teref.az dia.aza istinadən xəbər verir ki, daxil olan məlumata əsasən burada rayonlardan gətirilən xəstələrdən ilkin «ödəniş» alınır. Xəstə yaxınları deyirlər ki, mərkəzə xəstə qəbulu ilə bağlı şərtlər, həm də rüşvətin «stavkası»nı dəyişir, Məsələn hamiləlik dövründə Sabirabaddakı xəstəxanada müayinə edilməyənlərdən, əlavə xəstəlik tarixçəsi üçün pul istənilir. Həm də həkimlər bunu ödəniş kimi kassaya keçirdiklərini deyirlər.
Saatlı rayonundan olan adının çəkilməsini istəməyən xəstə yaxınları deyirlər ki, rüşvəti onlardan ödəniş adı ilə alırlar. Etiraz edənlərə isə baş həkim Əziz Mikayılovun göstərişinin olduğunu bildirirlər. Hətta narazılıq edənlərə deyirlər ki, rayonda yeni xəstəxana binası tikilir. Tikinti işləri yarımçıq qaldığına görə, toplanan «ödənişlər» də tikintinin davam etdirilməsi üçün sərf olunur. Sabirabadda yerləşən Periental Mərkəzin baş həkimi isə Günay Xəlilova da narazılara əzbərlik cavabları verir. Qeyd edək ki, Tibb Universitetinin məzunu olan Günay Xəlilova bu vəzifəsinə qədər heç bir yerdə yüksək həkim postu daşımayıb. Onun atası 2005-ci ildə Sabirabad 63 saylı seçki dairəsindən deputatlığa namizəd olub. Və həmin seçkilərdə külli miqdarda pul xərcləyən imkanlı şəxs kimi ad çıxarıb. Söhbət Mirzəcan Xəlilovdan gedir ki, bu şəxs də «Azərsu» Açıq Səhmdar Cəmiyyətində yüksək vəzifədə işləyir. Məlumatlara əsasən baş həkim Əziz Mikayılovla Günay Xəlilovanın atası Mirzəcan Xəlilov arasında hətta biznes ortaqlığı da var. Onların Kür çayının sahilində bir neçə şadlıq evi və restoranlarının olduğu söylənilir.
Yeri gəlmişkən qeyd edək ki, ötən ilin mayın 23-də Sabirabad Periental Mərkəzinin baş həkimi Vüsal Məmmədov rüşvət alan zaman videosu yayılmışdı. Sonradan Vüsal Məmmədov Səhiyyə Nazirliyinin qərarı ilə işindən azad edildi. Və artıq 1 ilə yaxındır ki, Günay Xəlilova həmin mərkəzə rəhbərlik edir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.