Təhsil Nazirinin nəzərinə:Xırdalanın 2 saylı məktəbində yığım: - Direktor “Range Rover”in kreditini şagirdlərdən çıxarır
6-05-2015, 22:25
Xırdalan şəhərinin 2 saylı orta məktəbində pul yığımı başlanıb.
Bu barədə TİA.AZ- verilən məlumatda bildirilir ki, atestat üçün 20 manat, təmir işlərinə 6 manat tələb olunur. Təhsil ocağının direktoru olan Ədalət xanım isə bu göstərişin arxasında dayanır, onun tapşırığı ilə şagirdlərdən pul yığılır. Şikayətçi valideynlər deyirlər ki, məkktəb direktorunun adı Ədalət olsa da, heç də ədalətli fəaliyyət göstərmir. Onların sözlərinə görə, xanım direktor məktəbdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və s. ad altında mütəmadi olaraq rüşvət kampaniyasını həyata keçirir. 2 saylı məktəbdə rüşvət yığımı zəncirvari qaydada təşkil olunur. İbtidaidən aliyə doğru bu proses məktəb rəhbərliyi tərəfindən tam təkmilləşdirilib. Hətta məktəbin kollektivi direktorun kredit ödənişlərinə cəlb olunub. Ədalət xanım bir müddət əvvəl bank krediti yolu ilə özünə “Range Rover” markalı avtomobil alıb. Kredit üzrə hər növbəti aylıq ödəməni həyata keçirmək üçün məktəbin bütün siniflərindən əlavə, yəni yuxarıda qeyd olunmuş “maliyyə zəncirinə” aid olmayan pul yığımları həyata keçirilir. TİA.AZ-ın elektron poçtunda göndərilən məktubda da deyilir ki, məktəb direktoru atestat üçün 20 manat, təmir işlərinə 6 manat tələb edir.