İcra başçısı rayonu talayır - Bərdədə

7-05-2015, 16:38           
İcra başçısı rayonu talayır - Bərdədə
Bərdənin icra başçısı oğluna 100.000 manatlıq çayxana, kürəkəninə 100 kv.m-lik dükan tikdirir...

Bərdənin icra başçısı Vidadi İsayevin rayonda gestapo rejimi yaratmaqla yanaşı, həm də yaxın qohum-əqrabasına geniş şərait yaratmaqla məşğuldur. İcra başçısı rayonda ümumi sahəsi 36 hektar olan Heydər Əliyev Parkı inşa etdirir. Daha doğrusu, dövlət büdcəsindən bu parkın salınmasına milyonlarla vəsait ayrılıb. Lakin bütün buna baxmayaraq, icra başçısı camaatın boynuna minnət qoyur ki, guya, bu işləri öz şəxsi imkanları hesabına həyata keçirir. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, dövlət büdcəsindən pul ayrılmasına baxmayaraq, Vidadi İsayev rayondakı bütün məmurlardan həmin parkın tikintisi üçün 10 min manat pul tələb edir.

Adını isə belə qoyub: «Ulu Öndərin adına park tikdirirəm və hamı bu işdə maddi yardım etməlidir». Məlumatlara görə, Vidadi İsayevin bu hərəkətlərinə etiraz edə bilməyən məmurlar da məcburiyyət qarşısında qalaraq, borca, faizə və kreditə pul götürərək icra başçısının tələbini yerinə yetirirlər. Elə bu səbəbdəndir ki, onların əksəriyyəti borc içində boğulurlar. Amma işin qəribə tərəfləri də çoxdur. Belə ki, icra başçısı həmin parkda oğlu üçün dəyəri 100 min manat olan «Ana və Uşaq» kafesi inşa etdirir. Bu kafenin tikilib başa gəlməsi üçün bütün məmurları sıxışdıran Vidadi İsayev qarşı çıxanları sərt şəkildə cəzalandıracaını deyib.

Amma İsayev təkcə oğlunu deyil, kürəkənini də yaddan çıxarmayıb. Belə ki, o, bir müddət əvvəl tikilərək istifadəyə verilmiş Qaçqın Şəhərciyində kürəkəni üçün ümumi sahəsi 100 kv.metr olan dükan tikdirir. Halbuki qanunla Qaçqın Şəhərciyində belə obyektlərin inşa edilməsi nəzərdə tutulmayıb və qismən qadağan hesab edilir. Maraqlıdır ki, bir müddət əvvəl Bərdə rayonunda Qarabağ qazisi ehtiyac üzündən özünü yandıraraq, həyatına qəsd etmişdi.İcra başçısı kürəkəninə və oğluna bu qədər pulu tapa bildiyi halda, o zavallı Qarabağ qazisi üçün niyə heç nə etməyib? Onun bu qədər pulu hardan əldə etdiyi də kifayət qədər müəmmalıdır.

Bərdə rayonunda tikilən Heydər Əliyev Parkında işləyənlərin də kateqoriyası kifayət qədər fərqlidir. Vidadi İsayev bu məsələdə də şəxsi maraqlarını güdüb. Belə ki, o, həmin parkda əsasən idarə və müəssisə rəhbərlərini işlətməklə məşğuldur. Məsələn, hazırda həmin parkda çalışan fəhlələrdən cəmii 2-3-ü aylıq maaş müqabilində işləyir. Yerdə qalanları isə idarə və müəssisələrin işçiləridir. Politika.az-ın məlumatına görə, Vidadi İsayevin tapşırığına əsasən hər bir idarə və müəssisə rəhbəri hər gün 10 nəfər işçisini parkda işləməyə göndərməlidir. Biabırçı vəziyyət odur ki, bu parkın inşasında həkimi, müəllimi, fəhləni və hər kəsi görmək mümkündür. Vidadi İsayevin Bərdədə yaratdığı vəziyyətin bir başqa nümunəsi isə onun bu yaxınlarda tutduğu işdir. Qəzetimizə verilən məlumata görə, icra başçısı nazirliyin öz yerli nümayəndəsinə verdiyi xidməti avtomobili onun əlindən alıb. Həmin maşın isə icra başçısının Yevlaxda Arxiv İdarəsinin müdiri işləyən həyat yoldaşını işə aparıb-gətirməklə məşğuldur. Bərdənin icra başçısının gəlir mənbəyi kimi isə büdcə vəsaitləri göstərilir. Məlumatlara görə, Vidadi İsayev təkcə ötən il milyonlarla manat dövlət pulunu şəxsi məqsədlərinə sərf edib. Məsələn, onun dəftərxana ləvazimatlarının satın alınması adı altında büdcədən ayrılmış 8190 manatı hara xərclədiyini özündən başqa kimsə bilmir.

Bərk inventarların satın alınması üçün ayrılmış 11250 manatın da aqibəti məlum deyil. Həmçinin ehtiyat hissələrinin satın alınması məqsədi ilə ayrılmış 3150 manat və sair xərclər maddəsi uzrə malların (işlərin və xidmətlərin) satın alınmasıı üçün ayrılmış 2160 manat da icra başçısının zavalına gəlib. Maraqlıdır ki, bu pul silmə əməliyyatlarının böyük qismi «Təchizat BCS» MMC şirkətinin əliylə həyata keçirilib. Bərdədə təkcə Vidadi İsayev problemi deyil, həmçinin onun köməkçisi Zaur Bəylərovun yaratdığı dəhşətli vəziyyət də hakimdir. Belə ki, icra başçısının köməkçisi məmurların, hətta vətəndaşların da gününü qara edib.

O, həftənin bütün günü (icra başçısının işdə olub olmamasından asılı olmayaraq) işdə oturub, başçının xidməti telefonundan məmurlara zəng edərək, özü üçün pul tələb edir. Z.Bəylərov hətta icra başçısının qəbuluna gəlib, köməklik istəyən vətəndaşlardan da problemlərini həll edəcəyi adı ilə 50 manat pul tələb edir. P.S. İcra başçısının daha bir «təqdirəlayiq» işi Yevlax rayonun da qeydə alınıb. Rayon sakinlərin verdiyi məlumatlara görə Vidadi İsayevin Yevlax rayonunda inşa etdiyi villanın həyətyanı sahəsi onu qane etmədiyindən qonşuların evini satın almaq eşqinə düşüb. Lakin icra başçısının bu addımı böyük narazılıqla qarşılanıb. Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.