Bakı Neft-Energetika Kollecində imtahanlar bahalaşıb

12-05-2015, 10:17           
Bakı Neft-Energetika Kollecində imtahanlar bahalaşıb
Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bu gün Bakı Neft-Energetika Kollecində təhsilin keyfiyyətini aşağı salan neqativ hallar müşahidə olunmaqdadır. Məlum olduğu kimi Təhsil Nazirliyinin tabeliyində olan bu kollecdə mühasibat uçotu, menecment, gömrük işi, neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı, neft və qaz yataqlarının istismarı, neft və qaz emalı, elektrik stansiyalarının və yarımstansiyaların elektrik avadanlıqlarının quraşdırılması, elektrik təchizatı, elektrik maşınlar və avadanlıqları, istilik energetik qurğuları, yol hərəkətinin təşkili, avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasları tədris olunur. Mənbələr xəbər verir ki, Mehman Abduləzizovun rəhbərlik etdiyi bu kollecdə təhsil alan tələbələr bütün imtahanlara “xüsusi proqram” əsasında hazırlaşırlar. Bizə təqdim olunan məlumatlarda belə bir fakt da vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən abu-hava öz gərginliyi ilə diqqəti cəlb edir. Hal-hazırda isə növbəti yay imtahan sessiyasını “uğurla başa vurmaq” üçün hər tələbədən 400 manat məbləğində pul tələb olunur. Pulsuz imtahana gəlmək, avtomatik kəsilmək deməkdir. Qəzetimizin ötən saylarında biz dəfələrlə şəhər və rayonlarımızda fəaliyyət göstərən kolleclərin bir çoxunda kök salmış neqativ hallardan bəhs edən tənqidi məqalələr dərc etmişik. Həmin yazılarda biz hər dəfə belə bir fikri də xüsusi olaraq vurğulamışıq ki, kollec sistemi təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsidir. Məhz elə bu səbəbdən də bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Bununla belə hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur. Aldığımız məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, Bakı Neft-Energetika Kollecinin direktoru da məhz bu kadrlardandır. Mənbələrin iddialarına görə Mehman Abduləzizovun yol verdiyi özbaşnalıqlar və qanun pozuntuları hətta Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırılır. Kollecdən aldığımız məktublardan birində oxuyuruq: “Mehman müəllim kolleci dövlətin qanunları ilə yox, özünün qoyduğu qaydalar əsasında idarə edir. Burada tələbələrin təhsil almaq həvəsləri məqsədyönlü şəkildə boğulur. Hər imtahan öncəsi ixtisas rəhbərləri onları öz otağına yığır və deyir ki, filan imtahanın qiyməti bu qədərdir. Tələbə məcburdur, borc-xərc edib imtahanların pulunu tapsın. Bundan başqa, məlum olduğu kimi kollecə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Lakin bizim direktorun qeyri-qanuni əməlləri sayəsində hər il 50-yə yaxın tələbə bura testdən kənar daxil olur. Komissiyanın siyahısı ilə kollecə daxil olanların adları tutuşdurulsa, bu qanunsuzluqlar üzə çıxacaq.” Belə çıxır ki, həmin tələbələrə verilən diplomlar da saxta sayılmalıdır. Məlumatlarda həmçinin qeyd olunur ki, Bakı Neft-Energetika Kolleci 2012-ci ildə Təhsil Nazirliyinin Akkreditasiya Şurasından keçə bilməmişdi. Buna səbəb kimi isə kollecdə yer almış özbaşınalıqlar və korrupsiya halları göstərilirdi. Təbii ki, bütün bu neqativ hallar ilk növbədə Neft-Energetika Kollecində təhsilin səviyyəsinin aşağı düşməsində özünü göstərir. Bu isə öz növbəsində, Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayemizin yüksək ixtisaslı kadrlarla təminatı məsələsində ciddi problemlər yarada bilər...

Qarşı tərəfi də dinləməyə hazırıq.
Bizim Dövr












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.