İmişlidə “yaşıl soyqırım”

17-05-2015, 20:49           
İmişlidə “yaşıl soyqırım”
Rayonun müxtəlif ərazilərində çoxillik ağacların kökündən çıxarılması vətəndaşları hiddətləndirib

Yerli məmurlar və imkanlı şəxslər tənqidlərdən nəticə çıxarmağı bacarmır

Bəzi məmurların və iş adamlarının yaşıllıqlara qarşı sərgilədiyi biganə münasibət ekoloji problemlərin dərinləşməsinə səbəb olub. Son vaxtlar istər Bakıda, istərsə də kənd rayonlarında ağacların kəsilməsi halları artıb. Düzdür, insanların oksigen mənbəyi sayılan ağacları qeyri-qanuni şəkildə kəsən şəxslərə qarşı cəza tədbirləri həyata keçirilir. Buna baxmayaraq, bu sahədəki vəziyyəti hələlik tam qənaətbəxş qiymətləndirmək olmaz. Çünki hələ də bəzi yerli icra hakimiyyəti orqanlarının nümayəndələri yaşıllıq massivlərinin qırılmasına şərait yaradır.

Xatırladaq ki, prezident İlham Əliyev keçən il Nazirlər Kabinetində keçirilən müşavirədə ağac kəsənlərə sərt formada etirazını bildirmişdi. Ölkə başçısı vurğulayıb ki, ekoloji vəziyyətlə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır: “Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya da kəsilə bilər. Ona görə də mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, biabırçılıqdır, cinayətdir”. Təəssüf ki, bəzi icra hakimləri, eləcə də sahibkarlar ölkə başçısının tənqidlərindən sonra da “yaşıl soyqırımı” prosesini davam etdirirlər. İmişli rayonunda da son günlər ağacların kəsilməsi halları artıb. Qeyd edək ki, hələ bir neçə ay əvvəl rayondakı Şəhidlər Xiyabanının ərazisinin hansısa biznesmenə satılması, orda qanunsuz tikinti işlərinin aparılması haqda xəbər yayılmışdı. Sakinlərin etirazından sonra İcra Hakimiyyətinin rəsmiləri Şəhidlər Xiyabanının ərazisindən heç bir hüquqi və ya fiziki şəxsin mülkiyyətinə torpaq sahəsi verilmədiyini açıqlamışdı: “Orada yerli əhalinin ümumi istifadəsində olacaq “Mərasim evi” tikilir. Bu işi isə Yalavac bələdiyyəsi görür”. Yalavac bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov isə tikinti işlərini onların aparmadığını deyib: “Biz Şəhidlər Xiyabanına və qəbiristanlığa nəzarət edirik. “Mərasim evi” ilə bağlı təşəbbüs kənd camaatının ümumi yığıncağında qaldırılıb. Amma obyektin tikintisi üçün torpaq sahəsi verilməsinə dair yerli özünüidarə orqanının qərarı olmayıb. Biz heç belə bir qərar qəbul etmək səlahiyyətində də deyilik. “Mərasim evi”nin xərcini imkanlı bir şəxs öz üzərinə götürüb”. Əhalinin çoxsaylı etirazlarına rəğmən, rayonun ayrı-ayrı küçə və məhəllələrində ağaclar kəsilir. Saytların yazdığına görə, bir neçə gün əvvəl İmişli Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları şəhərin mərkəzindəki parkda olan çoxillik ağacları kütləvi şəkildə kəsib-doğrayıblar: “Bundan hiddətlənən sakinlər məmurlardan bu ağacları niyə kəsdiyini soruşanda RİH əməkdaşlarının cavabı belə olub ki, burada abadlıq işləri aparacaqlar. “Biz çoxillik ağacları kəssək də, yerində yenilərini əkəcəyik. Bunu da rayon sakinləri üçün edirik. Qoy İmişliyə gələn qonaqlar da görsünlər ki, rayonumuz necə uğurla inkişaf edir” – deyə yerli məmurlardan biri bildirib”. Rayon sakinləri isə durumdan narahat olduqlarını deyərək kəsilən ağacların yerində müxtəlif iaşə obyektlərinin tikiləcəyini söyləyirlər: “İmişlidə hər dəfə ağacları kəsəndə belə bəhanələr gətirirlər. Lakin sonradan görürük ki, qırılan yaşıllıqların yerində yeni ağaclar əkilməyib, kimlərsə kommersiya maraqlarına uyğun olaraq ticarət obyekti tikdirib. Təbii ki, bu məsələdə rayon rəhbərliyinin, konkret olaraq icra başçısı Vilyam Hacıyevin üzərinə böyük məsuliyyət düşür. O yaşıllıqların qırılmasına göz yummamalıdır. Görəsən, ağacları kəsən məmurların, imkanlı şəxslərin prezidentin bu cür məsələlərə hansı formada təpki göstərməsindən xəbərləri yoxdur?”. Onu da diqqətinizə çatdırmaq istəyirik ki, bir müddət əvvəl rayonun Tofiq İsmayılov küçəsindəki çoxillik ağaclar da kökündən çıxarılmışdı. Ağacların hansı məqsədlə kəsildiyini dəqiqləşdirmək üçün İmişli RİH-in (02124) 6-60-02 nömrəli əlaqə telefonuna zəng vursaq da, dəstəyi qaldıran olmadı. Ümidvarıq ki, icra başçısı Vilyam Hacıyev ağacları qanunsuz şəkildə kökündən çıxaran şəxslərə qarşı lazımi tədbirlər görəcək.

Yazı ilə bağlı rayon rəhbərliyinin də münasibətini dərc etməyə hazırıq.

Gundelik-Baku.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.