İmişlidə məşəli mühasib alovlandırdı- Kimi aldadırlar, özlərini ya olimpiadanı prioritet sayan dövlət başçısını
18-05-2015, 10:05
İdman adamları mötəbər tədbirdən kənarda qalıb
Aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Atəşgah”da alovlandırılan Avropa Oyunlarının məşəli hazırda ölkə ərazisini dolaşır.
İnsafən yerli icra orqanları və ictimaiyyət nümayəndələri regionlarda keçirilən tədbirlərin yüksək səviyyədə təşkili üçün səy göstərir.
Amma bəzi nöqsanlar da müşahidə edilir.
İmişlidə baş verənləri isə əsil biabırçılıq hesab etmək olar.
infom.az-a yerli mənbələrdən daxil olan məlumata görə məşəl yürüşünə cəlb edilən 10 nəfərin heç biri idmançı olmayıb.
İmişli rayon Gənclər və İdman İdarəsinin rəisi Ceyhun Əbdülov yürüşə iaşə obyektlərində ofsiant, dükanlarda satıcı işləyən həmkəndlilərini, tanışlarını buraxıb.
Bu rayonun tanınmış idman adamları: keçmiş SSRİ çempionu Əlisafa Şükürov, Avropa çempionu, Pekin olimpiadasının iştirakçısı Emin Əzizov, sərbəst güləş üzrə əməkdar məşqçi Qalib Şükürov bu tədbirə dəvət almayıblar.
Meydana toplaşan minlərlə insan Avropa Oyunlarının məşəl estafetini aparanları görəndə təəccüblərini gizlədə bilməyiblər.
Avropa Oyunlarının rəmzi qapısında estafeti qəbul edən və onu meydana gətirib alovlandıran İmişli Şəkər Zavodunun mühasibi Məmməd Abıyev olub.