Milli fəal Əbdüləziz Əzimi Qədim həbsxananın klinikasına yerləşdirilib
19-07-2024, 13:18
Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Əbdüləziz Əzimi Qədimin sağlamlıq vəziyyəti pisləşdiyi üçün dünən, iyulun 17-də o, həbsxananın klinikasına yerləşdirilib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Əbdüləziz Əzimi Qədim fiziki zəiflik və ümumi vəziyyətinin pisləşməsi səbəbindən aclıq aksiyasının 35-ci günündə həbsxana klinikasına köçürülüb və bir neçə saat müalicə alıb.
Azərbaycanlı milli fəal fevralın ilk həftəsində Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Evin həbsxanasındakı Kəşfiyyat İdarəsinin 209 saylı təcridxanasına aparılıb. Həmin tarixdən təhlükəsizlik qüvvələri tərəfindən bir neçə həftəlik sorğu-sualdan sonra o, həbsxananın ümumi bölməsinə köçürülüb və saxlandığı gündən təxminən 5 ay yarımdır ki, həbsdədir.
Əzimi Qədim həbsxananın ümumi bölməsinə köçürüldükdən sonra çoxlu audio faylları göndərərək məhbusların vəziyyəti və onlara qarşı ağır ittihamlar irəli sürülməsi barədə məlumat verib. O, audio fayllarından birində fəalların dindirilməsi zamanı təhlükəsizlik qüvvələrinin işgəncə alətlərindən istifadə edərək milli fəallara işgəncə tətbiq edildiyini açıqlayıb.
O, digər məhbuslarla iyunun 13-də birgə aclığa başlasa da, hələ də aksiyasını davam etdirir və bu, ailəsinin və milli fəalların onun səhhəti ilə bağlı narahatlığına səbəb olub. Bir neçə gün əvvəl 56 azərbaycanlı milli fəal və keçmiş siyasi məhbusların ailə üzvləri Əbdüləziz Əzimi Qədimin həyatını qorumaq üçün ondan aksiyasına son qoymasını xahiş ediblər.
Fəallar fevral ayından bəri qeyri-müəyyən müddətə Evin həbsxanasında saxlanılır. Prokurorluğun onların müvəqqəti azadlığa buraxılmasına razılıq verməsinə baxmayaraq, Tehran İnqilab Məhkəməsinin hakimi Əbülqasım Salavati onların zaminə buraxılmasına mane olur.
Evin həbsxanasında saxlanılan fəallar İranda azərbaycanlıların hüquqları üçün dinc fəaliyyət göstərən fəallar olsa da, işin hakimi onlara qarşı ciddi ittihamlar irəli sürüb.