Dəniz qaraçıları: suda yaşayan xalq
5-10-2024, 07:54
Çinin cənub-şərqində yaşayan bu xalqlar dənizdə, sahildən kənarda ömür sürürlər. Onlar suda üzən platformalarda tikilmiş evlərdə doğulublar və dediklərinə görə, elə həmin evlərdə də vəfat edəcəklər.
Onlar tankalardır və çinlilər tankaları "dəniz qaraçıları" adlandırırlar.
Balıqçılıqla məşğul olan tankalar Çinin cənub-şərqindəki Fuszyan vilayətində, Ninqde şəhərinin sahillərindƏki üzən kənddə məskunlaşıblar.
700-cü ildə, Tan sülaləsinin hakimiyyəti zamanında Çini bürümüş savaşlar və qırğınlardan qurtulmaq üçün dənizə üz tutan balıqçılar bu minvalla ölümdən qaçmağa çalışıblar.
Sonrakı əsrlərdə, ta "Səmaaltı imperiya" Çin Xalq Respublikasına çevrilənə qədər tankalara sahilə ayaq basmaq qəti qadağan edilmişdi.
Onlar dənizdə, üzən evlərdə doğulur, həmin evlərdə toy edir və elə o evlərdə də vəfat edərək dəfn mərasimi ilə haqq dünyasına qovuşurdular.
Fuszyandakı tanka kəndində, çinlilərin "dəniz qaraçılarının məkanı" dedikləri yerdə indi 7 min nəfər yaşayır.
Onlar yalnız tutduqları balıqları satmaq, alver etmək, zəruri məhsul və avadanlıq almaq, sənədləşdirmələr aparmaq, ya da yetişdirdikləri dəniz bitkiləri və canlılarını topdansatış alıcılarına vermək üçün sahilə ayaq basırlar.
Milli.Az