Nizaməddin Quliyevin biznes şəbəkəsi çöküş dövrünə qədəm qoyub

23-06-2015, 15:33           
Nizaməddin Quliyevin biznes şəbəkəsi çöküş dövrünə qədəm qoyub
"Dost qapısı"nda elektrik enerjisindən qanunsuz istifadə edildiyi müəyyənləşib
Ölkəmizdə fəaliyyət göstərən məmurların, müxtəlif vəzifə sahiblərinin, millət vəkillərinin bizneslə məşğul olmaları, həmçinin ikili vəzifə daşımaları qanunla qadağandır. Bu məsələ dəfələrlə müzakirə mövzusuna çevrilib və bəzi deputatlar kəskin iradlarını bildiriblər. "Deputatlar və məmurlar seçim etməlidir: onlar bizneslə məşğul olmaq, zəngin həyat əldə etmək istəyirlərsə, gedib məşğul olsunlar. Bu məhdudiyyət ölkədə maraqların toqquşmasının qarşısını almaq üçün müəyyənləşib". Bu sözləri bir müddət əvvəl millət vəkili Asim Mollazadə deyib.
O bildirib ki, Azərbaycanda deputat və məmurların bizneslə məşğul olmasının qadağan edilməsi məntiqəuyğundur: "Ölkə qanunvericiliyində deputatların və məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır. Bunu qəbul edərkən maraqların konfliktinin qarşısının alınması nəzərə alınıb. Hansısa bizneslə məşğul olan məmur öz təbii olan biznes maraqlarını vəzifəsindən üstün tuta bilər. Ona görə də bu, qəbuledilməzdir. Qaldı ki, onların cinayət məsuliyyətinə cəlb edilməsi variantına, fikrimcə, bundan əvvəl ciddi araşdırma olmalıdır. Hamının qarşısında seçim qoyulmalıdır, ya bizneslə məşğul olun, ya da məmur və ya millət vəkili fəaliyyəti ilə. Bunun üçün müvafiq araşdırmalar aparmaq elə də çətin deyil". Qeyd edək ki, qanunun qadağan etməsinə rəğmən, bəzi məmurlar aktiv biznes fəaliyyəti ilə məşğul olurlar. Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizaməddin Quliyevin də sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə dəfələrlə yerli media orqanlarında məlumat verilib. İcra hakiminin hansı var-dövlətə sahib olması bizim üçün maraqlı deyil. Bizə maraqlı olan dövlət məmurunun qanunların tələbini nəyə görə pozmasıdır. Özəl mənbələrdən aldığımız məlumatlara əsasən, törətdiyi özbaşına əməllərlə Goranboy camaatına əlavə problemlər yaradan icra başçısının özü bu günlərdə çətin durumla üz-üzə qalıb: "Onun Goranboy və ətraf rayonlarda biznes şəbəkəsi yaratması heç kimə sirr deyil. İcra hakimi son illər ərzində rayonun sosial-iqtisadi inkişafı yönündə ayrılan vəsaitlərin mühüm hissəsini şəxsi biznesinin çiçəklənməsinə sərf edib. Maliyyə və audit yoxlaması aparılsa, müxtəlif vaxtlarda həyata keçirilmiş yeyintilər üzə çıxarıla bilər. Hələlik, məmur hansısa qüvvələrin yardımı sayəsində təhlükələr qarşısında manevr etməyi bacarır. Deyəsən, Nizaməddin Quliyev artıq yuxarılardakı dayaqlarını itirmək üzrədir. Belə ki, bir neçə gün əvvəl icra başçısının biznesinin əsasını təşkil edən Naftalan yolundakı "Dost qapısı" restoranının fəaliyyətinə qadağa qoyulub. Buna səbəb obyektin elektrik enerjisinin "levıy" xətdən götürülməsi olub. "Azərişıq ASC-nin əməkdaşlarının apardığı yoxlamalar nəticəsində restoranda elektrik enerjisindən qanunsuz istifadə olunduğu müəyyənləşib. Dərhal cəza tədbirləri həyata keçirilib və restoranın işığı kəsilib. Məsələdən xəbər tutan başçı anındaca olaya müdaxilə edib. Lakin buna baxmayaraq, işıq idarəsinin işçiləri elektirk enerjisinin verilişini bərpa etməyiblər və restoranın rəhbərliyinə müqavilə bağlayaraq texniki şərt almaq məsləhət görülüb. İşıq idarəsinin işçiləri gedəndən sonra isə icra başçısının göstərişi ilə restorana yenidən "levıy" işıq xətti çəkilib. Bu, problemdən çıxış yolu deyil. Ona görə ki, restoranın rəhbərliyinə texniki şərt alması üçün 15 gün vaxt verilib. Əgər o vaxta kimi müqavilə bağlanmasa, daha sərt tədbirlər görüləcək". Etibarlı mənbə onu da qeyd etdi ki, icra başçısının Goranboyda yerləşən digər iri ticarət obyektlərinin bir neçəsində son günlər vergi yoxlamaları aparılmaqdadır: "Vergilər Nazirliyinin rəsmiləri başçıya məxsus olduğu iddia edilən bir sıra obyektlərdə qanun pozuntuları aşkarlayıblar. Hələ ki, yoxlamalar davam edir. Güman ki, vergidən yayınan obyektlərə yüksək cərimələr tətbiq olunacaq". Bu arada, Nizaməddin Quliyevlə bağlı Prezident Administrasiyasına ünvanlanan şikayətlərin artdığı bildirilir. Özəl mənbənin məlumatına əsasən, əgər icra başçısı fəaliyyətindəki qüsurları tezliklə aradan qaldırmasa, yuxarıların qəzəbinə tuş gələ və tutduğu vəzifədən kənarlaşdırıla bilər.Gündəlik Bakı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.