Rezidentura təhsili ilə bağlı dəyişiklik
Bu gün, 11:17
Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.
Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, rezidentura təhsili Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.
Həmçinin qaydalarda rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti ləğv edilib.
Həmçinin ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı", "Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı", "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı", eyni zamanda "Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı" təsdiq edilib. Sözügedən təsnifatlarla buradan tanış olmaq mümkündür.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a bu dəyişikliyi şərh edib. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında edilən son dəyişikliklər, tibb sahəsində həkim-mütəxəssis hazırlığının daha çevik və effektiv təşkilini hədəfləyir. Bu dəyişikliklər, xüsusilə təhsil müddətinin ləğvi ilə bağlıdır ki, bu da təhsil prosesində əhəmiyyətli yeniliklərə səbəb olacaq.
"Əvvəllər rezidentura təhsili müəyyən edilmiş standart müddətlər çərçivəsində həyata keçirilirdi. Bu müddətlər, ixtisasın xüsusiyyətlərinə uyğun olaraq 2 ildən 5 ilə qədər dəyişirdi. Lakin yeni qərara əsasən, bu standart müddətlər ləğv edilib. Bu, o deməkdir ki, hər bir ixtisas üzrə təhsil müddəti artıq əvvəlcədən müəyyən edilmiş sabit vaxt çərçivəsi ilə məhdudlaşdırılmır. Təhsil müddətinin ləğvi, tədris prosesinin daha çevik və fərdi yanaşma əsasında təşkilinə imkan verir", - ekspert bildirib.
K.Əsədov onu da bildirib ki, bu yanaşma, hər bir rezidentin fərdi bacarıqları, bilik səviyyəsi və ixtisasın tələblərinə uyğun olaraq təhsil müddətinin müəyyənləşdirilməsinə şərait yaradır. Nəticədə, rezidentlər təhsil proqramını tam mənimsədikdən və tələb olunan bilik və bacarıqlara yiyələndikdən sonra təhsillərini başa vura bilərlər:
"Bu dəyişiklik, həmçinin təhsil prosesinin keyfiyyətinin artırılmasına xidmət edir. Rezidentlər, təhsil müddətindən asılı olmayaraq, ixtisaslarının tələb etdiyi bilik və bacarıqları tam mənimsəməlidirlər. Bu da həkim-mütəxəssis hazırlığının səmərəliliyini artırır və səhiyyə sisteminə daha peşəkar kadrların cəlb olunmasına şərait yaradır. Qeyd etmək lazımdır ki, bu dəyişikliklər, təhsil prosesinin daha səmərəli və nəticəyönümlü təşkilinə yönəlib. Rezidentlərin hazırlıq səviyyəsi, onların təhsil müddətindən daha çox, əldə etdikləri bilik və bacarıqlarla qiymətləndiriləcək. Bu da təhsil sistemində keyfiyyətin yüksəldilməsinə və beynəlxalq standartlara uyğunlaşmağa imkan verəcək".
Ekspert vurğulayıb ki, nəticə etibarilə, rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında edilən bu dəyişikliklər, tibb təhsili sisteminin modernləşdirilməsi və həkim-mütəxəssis hazırlığının keyfiyyətinin artırılması istiqamətində mühüm addımdır.
"Bu yeniliklər, həm təhsil alanların, həm də cəmiyyətin maraqlarına xidmət edəcək", - K.əsədov fikrini yekunlaşdırıb.