Şamaxılı məmurun əməlləri ciddi narazılıq doğurub-İTTİHAM

2-07-2015, 12:54           
Şamaxılı məmurun əməlləri ciddi narazılıq doğurub-İTTİHAM
Dövlət məmurlarının birinci borcu ona göstərilən etimadı layiqincə yerinə yetirərək üzərinə düşən vəzifələri həyata keçirməkdir. Əslində hər hansı bir vəzifə kimlərəsə şəxsi ambisiyalarını təmin etmək üçün deyil, xalqa xidmət etmək üçün tapşırılır. Təsadüfi deyil ki, cənab prezident çıxışlarında özünü xalqın birinci xidmətçisi adlandırır, bütün məmurları da belə fəaliyyət göstərməyə çağırır. Ölkəmizdə uğurla başa çatan I Avropa Oyunlarının yekunlarına həsr edilən tədbirdə çıxış edən prezident Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyətinə qiymət verərkən bildirdi ki, “o, bu işlərə öz canını qoydu”.

Xalqa xidmət edənlər üçün bundan böyük amal yoxdur!

Təəssüf ki, özünü tutduğu vəzifədə əbədi sayan, səlahiyyətlisi olduğu sahənin “kiçik padşahı” hesab edən bir sıra məmurların fəaliyyəti yuxarıda sadaladığımız kriteriyalara tamamilə ziddiyyət təşkil edir. Əslində belələrinin əməlləri daha çox cənab prezidentin siyasi kursuna vurulan zərbə hesab edilməlidir.

Redaksiyamıza çoxsaylı şikayətlər edən Şamaxı sakinlərinin narazılığı da bu qəbildəndir. Şamaxı rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Nəsimi Manafov öz əməlləri ilə rayonda əməli başlı “ad qazanıb”.

Fəaliyyəti heç bir hüquqi normaya uyğun gəlməyən hüquq şöbəsinin müdiri nəinki rayon sakinlərinin problemlərinin həllinə yardımçı olur, əksinə onlara əlavə problemlər yaşadır. Rayondan verilən məlumatlara görə artıq özünü gələcək icra başçısı postunda görən N. Manafovun indidən qəbuluna düşmək böyük müşküldür. Hələ sabiq icra başçısının dövründə bir çox qanunsuzluqlara imza atan N. Manafov rayonda erkən nigahların “hamisi” kimi tanınıb. Yüzlərlə belə gənclərə saxta sənədlər verən məmurun qazancı da pis olmayıb.

Rayondan verilən məlumatlara görə hüquq şöbəsinin müdiri belə sənədlərin hər birinə 500 manatdan başlayan qiymətlərlə imza atıb. Əməllərinin cəzasızlığını görən N. Manafov daha böyük əməliyyatlara can atır. Sakinlər bildirirlər ki, əgər onun fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılarsa, hüquq şöbəsinin müdirinin hüquq pozuntularının ağlasığmaz miqyası üzə çıxa bilər. Şikayətçilər bildirirlər ki, “gələcək icra başçısı” rayon sakinləri ilə qaba, kobud rəftarına görə də xüsusilə fərqlənir. Qəbuluna gələnləri görməyə gözü olmayan N. Manafov problemi üçün şikayət edənləri az qala “xalq düşməni” hesab edir. Ancaq heç kim bilmir ki, bu səlahiyyətləri ona kim verib ki, N. Manafov özünü Şamaxının sahibi-ixtiyarı kimi aparır.

Rayon sakinləri bildirirlər ki, belə “toxunulmazlıq” mühitindən doğan mənəm-mənəmlik N.Manafovu gələcək projelərini həyata keçirmək məqsədilə yaşı çoxdan keçmiş yaxınlarını “ölü ştat” kimi Birinci Çaylı ümumtəhsil məktəbinə yerləşdirmiş, dövlət büdcəsinə külli miqdarda ziyan vurmuşdur. Hesab edirik ki, aidiyyatı qurumlar mövzu ilə bağlı qanuni tədbirlər görəcəkdir.

Şikayətçi olan rayonun digər sakini özünün ali təhsilli hüquqşünas olduğu halda iş tapa bilməməsindən gileylənir. Belə ki, özünün haqlı olduğunu, N. Manafovun həmin posta layiq olmadığını, əslində o posta ixtisaslı hüquqşünasın işləməsinin zəruriliyini vacib sayır.

Redaksiyamıza çoxsaylı şikayətlər ünvanlayan Şamaxı sakinləri təcili tədbirlər görülməzsə Manafovların rayonda ciddi narazılıq formalaşdıracağını bildirirlər. Ölkənin mühüm siyasi hadisə-parlament seçkiləri ərəfəsində olduğu bir dövrdə belə fəaliyyətin nəyə hesablandığını isə düşünmək çətindir. Bu daha çox oturduğu ağacın budağını kəsməyə bənzəyir. Bunu isə kimliyindən asılı olmayaraq heç kimə bağışlamazlar!

//"Gündəm-Şok" qəzeti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.