QOCA ÇİNARIN HEKAYƏSİ
Bu gün, 11:54
Çinar — çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Platan”, bizim dilimizdə "Çinar” adlanır. O, çiçəkli bitkilərin ən qədim növlərindən biridir. Gözəlliyinə, görkəminə və nadir bioekoloji əlamətlərinə görə onu şərqin ağac florasının mirvarisi, möhtəşəm gövdəsi, əzəmətli, yaraşıqlı çətirinə görə isə cənubun nəhəng ağacı adlandırırlar. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir.
Çinar bitdiyi yerin havasını ionlaşdıraraq təbii kondisioner rolunu oynayır, havanı təravətləndirir. Xalq təbabətində çinarın yarpağından və qabığından istifadə geniş yayılıb. Antiseptik xüsusiyyətlərə malik çinarın yarpağından və gövdəsinin qabığından hazırlanan dəmləmələr və məhlullar əsasən qızdırmanın salınmasında, saçdakı kəpəyin təmizlənməsində, baş dərisindəki qaşınmanın qarşısının alınmasında, ilan sancmasında, həmçinin sulu və açıq yaralar zamanı istifadə olunur.
Çinarlar 2000-2300 ilə qədər yaşaya bilir. Ölkəmizdə belə yaşlı çinar ağaçları çoxdur. Bu cür çinar ağacları təbii abidələr kimi təbii-mədəni irsimizin qiymətli nümunələri sırasındadır.
Onlardan biri də Oğuz (keçmiş Vartaşen) şəhərinin şimalında mövcud olan çinar ağacıdır. Bu ağaç haqqında müxtəlif miflər uydurulmuşdur, hazırda da xeyli əfsanə və rəvayətlər söylənilir.
Nədənsə hər dəfə bu çinarı gördükcə yadıma böyük S.Vurğunun aşağıdaki misraları düşür:
Bu qoca dünyanın şahidiyəm mən...
Kölgəmdə dincəlir hər gəlib-gedən.
Bağçalar gül açır yaş torpağımda.
Quşların adı var hər yarpağımda.
Mən bu yer üzünə gələndən bəri
Olmuş budaqlarım hava səngəri.
Kötüyüm dünyanın sirrilə dolu,
Bax ayrılmamışam öz kötüyümdən!..
Həqiqətən, “qoca dünyanın şahidi olan” bu ağacın “kötüyü dünyanın sirri ilə doludur”. Ağac haqqında hələlik ilkin yazılı mənbə 1885-ci ildə “Ağbyur” adlı uşaq jurnalının 12-ci sayında çap olunmuş məqalədir. Məqalənin müəllifi yazır: “Vartaşen camaatı bu böyük Çinara müqəddəs kimi yanaşır, deyirlər ki, pirdir. Vartaşen pirində, Çinarda basdırılan müqəddəs yoxdur. O müqəddəs olmaq üçün insana ehtiyac duymur. Əvəzində ənənəyə görə inanılır ki, bu pirin altında bir ilan yaşayır. Heç kim onu görməyib və Allah eləməsin ki, o öz yuvasını nə vaxtsa tərk etsin.
Mən bir daha yarpaqların arasına daxil olaraq gövdəyə baxdım. Çox da hündür deyil, bir yarım, iki insan boyunda olar. Kökdə isə digər balaca ağaclar bir hasar yaradır, 30 arşın olar. Ağaclarla gövdə arasında elə məsafə var ki, baxan elə bilər sanki bir altlığa heykəl yerləşdirilib. Lakin yuxarı doğru baxdıqca ləkəsiz ağ qabıq mənzərəsi hər şeyi daha da mistikləşdirilir. "Ay Allah!" mən dedim, "sən necə yaxşısan, necə böyük və ucasan ki, belə bir alicənab canlının doğulmasına şərait yaratmısan." Mən Luvr muzeyindəki antik Venera heykəlini görəndə heç Vartaşen çinarını görəndə yaşadığım kimi şiddətli hisslər yaşamamışdım”. (Tərcümə Cavid Ağaya aiddir)
Udi əsilli M.Bejanov da 1892-ci ildə Tiflisdə çap etdirdiyi “Vartaşen kəndi və onun sakinləri haqqında qısa məlumat” adlı məqaləsində bu çinar ağacından bəhs edir. M.Bejanovun yazdığına görə, belə bir rəvayət var ki, qədim zamanda düşmədən qorumaq üçün torpağa İncil kitabı basdırılıb və üzərindən çinar toxumu səpilib. Nəticədə belə bir böyük ağac bitib.
Ağacı kəsmədən, illik böyümə ölçüsünə əsasən bəzi düsturlar var ki, həmin düsturlarla onun yaşını təyin etmək mümkündür. Bunlardan biri də ağacın gövdəsinin enini (sm ilə) 2,5-ə bölməklə alınan düsturdu.
M.Bejanov 1892 ci ildə sözü gedən ağacın eninin 32 arşın, yəni 22,4 metr olduğunu yazır. (1arşın=0.70sm). Bu zaman hesablama etdikdə, 2240sm/ 2,5 = 896 alınır. Yəni bu ağacın 1892 ci ildə 896 yaşı olub hal hazırda isə 1028 yaşı var.
Təəsüf ki, ildırım ağacın gövdəsini parçaladığı üçün hazırda dəqiq ölçmə aparmaq mümkün deyl.
M.Bejanovdan yuxarıda göstəriyimiz iqtibasdakı “…qədim zamanda düşməndən qorumaq üçün torpağa İncil kitabı basdırılıb” ifadələrinə təkrar diqqəti cəlb etmək istərdim. Maraqlıdır, görəsən, “düşmənlər” kim imiş və İncili kimdən qoruyurmuşlar? Adamın ağlına bir başqa fikir gəlir. Güman ki, söhbət xristianlığı qəbul etmiş udilərdən gedir, İncili islamı yaymaq üçün gələn ərəblərdən qoruyurmuşlar. Əgər elədirsə, onda ağacın yaşını ən azı 150-200 il artırmaq lazımdır. Nə isə, mütəxəssislərin ciddi araçdırmalarına ehtiyac duyulur.
İndi bu çinar və onun ətrafı muqəddəs sayılır, pir və ziyarət hesab olunur. Ümumiyyətlə, ölkəmizin bütün bölgələrində xeyli ağaç pirləri mövcuddur. Çinara isə Azərbaycanın, demək olar ki, bütün bölgələrində ehtiramla yanaşılır.
Ümumiyyətlə, ağaca stayiş etmək müxtəlif xalqlarda bir ənənə olmuşdur. Hələ vaxtı ilə Musa Kalankatlı "Alban tarixi" əsərində qeyd edirdi ki, hunlar hündür və bol yarpaqlı palıd ağaclarına sitayiş edirdilər, ağacın tökülmüş yarpaqlarını və ya qurumuş budaqlarını öz ehtiyacları üçün yığanların belə ağac tərəfindən dəhşətli yaralarla, dəliliklə və hətta ölümlə cəzalandırıldığına inanırdılar. XIX əsrdə yaşamış udi mənşəli M.Bejanovun Oğuz çinarı haqqındakı qeydlərində də bu fikir təsdiq olunur.
Bu gün də insanlar (daha çox regionun köklü sakinlərindən olan udilər) müxtəlif münasibətlərlə Oğuz çinarının altında şamlar yandırır, arzular tuturlar. Onu da qeyd edək ki, müsəlman xalqların nümayəndələri də buranı müqəddəs yer hesab edirlər. Təsadüfi deyil ki, M.Paşayeva tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyanın avtoreferatında yazır: “…inancından asılı olmayaraq istər xristian, istərsə də müsəlman əhali eyni dərəcədə inanaraq buranı ziyarət edir, birgə ayinlər icra edirlər. Bu da yerli əhalinin ortaq mənəvi dəyərlərə sahib olduğunu göstərir”.
Vaxtı ilə akademik V.Tutayuq xanım ölkəmizin digər bölgələrində olduğu kimi Oğuz rayonundakı yaşlı ağcaqayınla yanaşı, haqqında söhbət açılan çinarı da təbiət abidəsi kimi qeydə almış, onların qorunması ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırmışdır.
Sözügedən ağac hazırda qorunur və bölgəyə səfər edən yerli və xarici turistlərin ciddi marağına səbəb olur.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.