"Vətəndaş A" serialında söyüş açıq formada verilib? - Rejissordan CAVAB
Bu gün, 12:16
"İctimai TV"də yayımlanan "Vətəndaş A" serialına görə kanala xəbərdarlıq edilib. Audiovizual Şura İTV-nin efirində serialın nümayişi zamanı qeyri-etik sözlərin açıq yayımlandığını əsas gətirərək bu barədə qərar qəbul edib.
Qərarda deyilir ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alımayıb və bununla da, “Media haqqında” qanunun müddəaları pozulub.
Qeyd edək ki, sözügedən Qanununun 14.1.6-cı maddəsinə görə, efirdə əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir.
Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilən serial may ayından efirdədir və qısa zamanda böyük izləyici kütləsi toplamağı bacarıb.
Modern.az Audiovizual Şuranın qərarı ilə bağlı “Vətəndaş A” serialının quruluşçu rejissoru Elvin Rüstəmzadə ilə həmsöhbət olub. O bildirib ki, serialın mövzusu bəzi səhnələrdə bu cür ifadələrin işlənməsini tələb edir:
“Amma bu cür ifadələrin açıq şəkildə efirdə yayımlanması qətiyyən nəzərdə tutulmayıb. Efir üçün bu, birmənalı olaraq qadağandır. Sadəcə, biz "Youtube" platforması üçün serialın tam versiyasını, qeyri-etik ifadələrin işləndiyi hissələrin senzura olunmadan verilməsini nəzərdə tuturduq. Adətən bu platformada belə şeylərə icazə verilir. Sadəcə müəyyən qərardan sonra "Youtube"da qeyri-etik ifadələr bağlandı. Televizyada həmin qeyri-etik ifadələrin yayımlanması müəyyən texniki problemlərdən dolayı baş verib. Montaj sırasında gözdən yayınıb və həmin qeyri-etik ifadə televizyaya açıq şəkildə gedib”.