GƏNCƏ NOTARİUSUNDA SAXTAKARLIQ! – Rusiyada olan şəxs atasına “etibarnamə verib”
4-03-2018, 17:07
Gəncə şəhər 2 saylı Notariat Kontorunda qeydə alınan sənəd saxtakarlığı barədə məlumat yayılıb.
Demokratik.az-a verilən məlumata görə, şəhərin ən savadlı özəl notariusu hesab edilən Nəsib İmanov Rusiyada ola-ola vətəndaş Süleymanov İlham Şakir oğlunun adından sonuncunun atası Şakir Süleymanova yazılmış mülki etibarnaməni təsdiq edib. Saxta etibarnamə əldə edən ata isə həmin sənədi Gəncə şəhər Kəpəz rayon Məhkəməsində bir qohumuna qarşı qaldırdığı mülki davada dəlil kimi istifadə edib. Mübahisəli məhkəmə prosesinin (evdən çıxarılma-red) müəyyən detalları bizə aydın olsa da, bu barədə yazmaq zərurəti duymuruq. Qısaca bildirək ki, Kəpəz rayon məhkəməsinin hakimi Fuad Mirabov ötən il oktyabrın 29-da icraatında olan mülki məhkəmə işi üzrə iddiaçı Şakir Süleymanova oğlunun adından çıxış etmək hüququnun olmadığını bildirib. Bunun üçün etibarnamənin vacibliyi ona izah edilib. Vətəndaş isə əvvəllər dost münasibətdə olduğu notarius Nəsib İmanova müraciət edərək kömək istəyib. Nəticədə, noyabrda hansısa yolla ata Rusiyada olan oğlunun adından özünə etibarnamə əldə edə bilib.
“Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, növbəti məhkəmə iclasında hakim iddiaçının etibarnaməsinin saxta olduğunu təsbit edib və iş üzrə icraata xitam verilib. İşin maraqlı tərəfi odur ki, Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsində xüsusi hörmətə sahib olan, Gəncədə ən savadlı notarius kimi qəbul edilən Nəsib İmanov bu saxtakarlığa niyə qol qoyub? Hər halda bu araşdırılmalıdır. Amma bəri başdan bildirək ki, Gəncə 2 saylı Notariusu etibarnamə verənin şəxsiyyətini müəyyən edərkən başqa oxşarı ilə aldadıldığını iddia edir. “Günahı başqalarında axtaran notariusun bu kimi başqa sənədləşmələrdə də imzasına rast gəlmək mümkündür”-deyə mənbəmiz bildirib. Ədliyyə Nazirliyinin bu fakta qarşı biganə qalmayacağına və Nəsib İmanovun fəaliyyətinə dair ciddi araşdırmalar aparacağına ümid edirik.
Qarşı tərəfin mövqe yazısını dərcə etməyə hazırıq!