Bayramov qardaşlarının nazirlik sevdası

5-03-2018, 10:09           
Bayramov qardaşlarının nazirlik sevdası
Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağına dair xəbərlərvar. Mediada yer alan məlumatlara görə, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları İlham Əliyevin yeni komandasının siyahısında olmayacaq. Bu sırada təşviş içində olanlarla yanaşı yeni təyinat həsrətində olanlar da var. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, seçkidən sonrakı dönəmdə nazir postu iddiasında olanlar arasında Bayramov qardaşları xüsusilə həvəslidir. Söhbət Maliyyə nazirinin müavini Azər Bayramov və Təhsil Nazirinin müavini, hazırda nazir vəzifəsini icra edən Ceyhun Bayramovdan gedir. Bayramov qardaşlarının bu günkü durumu və iddialarına keçməzdən öncə onların keçmişi haqda bəzi məqamlara diqqət yetirək.
Azər Bayramovun çətin günləri: Elşad İsgəndərovsuz irəliləmə
İki qardaşın ittifaqının əsas lokomotivi Azər Bayramovdur. A.Bayramov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İsgəndərovun qayınıdır və vəzifə yüksəlişində onun xidmətləri xüsusidir. Məlumumdur ki, Elşad İsgəndərov “nurçu qalmaqalı”na görə tutduğu vəzifədən azad edilib. İsgəndərov işdən çıxarılandan sonra Maliyyə Nazirliyində bir çoxları Bayramovların da gedəcəyi fikrinə düşübmüş. Hətta həmin dönəmdə Azər Bayramov otağını belə yığışdırmaq üçün təlimat veribmiş. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbə deyir ki, Azər Bayramov əsasən nazirliklərə xidmət edən Maliyyə İdarəsinin rəisinin də imkanlarından yararlanır. Belə ki, nazir müavini həmin idarənin rəisi olan yerlisi, gədəbəyli Nadir Qarayevlə birlikdə hərəkət edərək, maliyyə nazirindən xəbərsiz bir sıra planların icrasını həyata keçirirlər. Mənbə maliyyə nazirinin müavini Azər Bayramovun qardaşı, təhsil nazirinin müavini postuna gətirilmiş Ceyhun Bayramovla birlikdəki planlarından da bəhs edib. Bəzi mənbələrin verdiyi məlumata görə, Ceyhun Bayramovun Təhsil Nazirliyində belə mühüm posta çəkilməsi səbəbsiz olmayıb. Belə ki, qardaşı onun müavin vəzifəsinə təyin olunması üçün xeyli əziyyət çəkib və əlaqələrindən istifadə edib. Məqsəd isə Ceyhun Bayramovun təhsil məsələləriylə məşğul olması deyil, məhz təhsilə ayrılan vəsaitə nəzarəti ələ keçirmək olub.
Azər Bayramovun Beynəlxalq Bank maxinasiyaları: yenə də “sudan quru” çıxdı.
Azər Bayramovun ikinci çətin durumu Beynəlxalq Bankla bağlıqalmaqalda yaşanıb. Belə ki, Maliyyə Nazirliyinin əsas səhmdarlarından olduğu ABB-nin Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramovla digər təmsilçi bu illər ərzində bir dəfə də olsun, C.Hacıyevin bu əməlinə açıq etiraz etməyiblər. Yəni onların nə vaxtsa Cahangir Hacıyevə etiraz etdiyinə dair ortada fakt yoxdur. Lakin ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev başda olmaqla, bankın demək olar ki, əksər məsul əməkdaşları ya həbs olundu, ya da işdən çıxarıldılar. Amma bu işə məsul şəxslərdən sayılan Azər Bayramova “gözün üstə qaşın var” deyən olmadı. Bu məsələ ilə bağlı cumhuriyyet.az olaraq xatırladırıq ki, əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Azər Bayramovu yaxından tanıyanlar, onun kimə bağlılığından xəbərdar olanlar bilirlər ki, o, Cahangir Hacıyevə nəinki təsir etmək, hətta yeri gələndə, istənilən qərarı ləğv etməyə gücü çatırdı. Maraqlı məqam isə odur ki, Hacıyevdən sonra ABB-yə sədrlik edən Elmar Məmmədov da “vuruldu”, yenə də ABB-nin Müşahidə Şurasının sədri “sudan quru” çıxdı.
Samir Şərifovun ən yaxınında basdırılmış mina
Maliyyə Nazirliyində əsas qruplaşmaya liderlik edən A.Bayramov hakimiyyətdəki nüfuzlu bir qrupa bağlılığını hər addımda nümayiş etdirməklə, “toxunulmaz şəxs” olduğunu göstərməyə çalışır. A.Bayramovun nazirlikdəki komandasına gəlincə, bu sırada Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovdan tutmuş, bir çox idarə rəislərinin adları çəkilir. Bu komandanın isə S.Şərifovdan çox A.Bayramovun verdiyi tapşırıqlar əsasında hərəkət etdiyi bildirilir. Hətta bir çox rayonlar üzrə idarə rəislərinin də A.Bayramovun komandasında olduğu qeyd edilir. Yəni onun “təqdimatı” və nazirə xahişi ilə həmin şəxslər bu vəzifələrə sahiblənə biliblər. Elə bu səbəndən də Azər Bayramov nazir kürsüsünə oturmaq üçün hazırlaşır və onun bu arzusuna çata bilməsi üçün qarşıda elə də maneə görünmür. Baş verənləri yaxından müşahidə edən adının çəkilməsini istəməyən ekspert cumhuriyyet.az-a bildirib ki, Azər Bayramovun maliyyə naziri olması daha perespektivlidir. Eyni zamanda yeni Vergilər nazirinin Mikayıl Cabbarov olması da Azər Bayramov üçün nazir kürsüsnə gedən qapının açarlarından biridir. Xatırladaq ki, Mikayıl Cabbarov və Bayramov qardaşları dostluq münasibətlərinə sahibdirlər.
Ceyhun Bayramov da gözləyir…
Artıq Təhsil Nazirliyinin kulislərində Mikayıl Cabbarovun sələfi kimi əvvəlcə Təhsil Nazirliyi aparatının rəhbəri, ardınca isə təhsil nazirinin müavini olan Ceyhun Bayramovun adı hallanır. 43 yaşlı Bayramovun bu məsələdə hökumət daxilində ciddi dəstəyinin olduğu da deyilir. O, hazırda nazirin “sağ əli” kimi fəaliyyət göstərir və nazirlik daxilində faktiki olaraq əsas söz sahibi kimi göstərilir. Məlumat üçün bildirək ki, Ceyhun Bayramov Mikayıl Cabbarovun yaxın dostudur. Onlar “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıblar. Maraqlıdır ki, Ceyhun Bayramov maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır. Ali təhsilli iqtisadçı olan Ceyhun Bayramov görünür binesini yaxşı idarə etməyi də yaxşı bacarır. Qeyd edək ki, Ceyhun Bayramov bundan öncə Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. Bioqrafiyasından göründüyü kimi, C.Bayramov iqtisadiyyat və hüquq üzrə təhsil alıb, hüquqşünas kimi çalışıb.
teref.az olaraq adları çəıkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.