Bayramov qardaşları nazir təyin ediləcək? – Maliyyə Nazirliyində təşviş
7-04-2018, 04:00
Nazir Samir Şərifov və onun Maliyyə Nazirliyindəki sadiq komandasına daxil olan şəxslərin bu ilin mart ayının 14-də Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasındakı vəzifələrini itirmələri barədə məlumat vermişdik.
Xatırladaq ki, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramov hələ Cahangir Hacıyevin zamanından başlayaraq uzun illər ABB-də Müşahidə Şurasının sədri olub.
Tendensiya.com “Reytinq”ə istinadən xəbər verir ki, Azər Bayramovun rəhbərlik etdiyi 5 nəfərdən ibarət Müşahidə Şurasının tərkibində Samir Şərifovun daha iki kadrı da təmsil olunub. Bunlar Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanovla, Maliyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışan Mahir İsrəfilov idi. Lakin ABB-dəki son iclasda yenidən formalaşan Şurada Samir Şərifovun bu 3 kadrı “vuruldu”. Bütün bunlar isə onun rəhbərlik elədiyi Maliyyə Nazirliyində də müzakirələrə səbəb olub.
Məlumata görə, Azər Bayramovun ABB-dən uzaqlaşdırılması nazirlikdə yeni söz-söhbətlərə rəvac verib. Bəziləri iddia edir ki, prezident seçkilərindən sonra növbə Maliyyə Nazirliyinə çatacaq və bu qurumdakı korrupsiya şəbəkəsi hədəfə çevriləcək.
İddialara görə, Samir Şərifov nazirlikdaxili prosesləri birinci müavini vasitəsi ilə deyil, məhz müavini Azər Bayramovun əli ilə reallaşdırır: “Son bir neşə ildə Azər Bayramov nazirlikdə özünü nazir kimi aparırdı. Bu, onun qardaşı Ceyhun Bayramovun Təhsil Nazirliyində əvvəl aparat rəhbəri, daha sonra nazirin 1-ci müavini təyin edilməsi ilə daha qabarıq görünməyə başladı. Mikayıl Cabbarov vergilər naziri təyin edildikdən sonra isə çoxları düşünürdü ki, tezliklə Azər müəllimin qardaşı təhsil nazir təyin ediləcək. Lakin belə bir anda onun özünü ABB-dən uzaqlaşdırdılar. Üstəlik, qardaşının nazir təyinatı da reallaşmadı. Təbii ki, bütün bunlar Azər Bayramovun simasında bəzi maliyyəçi məmurlarda xəyal qırıqlığı yaradıb”.
Məlumatda bildirilir ki, A. Bayramovun zəifləməsindən ən çox narahat olanların başında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusibov durur: “O, məhz Azər Bayramovun köməyi ilə Gəncə Dövlət Universitetinin rektoruna qarşı əndazəyə sığmayan kampaniya aparıb, onu “yıxdı”. Bu barədə ölkə KİV-ləri ayrı-ayrı vaxtlarda məlumatlar yayıblar. Dərhal da həmin universitetdə prorektor işləyən qardaşı Yusif Yusibovun rektor təyinatı həyata keçirildi. Sözsüz ki, bütün bunlar Azər Bayramov-Ceyhun Bayramov qardaşlarının Mikayıl Cabbarova minnətçi düşmələrinin hesabına baş verdi. İndisə Mikayıl Cabbarov digər nazirliyə göndərilib, postuna isə Ceyhun Bayramovun gətiriləcəyini, bununla da iddia sərhədlərinin daha da genişlənəcəyini düşünən Cavanşir Yusibov son vaxtlar baş verənlərdən narahat olub. Çünki Samir Şərifovdan daha çox, Azər Bayramovu özünə lider sayan Cavanşir Yusibov bilir ki, liderinin çöküşü ona da, hətta qaydalara zidd oyunla rektor təyin edilmiş qardaşına da problem yarada bilər”.
Maliyyə Nazirliyinin əməkdaşlarından biri “Reytinq”ə deyib ki, A. Bayramovun nazirlikdəki fəaliyyəti onun şəxsi mənafeyinə xidmət edir: “Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, ancaq şəxsən tanıdığı, dostları, qohumları və həmyerlilərini bir çox şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirib. Rayonların büdcəsində nəzərdə tutulan xərclər yalnız onun şəxsi tanışları, dostları və qohumları tərəfindən, onların təsis etdiyi firma və şirkətlər vasitəsi ilə aparılır. Bu isə nazirlikdə korrupsiyanın sistem halında çalışması deməkdir. Halbuki, dünyanın heç bir yerində elə bir sistem yoxdur ki, bir şəxs həm dövlət büdcəsinin xərclərini, həm də aparılmış xərclərin təftişini həyata keçirsin. Ancaq Azər Bayramov çox ustalıqla Samir Şərifovun etimadını qazanaraq, həm ölkəmizin büdcə xərcləri “təsnifatı”nı aparır, həm də büdcə xərclərinin təftişini həyata keçirir. Beləliklə, Azər Bayramov dövlət büdcəsində qanunsuz aparılan xərclərin və küllü miqdarda mənimsəmələri ört-basdır etmək imkanı qazanır”.
Məlumatlı şəxsin sözlərinə görə, dövlət büdcəsinin xərclər bölgüsünün strukturuna nəzər yetirdikdə aydın görmək olur ki, A. Bayramovun səyi və şəxsi təşəbbüsü ilə mal alışı və xidmətlərin göstərilməsi ilə bağlı xərclər bütün şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən ya tamam, ya da qismən çıxarılır. Bu isə mərkəzi icra hakimiyyəti orqanlarının büdcəsinə əlavə olunur: “Bu xərclər əsasən Maliyyə Nazirliyinin nəzdindəki Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən həyata keçirilir. Xəzinədarlıq Agentliyinin rəhbəri isə kənar adam deyil, o, Azər Bayramovun dostu və qrup yoldaşı Elman Piriyevdi. Sonrakı mərhələdə isə Cavanşir Yusibov ortaya girir və o, təftiş adı ilə nazir, komitə sədri, agentlik direktoru və icra başçılarından tutmuş, hətta məktəb direktorlarına qədər bir çox məmurlarla haqq-hesab çəkir. Nəsə, bunlar başqa mövzunun materialıdır. Ancaq əmin olun ki, hazırda Maliyyə Nazirliyindəki proseslər, o cümlədən Dövlət Xəzinədarlığı ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinə də nəzarəti həyata keçirən Bayramov burada da “ipi” əlində cəmləyib. Halbuki, Dövlət Xəzinədarlığı ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti üst-üstə düşə bilməz və bir-birinin əksi olan iki quruma bir şəxsin nəzarət etməsi dövlətin gələcəyi və korrupsiyaya qarşı müabrizə aspketindən düzgün deyil. Bu işin belə qurulması dövlətin maliyyə vəsaitlərinin asanlıqla talan olunmasına şərait yaradır. Ancaq görünən odur ki, Azər Bayramov – Cavanşir Yusibov – Elman Piriyev tandeminin bütün qanunsuz əməllərinə, həmçinin, hətta nazir, komitə sədri və icra başçılarının büdcəsinə də müdaxilə etmələrinə nazir Samir Şərifovun göz yumması səbəbsiz deyil. Lakin onun da mövqeyinin son aylar zəifləməsi, Azər Bayramovun ABB-də üzləşdikləri, qardaşının isə nazir təyinatının gerçəkləşməməsi nazirlikdəki qruplaşmada ciddi narahatlıq yaradıb”.