“İsmət Abbasovun oğlu hakimiyyətə qarşı sabiq nazirlərin dəstəsinə qoşulub” – şok iddia

7-04-2018, 12:17           
“İsmət Abbasovun oğlu hakimiyyətə qarşı sabiq nazirlərin dəstəsinə qoşulub” – şok iddia
Azərbaycanın siyasi səhnəsi xeyli genişlənib. Artıq bu səhnənin bir ucu Avropa ölkələrindədir. Siyasi, yaxud da qeyri-siyasi mühacirlərin sosial şəbəkələr vasitəsilə tərəf tutması və Azərbaycan iqtidarına qarşı aqressiv informasiya müharibəsi başlatması ictimai mühiti xeyli gərginləşdirib. Son günlər bir qədər səngisə də, ümumilikdə xarici ölkələrdə olan narazı azərbaycanlıların dilindən Azərbaycan hakimiyyətinə qarşı olduqca sərt, bir çox hallarda bütün əndazələri aşan ittihamlar səslənir.

Ötən saylarımızda belə hücumların təşkilatçıları ilə bağlı hakimiyyətin araşdırmalara başlaması haqda məlumat vermişdik. Belə iddialar vardı ki, hücumların dəstəkvericiləri vaxtilə Azərbaycan hakimiyyətində olmuş şəxslər - baş nazirin sabiq 1-ci müavini Abbas Abbasov və sabiq nazirlər Ziya Məmmədovla Eldar Mahmudovdur.

Başqa adlar da səslənir - Almaniyada mühacirətdə olan “Quska” ləqəbli Hüseyn Abdullayevin də bu prosesin mərkəzi fiquru olması məlumatları yayılmaqdadır. Bu haqda “Yeni Müsavat”ın ötən saylarından birində “Mahmudov, Abbasov, Məmmədov hakimiyyətə qarşı birləşib?” sərlöhvəli yazıda məlumat vermişdik.

Redaksiyamıza bu qəbildən olan daha bir xəbər daxil olub. İddia edilir ki, hakimiyyətə qarşı hücumlarda yer alanlar sırasında elə bu gün hakimiyyətin içində olan şəxslər, onların yaxınları da var.

İlk dəfə prezidentliyə namizəd Hafiz Hacıyevin dilindən səslənən, sonra isə daha geniş yayılan iddialara görə, Avropadakı “narazı və nadic vətəndaşlarımız”la təmasları olanlardan biri də baş nazirin müavini İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan iş adamı Yunis Abbasovdur. Hafiz Hacıyev və digərləri bu prosesdə onun hansı rol aldığını konkret söyləməyib. Lakin təxmin etmək mümkündür ki, bu gəncin antiiqtidar kampaniyasında maliyyəçi qismində rol aldığı iddia edilir.

“Yeni Müsavat”a daxil olan başqa bir məlumatda bildirilir ki, nazirin oğlu prinsipcə, mövcud hakimiyyətdən narazıdır: “Yunus Abbasov birbaşa olmasa da, dolayısı ilə xaricdəki narazı kəsimə dəstəyini əsirgəmir”.

Atası 2004-cü ildən 2013-cü ilə qədər kənd təsərrüfatı naziri vəzifəsində olmuş, bu vəzifədən azad ediləndən dərhal sonra baş nazirin müavini təyin edilmiş birisinin indiki iqtidardan narazılığının səbəbləri nədir?

Bu suala ötənlərdə mətbuatda yer alan məqalələrdə aydınlıq gətirən məlumatlara rast gəlinir. Həmin məqalələrdən birində deyilir.

Sitat: “Yunis Abbasov Azərbaycan vətəndaşı deyil, bu ölkənin Silahlı Qüvvələrində xidmət etməyib və etməyəcək, itirilmiş torpaqlarımızın azad olunmasında da iştirak etməyəcək. Yeri gəlmişkən, İsmət Abbasovun övladları diasporumuzun Londonda təşkil etdiyi Azərbaycanın xeyrinə olacaq heç bir tədbirdə iştirak etməyiblər. Bəli, İsmət Abbasov Əliyevlər iqtidarının yüksək rütbəli məmurlarının bariz nümunəsidir. Bunlar üçün Azərbaycan, Vətən, doğulub böyüdüyü torpaq müqəddəs deyil, hətta üzvü olduqları Əliyevlər komandası da müvəqqətidir, təhlükə yaranan kimi qoyub qaçmaq olar. Onlar üçün əsas xalqımızı zəlil günə qoyub taladıqları var-dövlətin taleyidir. İqtidar nümayəndələri yeri gəldi-gəlmədi, özlərini hamıdan çox vətənpərvər, millətçi göstərmək istəyirlər”.

Yayılan son məlumatlarda iddia edilir ki, Yunis Abbasov əvvəllər Azərbaycanda iş sektorunda çalışmağa cəhd edib. Lakin ona maneçiliklər törədilib. Odur ki, ölkəni tərk edərək Böyük Britaniyada məskunlaşıb, orada öz biznesini qurub. Onun Böyük Britaniyada iş qurması üçün gərəkən ilkin kapitalı haradan əldə etməsi haqda məlumatlar olmasa da, böyük ehtimalla Yunis Abbasov işə başlamaq üçün banklara baş vurmayıb. İllərdir nazir olan atasının sərvətindən bir ovuc götürüb və işə başlayıb. O, ilk dəfə Azərbaycan mətbuatının gündəminə illər öncə Londondakı mülkləri ilə gəlmişdi. O dövrdə atası İsmət Abbasov hələ kənd təsərrüfatı naziri idi. Yayılan məlumatda deyilirdi ki, Yunis Abbasov hələ 2006-cı il, sentyabrın 1-də Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli 2 mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə alıb. Nazir oğlu bu mülk üçün hələ o zaman 1,4 milyon funt-sterlinq ödəyib. Yunis Abbasov da həmin məlumatı təkzib etməmişdi. Demişdi ki, mülkü 2006-cı ildə alıb: “Bəli, həqiqətən də həmin mənzil mənə məxsusdur. Amma iddia olunduğu kimi binanın 2 mərtəbəsində deyil, 1 mərtəbəsində yerləşən normal şəraiti olan bir mənzildir”, - deyə Yunis Abbasov söyləmişdi. Londonda ev almalarını bacısının xəstəliyi və əməliyyatına görə ailəsinin tez-tez Böyük Britaniyaya getməsi ilə izah etməyə çalışmışdı. Demişdi ki, atası həmin dövrdə Azərbaycana gələn, burada iş qurmaq istəyən neft şirkətləri ilə Böyük Britaniyada tanış olub və dostluq əlaqələri qurub. Onların məsləhəti və vasitəçiliyi ilə Londonda ev alıb.

Yunis Abbasov mənzilin alınmasının Böyük Britaniya qanunlarına tam uyğun həyata keçirildiyini də əlavə etmişdi.

İlkin kapital məsələsinə də belə aydınlıq gətirməyə çalışmışdı: “2006-cı ildə alınan mənzilin puluna gəlincə, o 1991-ci ildən sahib olduğumuz və baha qiymətə satılmış evin vəsaiti ilə alınıb. Bura bizim Londonda olmadığımız təxminən 10 ildə toplanmış icarə haqqı da daxildir. Bunları üst-üstə gələndə, mənzil alınandan sonra mənim ilk biznesə başlamağım üçün əlavə vəsait də yaranmışdı”.

Yunis Abbasov gördüyü işlərdə atasının rolunun olmadığını da sübut etməyə çalışmışdı.

Yada salaq ki, iqtidarın önəmi bir fiquru bu günlərdə bəyan etdi ki, 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycana qarşı bir çox təzyiqlər olub. O, xüsusi olaraq vurğulayıb ki, həmin qüvvələr yenidən aktivləşib. Belə görünür ki, sabiq və indiki iqtidarda yer alan nazirlər də özlərinin umu-küsülərini həmin qüvvələrə dəstək verməklə biruzə verirlər. Azərbaycanda keçiriləcək seçkilərə isə 1 həftədən də az vaxt qalır. Bu günlərdə daha kimlərin adı hakimiyyətə qarşı savaşda hallanacaq sualı da açıqdır.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.