Ölkənin bank sektoruna növbəti təhlükə - Seçkidən sonra sərt qərarlar veriləcək
9-04-2018, 10:32
Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsindən sonra Azərbaycanda başlayan böhran qısa müddətə ölkə iqtisadiyyatının bütün sahələrinə sirayət etdi. Manatın devalvasiyasından sonra ən ciddi problem bank-maliyyə sektorunda baş verdi və həyata keçirilən tədbirlərin də ciddi nəticəsi olmadı.
Hökumət nümayəndələri hesab edirlər ki, 2017-ci ildə sərt pul-kredit siyasəti nəticəsində maliyyə bazarında müəyyən sabitliyin təmin edilməsi mümkün olub. Həmçinin, bankların kredit siyasətlərində yumşalma və bir sıra yüngülləşdirici məqamlar müşahidə edilib. Amma bunların inzibati müdaxilə nəticəsində baş verdiyini nəzərə aldıqda, dayanıqlı olacağı inandırıcı deyil.
Məlumat üçün bildirək ki, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2018-ci il fevral ayının 1-nə 7497,0 milyon manat təşkil edib ki, bu da ötən ayla müqayisədə 63 milyon manat və ya 0,8 faiz azalma deməkdir. Banklardakı əmanətlərin məbləğinin azalması, birbaşa olaraq bankların əmanət üzrə faiz dərəcəsini endirməsilə bağlıdır.
Belə ki, Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən milli valyutada 15 faizlik əmanətlərin sığortalanmasına baxmayaraq, nəinki 15 faiz, hətta bankların əksəriyəti milli valyutada olan əmanətlərə 14 faiz illik faiz təklif etmir. Əhali isə bu səbəbdən əlində olan pulunu 14 faizlik qiymətli kağızlara yatırmağa çalışır. Buna görə də, son zamanlar Azərbaycanda qiymətli kağızlara maraq artıb. Hətta qiymətli kağızların təkrar bazarda satılması da aktivləşib.
Dolların manata olan məzənnəsinin ötən ildən bu günə qədər stabil qalması da banklardakı əmanətlərin artımına səbəb olmur. Son iki ildə bağlanan banklar (18 bank) və əmanətlərini itirən əhali artıq hansı banka etibar edəcəyini bilmir.
Ekspertlər bildirirlər ki, manatın məzənnəsində dəyişiklik olmadığı üçün banklarda milli valyutada olan əmanətlərin həcmi artıb. Amma baş verəcək cuzi məzənnə dəyişikliyi adəti üzrə yenidən ajiotaj yarada və banklarda olan əmanətlər yenidən "yastıq altına” qaytarıla bilər. Banklardan götürülən əmanətlər isə bir neçə bankın yenidən maliyyə problemi ilə üzləşməsinə səbəb olar ki, bu da bir neçə bankın lisenziyasının ləğvinə gətirib çıxarar.
Belə olan təqdirdə, ölkənin bank sektorunu nə gözləyir? Növbəti mərhələdə hansı banklar bağlana, yaxud birləşdirilə bilər? Çökən banklardan sonra vətəndaşlara hansı zərər dəyə bilər?
Bu və ya digər suallarımıza aydınlıq gətirmək üçün ekspertlərə müraciət etdik.
Natiq Cəfərli: "Bankların sağlamlaşdırılması üçün ciddi addımlar atılmasa, dövlət təşviq proqramları olmasa, bankların bağlanması və ya birləşdirilməsi də öz effektini itirəcək”
Real Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli "Reytinq”ə deyib ki, hazırda sərt qərarların verilməməsinin səbəbi seçkilərlə bağlıdır. Onun sözlərinə görə, seçkilərdən sonra banklarla bağlı təlatümlü vəziyyət yenidən gündəmə gələcək. Çünki problemlərin həlli üçün hər hansı addım atılmayıb.
Natiq Cəfərlinin sözlərinə görə, hazırda problemli kreditlərin həcmi kifayət qədər yüksək həddə çatıb. Rəsmi rəqəmlərə görə 16 faiz, qeyri-rəsmi rəqəmlərə görə isə daha çoxdur. Beynəlxalq qurumların hesablamalarına görə, bu rəqəm 30-35 faizdir. Çünki Azərbaycan bankları ayda 1000 manat kredit ödənişi olan, amma cəmi 50-100 manat ödənilən kreditləri problemli kredit hesab etmirlər. Əslində isə bunlar da problemli kreditdir, beynəlxalq standartlara görə də bu, belədir:
"Bundan əlavə, kderitləşmənin də həcmi azalır. Ötən il 4 milyarda yaxın azalma müşahidə olundu. Bu il də həmin tendensiya davam edir. Yəni, bank sektorunda yaranmış problemlər yerində qalır. Nisbi sakitliyin səbəbi isə bəllidir. Dollar-manat məzənnəsində sabitlik yaranıb. Amma bu da inzibati qaydada tənzimlənir, ona görə də hələlik bank sektorunda müəyyən rahatlaşma var”.
İqtisadçı ekspert ikinci səbəb kimi siyasi prosesləri göstərir: "Seçkiöncəsi hər hansı sərt addımların atılması, banklarla bağlı problemlərin yenidən gündəmə gəlməsi hökumətin marağında deyil. Bu səbəbdən hələlik sakitlikdir”.
Ekspert qeyd edib ki, bank sektorundakı problemlərin həlli təkcə bankların sağlamlaşdırılması prosesi ilə bağlı deyil. Onun fikrincə, daha ciddi addımlar atılmalıdır: "İlk növbədə problemli kreditlərin həlli yolu tapılmalıdır. Biz neçə vaxtdır deyirik ki, məsuliyyətin üç yerə bölünməsi praktikasından istifadə edərək problemli kreditlər məsələsini həll etmək olar. Çünki əvvəl-axır bu problemin həlli dövlətin boynunda qalacaq. Amma vaxt getdikcə bu problemin həlli daha baha olacaq. İki il bundan öncə bu problemi daha az vəsaitlə həll etmək mümkün idi. Çox təəssüf ki, bu istiqamətdə hər hansı addım atılmadı və problem bu günə kimi saxlanıldı. Bir məsələ var ki, banklar o problemi həll etməsə, yeni kreditlər verməyə başlaya bilməyəcək. Bankların iqtisadiyyatın qan-damar sistemi olduğunu nəzərə alsaq, bu sektordakı vəziyyətin ümumi iqtisadiyyata mənfi təsir edəcəyi qaçılmazdır”.
Hansı bankları təhlükənin gözlədiyinə gəlincə, N. Cəfərli konkret ad çəkmək istəməyib. O qeyd edib ki, aparılan araşdırmalar və beynəlxaq qurumların hesabatlarına görə Azərbaycanda bankların yarısından çoxunda vəziyyət çox pisdir: "Bu da o deməkdir ki, ölkədə 29 bank fəaliyyət göstərirsə, onların 15-də problemlər davam edir.
Digər banklarda da problemlər var, amma onlardakı problemi yoluna qoymaq mümkündür. Qalanlarında isə çökmə riski böyükdür. Mənə elə gəlir ki, seçkilərdən sonra bu sahədə tərpəniş müşahidə edəcəyik. Çox güman ki, bir neçə bankın bağlanması, yaxud da birləşdirilməsi gündəmə gələcək. Ancaq bir daha təkrar edirəm ki, bu, sağlamlaşdırma üçün ilkin addımdır. Sonra bankların sağlamlaşdırılması üçün ciddi addımlar atılmasa, dövlət təşviq proqramları olmasa, bankların bağlanması və ya birləşdirilməsi də öz effektini itirəcək”.
Ekspert əmanətlərin təhlükə altına düşmə məsələsinə də toxunub. N.Cəfərli deyib ki, bu günə kimi bağlanan banklarda bu məsələ ilə bağlı böyük ölçüdə problemlər yaşanmayıb:
"Əmanətlərin Sığortalanması Fondunda onsuz da, pul yox idi. Amma Mərkəzi Bank 500 milyon manat yardım elədi. Adını kredit qoydular, amma məlumdur ki, o vəsaitin geridönüşü mümkün deyil. Çünki aldığı vəsaiti əhaliyə paylayıbsa, necə pul qazanıb, borcunu qaytaracaq? Yəni, belə bir hadisə baş verərsə, Mərkəzi Bank yenidən Fonda vəsait verəcək ki, əmanətçilərin pulu qaytarılsın”.
Ekspert gələcəkdə də əhalinin banklardakı vəsaitləri ilə bağlı xoşagəlməz hadisələrin baş verməsini mümkün sayır.
Əkrəm Həsənov: "Banklar hazırda əmanətlər üzrə faiz dərəcələrini endirir, nəticədə əmanətlərin həcmi yenə azalan xətlə gedə bilər”
Bank üzrə mütəxəssis Əkrəm Həsənov isə "Reytinq”in əməkdaşına bildirib ki, banklar hazırda əmanətlər üzrə faiz dərəcələrini endirir. Onun fikrincə, bunun nəticəsində əmanətlərin həcmi yenə azalan xətlə gedə bilər: "Hazirda elə bir vəziyyətdir ki, bu prosesin sonrakı aqibəti barədə hələlik qəti fikir demək mümkün deyil. Ümumən müəyyən fərq və canlanma var. Bu da ilk növbədə, milli valyutanın sabitliyi ilə bağlıdır. Əmanətçilər milli valyutada yüksək faizlə banklarda əmanət yerləşdirməyə başladı ki, qısamüddətli də olsa, gəlir əldə edə bilsinlər. Nəticədə bir sıra bankda izafi likvidlik əmələ gəldi. Həmin vəsaiti harasa yerləşdirmək və pul qazanmaq lazımdır. Bir qismini Mərkəzi Bankda depozit kimi yerləşdirdilər. Qalan hissəsini isə kredit kimi vermək məcburiyyətində qalıblar. Düzdür, bunu əvvəlki kimi fəal şəkildə etmirlər, çünki ödəniş qabiliyyətli potensial borcalanların sayı azalıb. Amma yenə də nəsə verirlər. Nəticədə cüzi canlanma var. Lakin bunun uzunmüddətli olacağı sual altındadır. Çünki banklar hazırda əmanətlər üzrə faiz dərəcələrini endirir. Nəticədə əmanətlərin həcmi yenə azalacaq. Deməli, kredit resursları da azala bilər”.
Onu da nəzərə çatdıraq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qanunsuz yoxlamaları ilə bağlı da narazılıqlar artıb. Maraqlıdır, yoxlamaları belə qanunsuz olan maliyyə sektorundan nə gözləmək olar?
Bu məsələyə də münasibət bildirən Ə.Həsənovun sözlərinə görə, 1 mart 2014-cü il tarixdən qüvvədə olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı yoxlamaların vahid məlumat reyestrinə verməyə borcludurlar. Yəni, hər bir yoxlama qabaqcadan qeydiyyata alınmalıdır. Həmin Qanunun 3.2-ci maddəsində deyilir ki, həmin Qanunun tələblərinin pozulması ilə, o cümlədən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və bu cür yoxlamaların gedişində aşkar edilmiş qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz: "Lakin Maliyyə Bazarlarına Nəzarət Palatası heç bir yoxlamasını sözügedən reyestrdə qeydiyyata aldırmır. Bu isə o deməkdir ki, banklarda, bank olmayan kredit və sığorta təşkilatlarında aparılan bütün yoxlamalar qanunsuzdur. Həmin qurumlara qarşı tətbiq edilmiş sanksiyalar da qanunsuz sayılır”.
Ekspert onu da nəzərə çatdırıb ki, həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı, digər sənədlər və məlumatlarla yanaşı yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı da sahibkara təqdim etməlidir. "Qanunun 20.2-ci maddəsində isə vurğulanır ki, göstərilən sənədlər təqdim edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Odur ki, banklar və digər yoxlanılan təşkilatlar Palatanı qova da bilərlər. İndi özünüz deyin, yoxlamaları belə qanunsuz olan maliyyə sektorundan, onun bank sistemindən, sığorta bazarından müsbət nəsə gözləmək olarmı? Məgər Palata əlahiddə dövlətdir ki, istədiyini edir? Axı, biz ümidli idik ki, bu Palata əvvəl "Reanimasiya”ya, sonradan isə "Morq”a çevrilmiş maliyyə sektorunun sağlamlaşdırılması yeri olacaq. Daha demədik ki, növbəti qanunsuzluq qurumu olsun. Yəni, sadəcə, dərəbəylikdir”, - deyə müsahibimiz fikrini tamamlayıb.