SON ÇARƏ – MÜHARİBƏ:ONA “QADIN GÖZÜ”YLƏ BAXMAQ OLMAZ!

15-03-2019, 21:07           
SON ÇARƏ – MÜHARİBƏ:ONA “QADIN GÖZÜ”YLƏ BAXMAQ OLMAZ!
Nobel mükafatı laureatı, tanınmış Belarus yazıçısı, araşdırmaçı-jurnalist Svetlana Aleksandrovna Aleksiyeviçin belə bir kitabı var: "Müharibə qadın simalı deyil”. Əsər İkinci Dünya Müharibəsində iştirak etmiş qadınların – kəşfiyyatçıların, snayperlərin, partizanların, tibb bacılarının, sanitarların, rabitəçilərin, aşpazların və digər əyninə hərbi mundir geyərək, müxtəlif peşə sahibləri kimi döyüşlərdə iştirak etmiş və sağ qalmış qadınların xatirələri əsasında yazılmış sənədli romandır.

Əsəri qiymətli və oxunaqlı edənsə təkcə müharibə iştirakçısı olan bu qadınların döyüş şəraitindəki heyrətamiz həyat hekayələri, qəhrəmanlıq və ya sevgi xatirələri deyil, həm də müharibəyə baxışlarının, keçirdikləri hisslərin, emosiyalarının olduqca təsiredici formada detallı şəkildə təsviridir. Burada ərini, atasını, oğlunu, qardaşını itirmiş və buna görə intiqam almağa çalışan döyüşçü-qadın obrazları da çoxdur, mərhəmət duyğusunun qisas və vətənpərvərlik hissini üstələyərək düşmənlərini bağışlayan ana obrazları da…

Ümumiyyətlə, əsər büsbütün hisslərin qarşılaşdırılması və seçimin də oxucunun ixtiyarına buraxılması üzərində qurulsa da, romanda müəllifin bir ana xətti əsas götürdüyü açıqca sezilir – müharibəyə məhz qadın gözüylə baxmaq, qadın ürəyi ilə yanaşmaq və onu qadın təəssüratlarıyla xatırlamaq!

Qadın gözünün və qadın ürəyinin aşıladığı, dediyi, yaratdığı təəssürat isə yekunda budur: insan müharibədən böyükdür, onun itkisinə dəyməz; müharibələr amansızdır, dəhşətdir, o, insanlığa düşməndir, ancaq faciələr, dərd, kədər, göz yaşları gətirir, sevgilərə, talelərə, gənc ömürlərə son qoyur, vəssalam…

…Azərbaycan xalqına müharibələrin dəhşətləri təkcə bu sayaq kitablardan tanış deyil. XX əsrin ən ağır və ən dəhşətli hadisəsi kimi tarixə düşmüş, 55 milyon insanın itkisiylə nəticələnmiş İkinci Dünya Savaşında 700 minədək azərbaycanlı iştirak edib ki, onların da tən yarısı ya ölüb, ya da itkin düşüb. Bu müharibənin od-alovundan keçib gəlmiş, dəhşətləri gözlərində ilişib qalmış insanlardan hələ də aramızda olanlar var və Azərbaycanda, demək olar, elə bir ailə tapılmaz ki, İkinci Dünya Müharibəsinin ağır məşəqqətlərini, itki və faciələrini, iztirablarını hər hansı formada yaşamasın… Sadəcə, SSRİ-nin bu müharibədə məhz insan həyatı hesabına qazandığı qələbə o vaxtlar "Sovetlər ailəsi”nin bir parçası olan Azərbaycanda da bu dəhşətin miqyasını və ağrılarını zamanla unutmağa, bir növ, sonrakı nəsillər üçün qəhrəmanlıq salnaməsinin yazıldığı faciəvi, ancaq örnək bir dövr, şanlı tarix kimi xatırlanmasına yol açmış oldu.

Bəli, qələbə və qisas hissi belədir – o ən ağır faciələri, itkiləri belə, zamanla unutdura və insana təsəlli ola bilir.

Ancaq SSRİ-dən ayrılıb müstəqil dövlət olmanın sevincini yaşamaq istəyən Azərbaycan insanı 30 ilə yaxındır ki, unuda və təsəlli üçün milçək qanadı qədərində söykənə biləcək istinadgahı, yeri olmayan başqa bir müharibənin – Qarabağ savaşının dəhşətlərində yanıb-qovrulur.

Bu müharibənin dəhşətinin ağrılarını, onun vahiməsini isə, təəssüf ki, hələ də hər bir azərbaycanlımız anlaya, hər adamımız duya bilmir. Yalnız eli-yurdu tar-mar edilənlər; atasının min bir əziyyətlə tikib-qurduğu koması yandırılanlar, babalarının-nənələrinin məzarları tank tırtılları altında eşilənlər; qadını-qızı gözü önündə zorlanıb öldürülənlər; düşmən səsin duymasın, əsir düşməsin deyə qucağındakı körpəsini bağrına basıb boğanlar; illərdir gecənin zülmətində soyuq və gil səngərlərdə dona-dona gözünü qırpmadan keşik çəkənlər; oğlu, qardaşı, atası, dostu savaşda öldürülənlər, şikəst olanlar; qapısına ay-ulduzlu, üçrəngli bayraq bükülü əsgər tabutu gələnlər… və bir də vətən ləyaqəti, vətən qeyrəti çox güclü olanlar hamıdan daha yaxşı bilirlər ki, müharibə nədir, onun dəhşətləri, ağrıları necə olur…

Eyni zamanda məhz onu da hamıdan yaxşı bilirlər ki, bu dəhşətləri onlara və sonrakı nəsillərinə zamanla unutdura biləcək, onları ovunduracaq, onlara təsəlli olacaq yalnız və yalnız bircə şey var – QİSAS VƏ QƏLƏBƏ! Başqa heç kim və heç nə!!! Dinimiz İslamın bəşəriyyətə yolgöstəricisi olan "Qurani-Kərim”də elə-belə buyrulmayıb ki, "…Qisasda həyat var…”

Ancaq çox təəssüf ki, son vaxtlar kənar güclərin – hansı ki, elə zamanında Qarabağ problemini onlar yaradıblar – birbaşa təhriki və aktiv iştirakı ilə müharibəyə qadın gözüylə və qadın qəlbiylə baxan "sülh göyərçinləri”nin dilində-dimdiyində bizə HƏYAT deyil, ÖLÜM naməsi gətirilir! Bəli, bəli, məhz ÖLÜM NAMƏSİ! Ərazisi işğal olunmuş, yurdu talanmış, əhalisi didərgin salınmış bir ölkənin nəinki ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, təhlükəsiz yaşam hüququnu, hətta savaş, özünümüdafiə haqqını belə tanımadan, onu zorla sülhə – işğalla barışığa məcbur etmək, 30 ildə baş verənləri bircə anda unudub mövcud gerçəklikləri qəbullanmağa sövq etmək azacıq ləyaqəti olan bir xalq üçün nəinki ölüm deməkdir, hətta ondan da betərdir – rüsvayçılıqdır, müharibə terminiylə desək, kapitulyasiyadır, təslimçilikdir!

Mübarizə aparmadan təslim olan xalqlar isə ləyaqətli yaşam haqqına sahib deyillər və gec-tez, mütləq məhv olub tarixin zibilliyinə atılar, yalnız mənfi emosiyalarla, nifrət və ironiya ilə xatırlanarlar!

Tarix belə nümunələrlə doludur: məhz o xalqlar ayaqda qalıb inkişaf ediblər ki, daim mübarizə aparıblar, savaşlardan qorxmayıb, çəkinməyiblər; müharibələr onlar üçün təkcə fəlakət gətirməyib, həm də onları toparlayan, səfərbər edən, konkret hədəfə kökləyən əsas vasitə, sonda isə xilas və nicat qapısı olub!

İşə baxın ki, indi dünyanı müharibələrlə qan gölünə çevirənlər, onu idarə edənlər və özləri də bütün uğurlarına müharibələrlə nail olanlar bizə "Müharibə etməyin!”, "Sülhün alternativi yoxdur!” deyir və öz iradələrini də zorla qəbul etdirmək istəyirlər!

Yaxşı, doğrudanmı, çarəsizik?! Doğrudanmı, sülhdən başqa alternativimiz yoxdur?! Aramsız olaraq, illərdir təbliğ edilən, beyinlərə yeridilən bu sülh, axı, bizə nə gətirəcək?! O, indiyədək itirdiklərimizi qaytarıb, yaralarımıza məlhəm olacaqmı?! O sülh regionda uzunmüddətli sabitliyin təməlinə çevrilib bizi itirdiyimizi unutmağa imkan verən yüksək tərəqqiyə götürəcəkmi?!

Birmənalı və qətiyyətlə demək olar ki, yox! Çünki nə qədər Azərbaycan cəmiyyətindən gizlədilsə də, zamanla açılan həqiqətlərdən üzə çıxan, aydınlaşan odur ki, indiyədək ortaya qoyulan bütün həll modellərinin, sülh planlarının hamısında bizə təklif edilən, yedirdilmək istənən eyni şeydir: torpaq əvəzinə, sülh!

Bizdən torpağımızı alıb əvəzində bizə sülh yedirənlərin isə bircə arzusu, bircə istəyi var: enində-sonunda xristian Ermənistanın ərazisini müsəlman Azərbaycan torpaqlarının hesabına daha da genişləndirmək, ərazilərimizin işğalını rəsmiləşdirmək və sülhü qorumaq adıyla daha bir müsəlman ölkəsində xristian dövlətlərin hərbi bazasını qurmaq!

Nə qədər gizlədilsə də, nə qədər diplomatik ifadələrlə, terminlərlə bər-bəzək vurulsa da, bu, Azərbaycanın müstəqil bir dövlət kimi varlığına son qoymaq, onu oyuncaq rejimlərin idarə edəcəyi kölə, satellit bir ölkəyə çevirmək, bir növ, "hərbi post”, "gözətçi məntəqəsi” statusunda görmək deməkdir, vəssalam! Bunun başqa adı yoxdur!

Odur ki, Azərbaycan, nəyin bahasına olursa-olsun, illərdir sürən və son zamanlar İran məsələsinə görə daha da intensivləşdirilən bu sülh danışıqlarında heç bir halda heç bir güzəştə getməməlidir! Hətta Azərbaycan hakimiyyətinin indiyədək Dağlıq Qarabağ ermənilərinə vəd etdiyi ən yüksək özünüidarə statusundan belə imtina edilməli, onlara Konstitusiyasında öz vətəndaşları olan digər milli azlıqlar (talışlar, ləzgilər, avarlar, kürdlər və b. ) üçün tanınan haqq və imtiyazlardan fərqli hər hansı imtiyaz tanınmamalıdır! Çünki Qarabağ erməniləri üçün hətta sovetlərin – rusların vaxtilə verdiyi muxtariyyətin belə qəbulu, Azərbaycanda digər milli azlıqlar üçün də presedent yaradcaq və separatçılıq əhvalını daha da gücləndirəcək! Terrora, separatizmə güzəşt isə onu təşviq etmək, onu daha da stimullaşdırmaq deməkdir!

Azərbaycan ona son vaxtlar israrla yeridilən və separatizmə rəvac verən bütün "sülhlə həll” variantlarından birmənalı şəkildə imtina edərək, yalnız bir variant üzərində durmalı, beynəlxalq aləmdən də məhz bunu tələb etməlidir – işğal edilən torpaqlar qeyd-şərtsiz azad edilməli, 30 ildə ölkəmizə vurulan maddi-mənəvi ziyan ödənməlidir, əks-halda Azərbaycan anti-terror əməliyyatlarına – terrorçu-separatçılarla irimiqyaslı müharibəyə başlayacaq!

Bəlkə də, xüsusən də Rusiya amilinə görə indilikdə çoxlarına Azərbaycanın müharibəyə başlaması uğursuz cəhd kimi görünə bilər. Ancaq ortada bir "Aprel nümunəsi” də var və bundan qorxmaq, çəkinmək lazım deyil!

Bu həqiqəti isə bilmək və birdəfəlik beyinlərə yazmaq lazım ki, indiki şəraitdə hər hansı sülh bizim bir millət kimi birdəfəlik dəfnimiz olacaq! Və azacıq millətinə bağlı, millətini istəyən heç bir hakimiyyət də, bütün təzyiqlərə rəğmən, belə bir sülhə imza atmamalıdır, atmaz da! Qoca tarix xalqı adından onun maraqlarına zidd sövdələşmələrdə iştirk edən kimsəni bağışlamayıb!

Bizim müharibədən, savaşmaqdan başqa çarəmiz qalmayıb, yoxdur, dostlar! Bizi yalnız müharibə xilas edə bilər! O müharibə ki, orada övladlarımız, məsum körpələrimiz yox, özümüz ölməliyik! Ən azından, övladlarımıza, gələcək nəsillərimizə mübarizə örnəyi yaratmaq və haçansa ata-babalarının qisas almalarına şərait yaratmaq, ideya qaynağı, ilham mənbəyi olmaq üçün şərəflə ölə biləcəyimiz son bir müharibə, son bir döyüş!

… Svetlana Aleksiyeviçin "Müharibə qadın simalı deyil” kitabında qadınlardan birinin kədərli, ancaq dəhşətli ifadəsi yer alıb: "Qadın olmaq – müharibədə sağ qalmaq deməkdir”…

İndi torpağı, vətəni uğrunda ölmək istəməyən, sağ qalmağı hər şeydən üstün bilən azərbaycanlı kişisi üçün xarici güclər bircə yol saxlayıb: "Qadın olmaq!”

Biz də ya müharibəyə qadın gözüylə baxıb, qadın olub da sağ qalmağı – sülhü seçməliyik, ya da övladlarımızın qurtuluşu və ölkəmizin xilası üçün şərəflə ölməyi – müharibəni!

Hərə öz səfini bəlli etsin! Mən müharibəni seçirəm…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.