Polislər və oğrular - İradə TUNCAY yazır

12-02-2021, 21:06           
Polislər və oğrular - İradə TUNCAY yazır
Efes xarabalıqlarını görən çoxdu yəqin aranızda. Mən də gəzmişəm oralarda. Heyrətverici mənzərələri var – kitabxana, teatr, oyunlar üçün meydan, hamam, yamacda yaşayış evləri, hətta ümumi ayaqyolu, hətta ümumxana... Əsas küçədə isə kralın fərmanları qazılmış (yazılmış demirəm, daş üstünə qazılmış) lövhələr... Lövhələrin məzmununu öyrənmək istədim, tərcüməsini oxudum, Roma dövrünə aid fərman idi. Kimin adından yazıldığını unutmuşam, amma xəbərdarlıq idi. Deyirdi ki, “Sizin şəhərinizə çox para vermişik. Siz yenə yoxluqdan şikayət edirsiniz. Oğurlamısız dövlətin pullarını. Cəzalanacaqsınız!!!” ... Təxminən belə... Eramızdan əvvəl X əsrə aid bir yazı. Deməli, dövlət pulunu talan eləmək təcrübəsi hər zaman olub, hər zaman cəza da olub. Xeyri yoxdu...

Deyirlər ki, xəzinə oğurluğu və korrupsiya sözləri sinonim deyil. Mən də deyirəm ki, sinonimdi. Oğurlamağa şərait yaradılmasa, yəni rüşvət verilməsə hardan aparacaqsan? Nəzarət yoxdusa daşı apar da...

Antik dövrlərdən metodları dəyişmir – dövlət ehtiyaclarını artıq göstər, vergidən, gömrükdən gələn gəlirləri gizlət, xəzinədən mövcud olmayan, uydurulmuş ehtiyacları çıxar, kiminsə cibinə yönəlt və daşı apar...

Dövlət xəzinəsi varsa, əhali vergi verirsə, ordu, məhkəmə, icraedici strukturlar varsa, ərazi vahidləri mövcuddursa və bunları yığan, bölgü aparan, nəzarət edən icraçılar varsa nə olacaq??? Əlbəttə, oğurlanacaq... Hamı eyni ola bilməz ki...

Hammurapi qanunlarında yazır (deyim ki, ilk konstitusiya sayılır bu qanunlar, eramızdan əvvəl XVIII əsrdə yazılıb):

“Əgər Tanrının və ya sarayın əmlakı talan edilibsə və əgər talan olunanı kimsə qəbul edibsə, edam olunacaq”.

Qədim Yunanıstanda xəzinə oğurluğu mövzusu geniş yayılıbmış ki, Aristofanın komediyalarında yazılıb bu barədə ... Oxuyanlar Hammurapi, Aristofan haqqında bilmirlərsə ən azından internetdə məlumat ala bilərlər...



Maraqlıdır ki, qədim Romada belə oğurluqları “anlayışla”, adi bir şey kimi qarşılayıblar. Deyəsən, biz də onlara oxşayırıq ... O dövrün salnamələrində yazılanlardan:

Hesabatlarda ordunun sayını artıq göstərən komandirlərdən tutmuş, burdan qalan pulları müxtəlif hesablarda şişirdən məmurlara qədər... hamı oğurlayırdı. Vəzifə cibləri doldurmaq vasitəsi sayılırdı. Və orta oğurluq həyat norması idi.

Tarixçilərin fikrinə görə, bu oğurluqlar orduda intizamın dağılmasına, döyüş qabiliyyətinin sönməsinə və sonda imperiyanın çökməsinə gətirib çıxardı...

Və nə qədər ağır cəzalar tətbiq olunsa da, bütün dövrlərdə bütün hökmdarlar dövləti rüşvətdən, xəzinə oğurluğundan aralı tuta bilmədilər... Nisbət məsələsi vardı. İvan Qroznı opriçnina yaratdı, lap rəzil vəziyyət yarandı, Birinci Pyotr öz əyanlarından 13 milyon pulu xəzinəyə qaytarmışdı – müqayisə üçün deyək ki, 1724-1727- ci illər arası Rusiya imperiyasının hərbi büdcəsi 17 milyon idi. Belə...

Korrupsiya sözü latın dilindən gəlir – çürümək, məhv olmaq, satın alınmaq mənasını verir . Latın dili indi ölü dil sayılsa da, ənənəsi yaşayır. Korrupsiyanın sistematik xarakteri onun məcburi funksiya daşımasındadır. Aşağıdan rüşvəti yığıb yuxarılarla bölürlər və bu məcburiyyət yaramaz adamların zənginləşməsinə xidmət edir...

Təbii ki, yeni bir söz demədim. Hamı bilir də bunu. Bilir və qanun adı olan hər şeyə nifrət edir. Bilir ki, savaşın ilk günlərindən filankəsin başına torba keçirib aparıblar. Bilir ki, bu işin içində torba tikənlər də olmamış deyil. Qorxulu olan budur... Qanuna nifrət... Kök Avropadan gəlsə də, orda XVII əsrin sonlarından bu bəladan qurtarmaq cəhdləri başlayıb. Amma özlərində dəyişmək cəhdi deyək – bizim kimi ölkələrdən alırlar da, tələb edirlər də... Hind eposlarında bir maraqlı fikir var – suyun altına baş vuran quşlar orda su içirlərmi? Dörd tərəfin sudursa, içmədən dayana bilərsənmi? Deməli, bu həm də mənəviyyata bağlı bir şeydi. Gözün toxdusa güman var... Acdısa, çalışdığın yer “ Qapalı Səhmdar Cəmiyyəti”nə çevrilir . Və başlanır bircə həmlədə igidlikdən cinayət, cinayətdən hünər nağılı yazmaq …

Dante “İlahi komediya”da oğrulara yer verir. Nə fərqi? Böyük oğrular, ya kiçik? Enində-sonunda oğurluqdu da. Yoox, amma ... Fərq var. Oğru var mal-heyvan aparır, oğru var söz oğurlayır, oğru da var həyat ... Deyək ki, bir adam küçədəki göyərti satan nənələri, limon satan xalaları döyüb-söyüb bir az pul toplayıb. Yetmir, daha yüksəklər cəlb edir – yenə döyüb- söymək lazım gəlir ... Pul çoxaldıqca satın alına biləcək mövqelər də artır. Vəzifəni satın almaq olur, hörməti olmur. Satın alır təbii, amma içində bir qəzəb də artır... Oturduğu mövqe var, nəsil-nəcabət yoxdu...Və xatırladırlar ona tez-tez hardan gəldiyini... Əsli-nəsli satın almaq olmur axı... Çarə nəyə qalır? Həəə, bildiniz – nifrət kükrəyir əsli olanlara ...Və bu da cəmiyyətdə qeyri-bərabər durumu körükləyir. Neyləmək olar? Hər şey alınıb-satılmır. Ya satılır? Deyəcəksiniz bizdə bunun da çarəsi var... Siyasətin dili kateqorik olmur, rəngi ağ və ya qara olmur, ən pisin içindən nisbətən yaxşını seçmək olur. Hardasansa, kiminləsənsə, nə mümkündüsə onu edirsən. Məhz bu – nə mümkündüsə…

Qəribədir, dünya yazıçıları oğru obrazlarından uğurla istifadə edib və indiyə qədər də hamını Jan Valjan, Javer, Tenardye ilə müqayisə edirlər. Biz xalq, ya da toplum deyək – incik olmuşuq hər zaman. Qaçaq Hüseyndi yaddaşlarda. Çünki haqsızlıq çox görüb dövləti təmsil edənlərdən. Arada bəzi təmiz adamlar var – onlara da anormal baxırlar. Pulu yoxdu ona görə. Sovet film-filan çəkdirirdi özünü qoruyan şəxslər haqqında ... Əsərlər yazdırırdı. Hətta Dyadya Styopa var uşaq xatirələrində... Bu gün isə... İnciklik və nifrət. Haqlı-haqsız... Hökm verənin xalqı seçmək imkanı yoxdur, əyanlar isə hər zaman göz qabağında. Cəza da vermək mümkündür, ənam da …

Dante nə deyəcəkdi bu halda? Bilmirəm... Korrupsiya cəhənnəmə getməyib... Bu az vaxtda gedəsi də deyil...

“Əlibaba və qırx quldur” filmi var. Quldurlar o qədər aralıqsız hücum edirlər ki karvanlara sarban “quldur” deyib ağlayır... Quldurbaşı isə şəhəri idarə edən hakimdi... Filmdə belədi…

Bir filmi də xatırladım – İkinci Dünya Müharibəsindən sonra Mario Moniçelli “Polislər və oğrular” filmini çəkmişdi. Savaşdan sonra “Marshall planı” işə düşmüşdü, miskin, fəqir, dağılmış Avropaya Amerika yardım edirdi . Və burda obrazların diliylə rejissor xalqın vəziyyətini, yardıma münasibətini göstərə bilmişdi...

Deməli, yenə məsələ nə oldu? Sənət ön plandadır, sənət çıxış yoludur. Dövləti sevdirməyin yoludur... Deməli, oğrularla mübarizə sənətdən keçir.

Deyirlər bəşəriyyət təəccüb etməyi unudanda sonu gələcək... Deyəsən, gəlir axı...

Çox iyrənc haldı “kim, harda, kimi, necə və hansı qiymətə” sözlərinə adətkərdə olmaq... Dövlətin borclu olduğu insanların da sayı çoxdu. Maddi yox, həm də mənəvi... Çirkli təpiklərlə böyük qapıları açanda qapılar da bulaşır... Və ətraf çirkabdısa, hamı bulaşacaq ...
İradə Tünçay
ədalət.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.