Səməd Vurğunun Müşfiqi və Hüseyn Cavidi “ifşa edən” məqaləsi
22-03-2016, 18:10
teref.az Azadlıq radiosuna istinadən məqaləni oxuculara təqdim edir:
“...Hüseyn Cavid, Müşfiq kibi alçaqlar öz kontrrevolüsyon fikirlərini ədəbiyyat sahəsində də aparmışlar.
Bütün bu ciddi faktlar açıq göstərir ki, biz qəbul zamanı Sovet Yazıçıları İttifaqının nizamnaməsini pozaraq sovet platformasında durmayan və sosializm quruluşunda iştirak etməyən bu xalq düşmənlərinə təşkilatmızın qapılarını açmışıq...”
“Oxu zalı”nda 1937-ci ilin mətbuatından götürüb çap etdiyimiz belə yazılar kimlərisə gözdən salmağa yönəlməyib, məqsəd, sadəcə, repressiyalar dövrünün ab-havası haqda təəssürat yaratmaqdır. Qoy nəticəni oxucu özü çıxarsın. Səməd Vurğun bu məqaləni Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin həmin il iyunun 4-dəki həbsindən bir neçə gün sonra yazıb. Həmin nömrədə səhifənin başından iri hərflərlə “Pravda” qəzetindən sitat verilib: “Ədəbi-bədii təşkilatların və birinci növbədə Sovet Yazçılar İttifaqı işinin ən mühüm nöqsanı bolşevik sayıqlığının kütləşməsidir” və orada Abdulla Faruq, Rəsul Rza, Cəfər Xəndan və digərlərinin də müxtəlif yazarlar haqda ittihamedici məqalələri yer alıb.
SƏHVLƏRİMİZ HAQQINDA
Son vaxtlarda Azərbaycan Sovet Yazıçıları İttifaqında baş verən hadisələr və bu haqda partiya orqanlarımızın yazdığı vaxtlı və haqlı tənqidlər geniş oxucu kütlələrini düşündürməyə bilməz.
Biz işimizdə buraxdığımız səhvlərə göz yummadan, sağlam bolşevik özünütənqidi ilə bu səhvləri ləğv etməli, sovet ədəbiyyatımızın iri addımlarla inkişafını təmin etməliyik.
Azərbaycan Sovet Yazıçıları İttifaqı öz siyasi-ideoloji istiqaməti ilə böyük partiyamıza daim sadiq qalaraq bütün xalq düşmənlərinin ədəbiyyat sahəsinə soxulan agentləri ilə dönməz və yorulmaz mübarizə aparmışdır.
Bugünkü ədəbi nailiyyətlərimiz hər şeydən əvvəl bu barışmaz sinfi mübarizəmizin qanuni bir nəticəsidir. Biz, sovet yazıçıları öz qələmimiz ilə bir tərəfdən xalq düşmənləri – faşist casusları olan mənfur müsavatçı və trotskiçilərin iç üzünü ifşa etməklə, digər tərəfdən isə böyük sovet vətənimizin çiçəkli baharından ilham alaraq, onu tərənnüm etməklə böyük Stalin epoxasına layiq əsərlər uğrunda çarpışırıq.
Əldə etdiyimiz bütün müvəffəqiyyətlər bizimlə qalır, nöqsanlarımızdan nə qədər çox və düz danışsaq, gələcək inkişafımız bir o qədər sürətlə gedər.
Qabaqca qeyd etməliyəm ki, Azərbaycan Sovet Yazıçıları İttifaqında bolşevik özünütənqidi lazımi yüksəkliyə qaldırılmamış, kütlədən gələn səslərə təşkilat rəhbərliyi lazımi qiymət verməmiş və məhz buna görə də işimizdə böyük səhvlər və nöqsanlar baş vermişdir.
Nə kimi əsas nöqsanlarımız var və bunlar nədən iləri gəlmişdir?
Birinci əsas səhvimiz Sovet Yazıçılar İttifaqına qəbul zamanı siyasi korluq üzündən öz cərgəmizə bir sıra yabançı və düşmən adamları qəbul etdiyimiz olmuşdur.
Biz onların fəaliyyətini bir yanda buraxaraq quru vədlərinə aldanmışıq. Demək ki öz bolşevik sayıqlığımızı zəiflədərək qapılarımızı dosta da, düşmənə də açmışıq. 3-cü plenum açıq göstərdi ki, Ə.Cavad, Yusif Vəzir, Musaxanlı, Sanılı, Simurq və başqaları cərgələrimizdə özlərinə yurt salaraq öz qara keçmişlərindən əl çəkməmişlər və ədəbiyyatımıza az ziyan verməmişlər.
Talıblı, Əli Nazim, Hüseyn Cavid,
Müşfiq kibi alçaqlar öz kontrrevolüsyon fikirlərini ədəbiyyat sahəsində də aparmışlar.
Bütün bu ciddi faktlar açıq göstərir ki, biz qəbul zamanı Sovet Yazıçıları İttifaqının nizamnaməsini pozaraq sovet platformasında durmayan və sosializm quruluşunda iştirak etməyən bu xalq düşmənlərinə təşkilatmızın qapılarını açmışıq.
Bütün bu işdə yazıçılar ittifaqı, onun rəhbər işçiləri, o cümlədən mən özüm partiyamız və xalqımız qarşısında cavab verməliyik. Şəxsən mən ittifaqın məsul katibi və respublikanın ordenli şairi kibi buraxılan bu səhvlərdə özümü hər kəsdən daha çox müqəssir görürəm və bunu etiraf etməyi özümə bir vətəndaşlıq borcu hesab edirəm.
Lakin səhvi etiraf etmək azdır. Onu ləğv etmək və bir daha təkrar etməmək hamımızın borcudur. Qarşımızda duran birinci məsələ sıramızı sovet platformasında durmayan, bizim böyük günlər quruluşundan ilham ala bilməyən ictimai tüfeylilərdən, bu və ya digər boyalarla öz qara fikirlərini yürüdən xalq düşmənlərindən təmizləməkdir. Qeyd etməliyəm ki, bunları təşkilat sırasından çıxarmaqla bizim mübarizəmiz qurtarmayır. Onların iç üzünü daha dərindən ifşa etmək üçün qüvvələrimizi səfərbərliyə alaraq tənqidimizi yüksək səviyyəyə qaldırmalıyıq. Onların yaradıcılığında yürüdülmüş antisovet ideyaları xalqımız qarşısında meydana çıxarmaq lazımdır ki, bu sahədə gördüyümüz işlər azdır.
İkinci nöqsanımız içərimizdə olan yoldaşlıq əlaqəsinin zəifliyi və bunun nəticəsində əmələ gələn ailəçilik və dəstəbazlıq elementləridir. Bu bir tərəfdən bizim ümumi işimizə zərər vurmuş, digər tərəfdən isə düşmənlərlə apardığımız mübarizənin zəifləməsinə səbəb olmuşdur. Yazıçılar İttifaqının heyət idarəsi bu məsələ ilə də məşğul olmamış və ailəçilik, dəstəbazlıq kibi bolşeviklərə yaraşmayan sifətlərin birdəfəlik aradan qaldırılmasında bir iş görməmişik. Misal üçün, gənc və istedadlı dramaturqumuz Mirzə İbrahimov yoldaşın “Həyat” pyesi haqqında Mir Cəlal və başqa yoldaşların mənfi fikirləri ilə heyət idarə mübarizə etmiş olsaydı, başqalarına da dərs olardı. Belə faktlar çox göstərmək mümkündür.
Üçüncü nöqsanımız budur ki, heyət idarə təşkilatın aktiv qüvvələrindən istifadə işini lazımınca qura bilməmişdir. Buna görədir ki, averbaxçılıq kibi kontrrevolüsyon trotskist bir cərəyanın istər nəzəri, istər yaradıcılıq tərəfdən iflası və onun Azərbaycan ədəbiyyatına verdyi zərərləri meydana çıxarmaq bu günə qədər gecikmişdir. Qoy bizim nəzəriyyə və tənqidlə məşğul olan yoldaşlar ağızlarına su alıb oturmasınlar. Əks təqdirdə onları da mübarizə dezertirləri kibi ifşa etməyimiz lazım gələcəkdir.
Nə üçün H.Mehdi, Nəzərli, S.Rüstəm, Rza və başqa yoldaşlar özlərini Az.APP vaxtı buraxdıqları səhvlərdən və averbaxçılığın onlara olan təsirindən danışmayırlar?
Nə üçün onlar bu trotskist təşkilatı nəzəri və yaradıcılıq nöqteyi-nəzərindən xalqımız qarşısında ifşa etmirlər? Bu işdə yalnız onlar müqəssir deyil. Biz, ittifaqın rəhbər işçiləri də bu mübarizəni təşkil etmək işində zəiflik və liberallıq göstərərək vaxtında siqnal verə bilməmişik. “Kommunist” qəzetinin “Averbaxçılığın kökünü kəsməli” məqaləsi bizi ayıltmışdır.
Müşfiqlə həyat yoldaşı Dilbər xanımın istintaq fotoları
Dördüncü əsas nöqsanımız ölkəmizin inkişafı ilə birlikdə boy atan yüzlərlə gənc istedadlar üzərində rəhbərlik işini qura bilməmiyimizdir. Bu isə ədəbiyyatımzın gələcək rezervlərinə kadro hazırlamaq işini təhlükə altına ala bilər ki, buna da dözmək mümkün deyildir. Yeni yazanların respublika müşavirəsini çağırmaq kibi bir təşəbbüs hələ də həyata keçirilməmişdir. Şəxsən mən bu müşavirəyə böyük əhəmiyyət verirəm. Onun vasitəsilə ən yaxşı talantlarımızı seçmək, ölkəmizə tanıtmaq, onlara qol-qanad vermək və doğru rəhbərlik göstərmək lazımdır ki, bu sahədə istər Sovet Yazıçıları İttifaqı, istərsə də mətbuat orqanları zəif işləmişdir.
Kadro hazırlığı işində ən geridə qalan sahəmiz tənqid sahəsidir. Yazıçılar İttifaqının tənqid seksiyası və onun rəhbəri Hidayət Əfəndiyev bu sahədə yalnız özünü düşünərək gənc tənqidçi kadrolarını seksiya ətrafına toplamamışdır. Biz isə liberallıq üzündən onu vaxtında tənqid etməmişik. Məncə, tənqidçilərin Bakı şəhər müşavirəsini tez bir zamanda çağırmaqla tənqid kadrolarımızın inkişafı ilə xüsusi bir diqqətlə məşğul olmalıyıq və bunu işimizin sisteminə keçirməliyik.
Beşinci əsas nöqsanımız Böyük Oktyabrın 20 illiyinə hazırlıq işlərinin zəifliyidir. Partiya və hükumətimizin bizə göstərdiyi maddi və mənəvi yardıma baxmayaraq hələ də yazıçılarımız öz yaradıcılıq məzuniyyətindən istifadə etmirlər.
Biz bütün qüvvələrimizi səfərbərliyə alaraq böyük əsrimizə layiq olan əsərlərlə Oktyabr bayramını qarşılamalıyıq. Azərbaycan sovet yazıçıları bu işdə qabaqcıllar cərgəsində olmağı özünə şərəf bilməlidir.
Altıncı əsas nöqsanımız ədəbiyyatımızın keyfiyyəti uğrunda apardığımız mübarizənin qənaətcil olmamasıdır. İstər şeirimizdə, istər nəsrimizdə ideoloji səhvlər və bədii nöqsanlar az deyildir. Sovet ədəbiyyatının yüksək bədii qiyməti uğrunda mübarizə əsas vəzifələrimizdəndir. Zira inkişaf etmiş kültür xalqımızın bizdən ümumi sözlər, təriflər deyil, bədii, inandırıcı həyat səhnələri və onu yaradan insanlar obrazını tələb edir.
Bütün bu nöqsanların əsas səbəbi bolşevik özünütənqidinin sıramızda lazımi yüksəkliyə qaldırılmamasındandır. Biz əminik ki, partiyalı və partiyasız bolşevik yazıçılarımızın səmimi yoldaşlıq və qardaşlıq ailəsini daha möhkəm qurmaqla, ədəbiyyat sahəsində olan bütün düşmənlərlə daha amansız mübarizə aparmaqla, bolşevik özünütənqidini genişləndirməklə bütün bu nöqsanlar tez bir zamanda aradan qalxacaq və Böyük Oktyabr revolyüsiyasının 20 illiyinə verəcəyimiz ölməz əsərlərimiz bizim ən gözəl cavabımız olacaqdır.
“Ədəbiyyat qəzeti”, 9 iyun, 1937-ci il
1-ci və sonuncu şəkillər "Mikayıl Müşfiq. Seçilmiş əsərləri, Bakı, 2013" kitabından götürülüb.