Psixoloji sujet
3-01-2023, 16:14
Bilmirəm, baxmısız, ya yox: hər il, yeni il vaxtı, tv-lərdə bir film verirlər: "Həmişə təmizlikdə və ya qəribə təsadüf". 3 saatlıq bu dram filmi, çox maraqlı senarili və yüksək səviyyədə çəkilmiş kinodur. Filmə baxdıqdan sonra, insan, istər-istəməz kövrəlir, hətta film, ilk saatından etibarən insanı dərin təsiri altına alır....
Amma... Amması budur ki bu film, eynilə "Titanik" filmi kimi, insanların beyninə yeridir ki sevgi, təsadüfi bir şeydir, şüursuz bir şeydir, insanın özündən asılı deyil!....
Bax bu, çox təhlükəli və çox pisdir!.... Niyə? Çünki insanlar, sevgini, təsadüfi hesab edirsə, deməli oturub sevgini, yəni möcüzəni gözləyəcəklər; sevgi və ailə işini, taleyin axarına buraxacaqlar!....
Bu cür filmlərdən, xüsusən qadınlar, çox təsirlənirlər və beyinlərindəki "ağ atlı oğlan" obrazı, daha da güclənir.
Beləliklə nə baş verir? Bir qıza, yüzlərlə elçi gəlir və qız da, hamsına “yox” deyib, nağıldakı qəhrəmanını gözləyir! Nağıldakı qəhrəman da heç vaxt gəlmədiyinə görə qız ya heç evlənmir, ya çox gec evlənir, ya da nağıldakı obraza ən uyğun şəxslə evlənir.... O obrazdakı aldadıcı zahiri xüsusiyyətlər-yaraşıq, etika, savad, var-dövlət, onu aldadır....
Beləliklə də qız, özü də nə istədiyini bilmədiyi üçün, oğlanın daxilinə deyil, xaricinə fikir verdiyi üçün, daxillə və reallıqla qarşılaşanda, şoka girir və boşanmaq istəyir!...
Hətta oğlanın daxili, pis olmayanda da, qız, şok girə bilir; çünki axı qız, ideal axtarırdı!...
İndiki dövrün xanımlarına xüsusi başa salmaq lazımdır ki, ağ atlı oğlan, real həyatda olmur, ümumiyyətlə ideal insan yoxdur, varsa da ona sən lazım deyilsən... Bir oğlan idealdırsa, zatən o səni deyil, özü kimi ideal insanı axtaracaqdır...
Sizə qəribə gələcək, amma mənim fikrimcə hətta məktəblərdə, universitetlərdə, xüsusi dərs keçilməlidir-sevgi dərsi. İnsanlara anladılmalıdır; sevginin, filmlərdəkindən, romanlardakından çox fərqli bir anlayış olması anladılmalıdır. Sevginin, insanın özündən asılı olan bir şey olduğu, başa salınmalıdır. Xəyaldakı obrazın, realda mövcud olmadığı, başa salınmalıdır. Xüsusən qızlara, aza qane olmaları anladılmalıdır.
Yoxsa milyonlarla ailə, qurulmamış qalacaqdır və milyonlarla ailə, dağılmış olacaqdır....Necə ki, elə indinin özündə, bu proses, getməkdədir, təəssüf ki...