Xəlifə və Xilafət

12-02-2023, 08:54           
Xəlifə və Xilafət
Xəlifə Peyğəmbərin yer üzündə nümayəndəsi (canişini) deməkdir. Xilafət sözü də buradan yaranıb, xəlifələrin idarə etdiyi əraziyə şamil olunmuşdur. Başında xəlifənin durduğu dini-siyasi (teokratik) dövlət xilafət adlanırdı. Yəni, xəlifə həm dini, həm də siyasi rəhbər hesab edilirdi. İlk xəlifələr Hz. Peyğəmbərin vəfatından sonra Ərəb Xilafətinə başçılıq etmiş Raşidun xəlifələridir: Əbu Bəkr, Ömər, Osman və Əli.
Hz. Məhəmməd Peyğəmbərin vəfatından sonra xəlifəlik uğrunda iki böyük güc üz-üzə gəldi. Bunlardan biri xilafətin əhli-beytin haqqı olduğunu müdafiə edən Hz. Əlinin tərəfdarı olan şiə kütlə, digəri isə Müaviyənin başçılığındakı Əməvilər idi. Uzun sürən amansız mübarizələr sonucunda 661-ci ildə Müaviyə başçılığında Əməvilər xilafətə sahib oldular. Lakin xilafət məsələsi əvvəlcə məvali üsyanlarına, daha sonralar xürrəmilər və ismaililər hərəkatına yol açaraq daha da alovlandı.
X əsrdən etibarən Ərəb Xilafətinin zəifləməsi ilə Abbasi xəlifələrinin siyasi hakimiyyəti arxa plana keçmiş, xəlifələr yalnız dini hakimiyyəti ilə mövqeyini qoruyub saxlamışdı. 945-ci ildə Deyləm əsilli Buveyhilər Abbasi xilafətini öz nüfuz dairəsinə alsa da varlığına son qoymadılar. Çünki həmin dövrdə Misirdə rəqib olduqları tarixin ilk şiə xilafəti Fatimilər hökm sürürdü. Fatimilər şəcərələrini Hz. Məhəmməd Peyğəmbərin qızı Fatiməyə dayandırır və müsəlman ölkələrinə yalnız əhli-beyt ailəsinin hakim ola biləcəyinə inanırdılar. Şiəliyin ismaili qoluna mənsub olan Fatimilər imamət silsiləsini İmam Cəfər Sadiqin oğlu İsmayıla dayandırsalar da, 899-cu ildə sülalənin banisi Abdullah əl-Mehdi özünü və əcdadlarını Məhəmməd ibn İsmayılın idarəçiləri olduğunu təkzib etdi. Belə ki, Fatimilər saxta şəcərə tərtib etdilər və İmam Cəfər Sadiqin nəvəsi Məhəmmədin nəslindən gəldiklərini iddia edərək haqq imamları olduqlarını bildirdilər. Sülalənin banisi Abdullah daha da irəli gedərək özünü gözlənilən İmam Mehdi elan etdi. Nəticədə, Fatimilərin bu siyasəti ilə razılaşmayan ismaili qruplar qərmətilər adında radikal dini hərəkata çevrildi və xilafətdə böyük təlafatlara, dağıntılara səbəb oldu.
Sünni İslamın bayrağı altında Mərkəzi Asiyadan Orta Şərqə axın edən Səlcuqlar Abbasi xəlifəsi əl-Qaimin xahişi ilə 1055-ci ildə Bağdada daxil olaraq şiə Buveyhilərin hökmranlığına son qoydular. Sultan Toğrul Abbasi xəlifəsi tərəfindən "Şərqin və Qərbin" hökmdarı adlandırıldı. Beləliklə, həmin vaxtdan etibarən azanlarda şiə Fatimi hökmdarlarının deyil, Sultan Toğrulun adına xütbə oxunmağa başlandı. Bu, dini hakimiyyətin xəlifədə, siyasi hakimiyyətin isə Səlcuq sultanında olması anlamına gəlirdi.
1171-ci ildə səlib yürüşlərinin qarşısında süqut etməkdə olan şiə Fatimilərin hökmranlığına Səlcuqların Mosul Atabəyliyi son qoydu. Abbasi xəlifələri isə dini hakimiyyətlərində əvvəlki kimi sərbəst idilər. Bu sərbəstlik 1258-ci ildə Hüləgü xanın (1256-1260) Bağdadı fəth etməsinə qədər davam etdi. Şaman inanclarına sahib Hüləgü xan 1258-ci ildə Bağdadı tutaraq şəhərdə böyük bir qətliam törətdi. Abbasi xəlifəsi Müstasım Billahı isə öz inancına uyğun ailəsi ilə birlikdə edam etdirdi. Bununla da, Abbasilərin Orta Şərqdə dini hökmranlığı sona yetdi. Xəlifənin nəslindən sağ qalanlar Misirə köçüb, varlıqlarını 1517-ci ilə qədər davam etdirdilər. Orta Şərqdə isə xəlifəlik uğrunda iki türk cahangiri, Osmanlı Sultanı İldırım Bəyazid (1389-1402) və Teymuri hökmdarı Əmir Teymur (1370-1405) amansız mübarizəyə başladılar. Bu mübarizə 1402-ci ildə Ankara döyüşündə Əmir Teymurun qələbəsi ilə nəticələndi.
1517-ci ildə Misiri ələ keçirən Osmanlı Sultanı Səlim (1512-1520) Abbasiləri tarixdən sildi və xəlifə titulunu götürdü. Beləliklə, Sultan Səlim sünni islam dünyasının həm siyasi, həm də dini rəhbəri oldu. Bununla da, Osmanlı imperiyası xilafət adlandırıldı. Xəlifəlik yalnız 1924-cü ildə Türkiyə BMM-nin qərarı ilə ləğv edildi.
Osmanlılar xilafət anlayışını sünni islam modelində tətbiq edərkən, eyni vaxtda Azərbaycanda hakimiyyətə gələn Səfəvilər (1501-1736) bunu şiə modelində tətbiq etdilər. Nəticədə, Səfəvilər özlərindən əvvəlki sələflərindən fərqli bir dövlət sistemi yaratdılar. Qızılbaş dövlətində hökmdar, eyni zamanda Səfəvi təriqətinin şeyxi, yəni dini rəhbər idi. Buna görə də Şah İsmayıl (1501-1524) Hz. Əli ilə eyniləşdirilir, onun davamçısı kimi göstərilirdi. Siyasi hakimiyyəti Ağqoyunlulardan miras alan Səfəvilər, dini hakimiyyətlərini də legitimləşdirmək üçün öz şəcərələrini İmam Museyi Kazımın soyuna bağladılar. Səfəvilərin süqutundan sonra 1736-cı ildə Muğan qurultayında şah seçilən Nadir bu dini-siyasi sistemi dəyişməyə çalışsa da, buna ömrü yetmədi.
Elbrus Vahidov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.