Şelokovla Rəşidovun əlbirliyi, Andropovun həmləsi, Brejnevin hamiliyi – sovet dövrünün korrupsiyası.

12-02-2023, 00:09           
Şelokovla Rəşidovun əlbirliyi, Andropovun həmləsi, Brejnevin hamiliyi – sovet dövrünün korrupsiyası.
Ən yeni tarix. Maraqlı faktlar.
Milyonlarla gəlir gətirəcək böyük korrupsiya əməliyatının planı son detallarına qədər işləndikdən sonra gecədən xeyli keçməsinə baxmayaraq, Özbəkistanın birinci katibi Şərəf Rəşidova Moskvaya gedəcək yük qatarına əlavə 12 vaqonun qoşulması haqqında məlumat veriblər. Birinci katib bu məlumatı aldıqdan sonra Özbəkistanın daxili işlər nazirinə göstəriş verib ki, qatar son mənzilə çatana qədər ona şəxsən nəzarət etsin. Həmin 12 vaqonda isə nəzarət ediləcək bir şey olmayıb. Sadəcə, bu boş vaqonların möhürlərini qorumaq zəruri sayılıb.
Təbii ki, ortaya belə bir sual çıxır, birincilərin boş vaqonlara bu qədər ciddi nəzarətinə səbəb nə olub?
Əslində həmin boş vaqonların içində pambıq olmalıymış. Həmin pambıq ardıcıl olaraq texnoloji proseslərdən keçdikdən sonra son mərhələdə əsgər və zabit formalarına çevrilməliymiş. Bəli, bütün sənədlərdə bu proses belə də olub.
Daxili qoşunlar baş idarəsindən Yüngül Sənaye Nazirliyinə əzgər və zabitlər üçün formaların tikilməsi ilə bağlı sifariş verilib, nazirlik öz növbəsində xammalın əldə olunması üçün SSRİ Nazirlər Sovetinə məktub ünvanlayıb, Nazirlər Soveti də öz növbəsində pambıqçılıq təsərrüfatlarından gələn xammaldan müvafiq məktublara uyğun olaraq bölgü aparıb. Bütün bu proses üçün dövlət büdcəsindən külli miqdarda pul ayrılıb. Beləliklə, Özbəkistandan Moskvaya göndərilən “pambıqla dolu” yük vaqonları istehsal müəssisələrinə, fabriklərə göndərilib, pambıq parçadan “tikilən” formalar hazır olduqdan sonra daxili qoşunların hərbi hissələrinə “təhvil” verilib. Amma kağızda. Büdcədən ayrılan pullar isə şəxsi ciblərə gedib.
Bu maxinasiyanın üstü isə çox kiçik bir söhbət əsnasında açılıb. Belə ki, daxili qoşunların Moskvadakı hərbi hissəsində xidmət edən kapitan Vladimir Kazakov qısamüddətli ezamiyyəti zamanı valideynlərinin yaşadığı Oryol şəhərinə gedib. Onun böyük qardaşı mayor Oleq Kazakov isə Moskva şəhər dövlət təhlükəsizliyi idarəsində xidmət edib. Təsadüf elə gətirib ki, böyük qardaş da həmin ərəfədə Oryolda ezamiyyətdə olub. Qardaşlar ata evində görüşəndə bir-biri ilə xidmətləri haqqında da söhbət ediblər. Söhbət əsnasında Vladimir Kazakov il ərzində yeni geyim forması almadığından şikayətlənib. Yəni bu, daxili qoşunlar zabitinin xüsusi xidmət orqanlarının zabitinə rəsmi şikayəti yox, sadəcə, iki qardaş arasında olan söhbət olub.
Bu şikayət Oleq Kazakovun diqqətindən yayınmayıb. O, Moskvaya qayıdan kimi məsələ ilə bağlı öz rəisinə, Moskva şəhər və vilayət dövlət təhlükəsizliyi idarəsinin rəisi, general Viktor Alidinə məlumat verib. Dərhal məsələyə reaksiya verən general agenturanın fəaliyyətini işə salıb. Məlum olub ki, Moskva şəhərində və vilayətində olan daxili qoşunların bütün hərbi hissələrində vəziyyət eynidir. Gizli araşdırma nəticəsində o da məlum olub ki, daxili qoşunların tabe olduğu DİN-in təchizat baş idarəsinin əşya xidmətində yeni formaların qəbul edilməsi ilə bağlı rəsmi aktlar da var. Və həmin aktlara əsasən nazirlik daxili qoşunların hərbi hissələri üçün yetərincə forma alıb. Bu məhz həmin formalar olub ki, Özbəkistandan Moskvaya göndərilən vaqonlarının içindəki “pambığın” hesabına “tikilib”.
General Viktor Alidin məsələ ilə bağlı rəsmi və yazılı şəkildə DTK sədri Yuri Andropova müraciət edib. Sözsüz ki, bu korrupsiya və cinayət faktı Andropov üçün göydəndüşmə olub. Belə ki, Andropovun qarşısında çox kəskin konfliktdə olduğu daxili işlər naziri Nikolay Şelokovu vurmaq üçün böyük şanslar yaranıb.
Amma mövcud rejimdə heç bir nazirin, komitə sədrinin, hətta Mərkəzi Komitə katiblərinin sərbəst qərar çıxarmaq hüququ olmayıb. Leonid İliç Brejnevin razılığı alınmadan heç kimin qərar vermək səlahiyyəti olmayıb. Buna görə də Andropov Brejnevlə danışmaq məcburiyyətində qalıb.
Söhbət çox da uzun çəkməyib. Andropov baş katibə korrupsiya faktı ilə bağlı məlumat verəndə Brejnev DTK şefinə təmkinlə cavab verib:
- Yuri Vladimiroviç, belə bir fakt DTK-da aşkar olunsaydı, mən sizin narahatlığınızı anlayardım. Amma belə bir məsələ sizdə baş verə bilməz. Çünki siz bu qurumun rəhbəri kimi öz işinizi bilən peşəkar bir adamsınız. Bu məsələ ilə bağlı nazir Şelokov özü araşdırma aparmalıdır.
Andropov Brejnevə daha incə detalları açıqlamağa cəhd edib:
- Leonid İliç, nazirin xəbəri olmadan nazirlikdə heç kim cürət edib bu işin altına girə bilməz. Bu Şelokovla Şərəf Rəşidovun birgə qurduğu plandır.
- Siz Rəşidova toxunmayın. Özünüz də bilirsiniz ki, Özbəkistan ölkə iqtisadiyyatına nə qədər xeyir verir. Bu işlə mən özüm məşğul olacam.
Bu görüşdən 10 gün sonra Mərkəzi Komitənin geniş tərkibli iclasında Brejnev öz şıxışında güc strukturlarının rəhbərlərinə müraciət edib:
- Silahlı qüvvələrin şəxsi heyətinin əşya və ərzaq təminatı partiya qarşısında həmişə diqqətdə saxlanılan məsələlərdən biridir. Biz çalışmalıyıq ki, əsgər və zabirtlətimizin təminat məsələsində problem olmasın. Amma bu yaxınlarda mənə verilən məlumata görə, bəzi hərbi hissələrdə bununla bağlı problemlər yaranıb. Diqqətinizə çatdırıram ki, ən qısa müddət ərzində mövcud problemlər aradan qaldırılmasa, müvafiq şəxslərlə söhbətimiz daha ciddi olacaq.
Bu da Brejnevin büdcə oğrularına “ciddi” xəbərdarlığı olub. Təbii ki, Andropov susmaq məcburiyyətndə qalıb, Şelokov və Rəşidovun qarşısından acizliklə geri çəkilib. Çünki hər ikisi Brejnevlə dostluq əlaqəsində olublar. Amma Andropov baş verənləri unutmayıb, məqam gözləyib və gözlədiyi məqamda da hər ikisinin sonuna çıxıb...
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.