Spitak zəlzələsi, iki aviaqəza – Təyyarələrdən biri Türkiyədən, o biri Azərbaycandan qalxmışdı

12-02-2023, 11:49           
Spitak zəlzələsi, iki aviaqəza – Təyyarələrdən biri Türkiyədən, o biri Azərbaycandan qalxmışdı
Ən yeni tarix. Maraqlı faktlar.
Böyük dağıntı və itkilərlə səbəb olan təbii fəlakətlər zamanı hadisənin baş verdiyi ölkəyə digər ölkələrin humanitar yardım göstərməsi artıq ənənəyə çevrilib. Belə məsələlərdə bütün siyasi ambisiyalar kənara qoyulur, hər bir ölkə maddi və mənəvi dəstəyi ilə zərər çəkmiş tərəfə kömək göstərməyi özünə borc sayır.
Bir sözlə, heç kimin və heç bir məkanın sığortalanmadığı təbii fəlakətlər zamanı dünya ölkələri xoşməramlı hərəkətlər edirlər. Amma təəssüf ki, belə missiyalar zamanı qarşılıqlı münasibətləri gərginləşdirməyə çalışanlar, prosesi xoşagəlməz, insanlığa sığışmayan bir məcraya yönəldənlər də olur. 1988-ci ilin dekabrında Ermənistanda baş verən zəlzələ zamanı olduğu kimi...
Qeyd edək ki, Ermənistanın Spitak rayonunda (1949-cu ilə qədər Hamamlı rayonu) zəlzələ 7 dekabr 1988-ci ildə, saat 10.41 dəqiqədə baş verib. 30 saniyə ərzində davam edən təkanlar Ermənistanın şimal hissəsini əhatə edib. Təkanların intensivliyi 12 ballıq Rixter şkalası ilə Spitakda 10, Gümrüdə (Leninakan) 9, Kirovakanda 8, digər ərazilərdə 6 bal gücündə olub. Rəsmi statistikaya görə Spitakda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 25 minə çatıb, 170 min nəfər əlil olub, 514 min nəfərin mənzili tamamilə dağılıb, Ermənistanın sənaye obyektlərinin 40 faizi sıradan çıxıb, Spitak və rayonun 58 kəndi yerlə-yeksan olub, 21 şəhər və 300-dən artıq yaşayış məntəqəsi, o cümlədən Gümrü ciddi dağıntılara məruz qalıb.
Digər təbii fəlakətlər zamanı olduğu kimi Ermənistanda baş verən zəlzələdən sonra da onun fəsadlarını aradan qaldırmaq üçün dünya ölkələri humanitar yardımlarını əsirgəməyiblər. Hadisə yerinə gedən Mərkəzi Komitənin baş katibi Mixail Qorbaçov yardımla bağlı dünya dövlətlərinə müraciət edib. Bu çağırışa dünyanın 111 ölkəsi qoşulub. Qorbaçovun ermənilərə xüsusi münasibəti və canfəşanlığı sayəsində yardım kampaniyası olduqca geniş vüsət alıb. Bu da bir faktdır ki, zəlzələdən sonra yardımlar sayəsində Ermənistanın dövlət məmurları arasında milyonçuya çevrilənlər də olub.
Həmin ərəfədə, 1988-ci ilin sonlarında Ermənistanda yaşayan azərbaycanlılar öz doğma yurdlarından kütləvi şəkildə qovulsalar da, təzyiqlərə məruz qalsalar da SSRİ-nin digər müttəfiq respulikaları kimi Azərbaycan da zəlzələdən zərərçəkənlərə ilk yardım göstərənlərdən biri olub.
Zəlzələnin baş verdiyi günün səhərisi, dekabrın 8-də hərbi hissə komandiri Vaqif Əhmədovun başçılığı ilə bir dəstə azərbaycanlı xilasedicilər artıq Spitakda xilasetmə işlərinə başlayıblar.
Xilasedicilərdən ibarət ikinci dəstə Azərbaycandan Ermənistana dekabrın 11-də “İL-76” təyyarəsi ilə yola düşüb. Amma təyyarə mənzilə çatmayıb, Gümrü hava limanına 15 kilometr qalmış qəzaya uğrayıb.
Ortaya çıxan ən maraqlı sual təyyarənin hansı səbəbdən qəzaya uğramasıdır. Əvvəlcə onu qeyd edək ki, həmin gün hava şəraiti uçuş üçün tam məqbul sayılıb. İkincisi, təyyarə uçuşdan əvvəl texniki baxışdan keçib, uçuşla bağlı heç bir texniki problemin olmaması haqqında müvafiq sənədlər də tərtib edilib.
Rəsmi məlumatlarda təyyarənin dağlara çırpılaraq qəzaya uğraması göstərilib. Bu rəy heç bir ekspertiza və araşdırma olmadan yazılıb. Hətta təyyarənin “qara qutu”su da müəmmalı şəkildə məhv edilib. Sonralar bəzi ermənilər də Azərbaycandan gələn təyyarəyə qarşı terroru etiraf ediblər. “İL-76”-nın qəzaya uğraması ilə bağlı həqiqəti əks etdirən iki versiya olub. Belə ki, Gümrü hava limanının dispetçerləri Azərbaycandan uçan təyyarəyə düzgün istiqamət vermədiklərindən “İL-75” qəzaya uğrayıb. “Düzgün istiqamət” məsələsinin qəsdən, bilərəkdən və ya təsadüf olması isə bu günə qədər də müəmmalı qalır. Hər halda dispetçerlər üçün çox yaxın, 15 kilometr məsafədə olan təyyarəyə eniş zolağı vermək heç də böyük peşəkarlıq tələb etmir. Bu versiya ilə yanaşı təyyarənin ermənilər tərəfindən “Stingеr” rаkеti ilə vurulması barədə də məlumatlar dolaşıb.
Qeyd edək ki, qəza zamanı təyyarədə olan 68 xilasedicidən və 9 heyət üzvündən cəmi bir nəfər, Fəxrəddin Balayev sağ qalıb. Qəzadan sonra hadisə yerinə toplaşan ermənilər sağ qalan azərbaycanlı xilasediciyə kömək etməyiblər. Nəhayət, əraziyə gələn sovet ordusunun hərbçiləri onu təyyaərnin qalıqları arasından çıxarıblar.
Spitak zəlzələsi zamanı ikinci bir yardım təyyarəsi də terrora məruz qalıb. İçərisində 7 nəfər təyyarənin heyət üzvü olan, Yuqoslaviyadan Ermənistana humanitar yardım daşıyan “AN-12” təyyarəsi isə dekabrın 12-də ermənilərin hədəfinə tuş gəlib. Terror aktlarının həyata keçirilməsində böyük peşəkarlığa malik olsalar da, ermənilər bu dəfə “kiçik” bir yanlışlığa yol veriblər. Yuqoslaviyanın humanitar yardım daşıyan təyyarəsi Ermənistana uçuşu Ankara-İrəvan marşrutu ilə həyata keçirib. Ermənilər həmin təyyarənin Türkiyəyə məxsus olduğunu zənn ediblər. Təyyarə İrəvanın Zvartnots hava lmanına yaxınlaşanda isə pilotlarla dispetçerlər ingilis dilində danışıblar ki, bu da ermənilərə təyyarənin hansı ölkəyə məxsus olduğuna tam aydınlıq gətirməyib. “AN-12” aeroport yaxınlığında “qəza”ya uğrayıb, yuqoslaviyalı təyyarə heyətinin 7 üzvü də həlak olub. Qəzanın rəsmi səbəbi kimi pilotun “naşı”lığı göstərilib.
Bu və bu kimi digər hadisələr ermənilərin necə kinli və qisasçı xislətə malik olduqlarını bir daha sübut edir.
Hazırda bəzi sosial şəbəkələrdə qardaş Türkiyədə baş vermiş zəlzələ ilə bağlı ermənilər iyrənc paylaşımları, sətiraltı bir-birlərinə “gözaydınlığı” vermələri ilə özlərini bir daha insanlıqdan uzaq olmaları ilə tanıdırlar.
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.