İran “qabığını” dəyişərmi? – ŞAMİL YAZIR
27-02-2023, 00:03
Görəsən, hamımız ağ əmmamə taxıb, qara çadraya bürünsək, o zaman İran bizə qardaş, bacı gözüylə baxarmı?
Məscidlərimizdə gecə-gündüz sinə vurub, “Allahu-Əkbər, Xameni rəhbər” desək, doğması kimi yanaşarmı bizə?
İşimizin əsl adı İran müşteyidlərini tərifləmək, Süleymani kimilərini öymək olsa, siçan quyruqları ilə ürəy bulandırmazlar ki, daha?
Getdiyimiz ünvan İstanbul, Ankara deyil, bir tək Məşədin qumluqları olsa, biz qala-qala, yenə də Annaları oranın əziz qonağı sayarmı?
Bayramlarımızı məhz o dediyi gündə, qurbanımızı o dediyi saatda, orucumuzu o dediyi anda açsaq, ermənini qardaş yazdığı siyahıdan pozarmı? Maraqlıdır, Zəngəzur hansı rəngdə xətti olar onun o zaman, ikiüzlü Paşinyanın hər iki üzündən öpüb sinəsinə basarmı yenə?
Bu vaxta qədər belə etmirdik?
Qorxduğumuzdanmı yoxsa, qardaş gördüyümüzdənmi bilmirəm, amma 30 ili məscidimizin baş hissəsində əsasən bunların oturduğunu, hüzrlərimizdə bozbaşın ən yağlı yerinin İranı yaxşı təbliğ edənin qabağına gəldiyini, oxuduğumuz kitabların arasında mollaların risaləsinin üstünlük təşkil etdiyini, dediklərinə şəksiz-şübhəsiz boyun əyənlərimizin çox olduğunu dəqiq bilirəm. Amma çifayda. Əvəzində, özümüzdən də artıq yer verdiklərimiz, otuz il işğal olunmuş torpaqlarımızın geri qaytarılmasına hər vəchlə əngəl olmağa çalışmadılarmı? Haqq yolunda gedən şəhidlərimizin sayının çox olmasına, düşmənə böyük həvəslə daşıdıqları silahların səbəb olduğunu bilə-bilə, abırsızcasına elə o şəhidlərin hüzrlərində ağalarının dedikləri ayinləri yerinə yetirməyə çalışmadılarımı? Düşmən ayağı altında olan torpağımıza basılan düşmən dabanı arasında bunların da izinin olduğunu görmədikmi? Orada əkdikləri nəşəyə, qoyub gəldiyimiz evlərimizin daşına, otardıqları donuza satmadılarmı bütün hörməti-izzəti?
Baxıram ki, bu olub-bitənlərə baxmayaraq, hələ də səpdikləri zəhərin, verdikləri sədəqənin təsirindən dolananlar var aramızda.
Arazda əsgərimizin qarşısını kəsməkdən, Qafanda bəh-bəhlə konsulluq açmaqdan, Asim kimi asiləri səfirliyimizə əlisilahlı salmaqdan da böyük hansı səs-küy olmalıdır ki, hamımız bu "ağaların" əslində necə məkrli bir ilan olduğunu bilək, dərk edək? Başımızda İmam Hüseynin özü prezidentlik etsəydi belə, ona yox, Yezidə qardaş deyəcəklərini anlamaq beləmi çətindir bu "oratdı" rejimə inananlara?
Bütün bu olanlardan dərs çıxarmayanlar, o zaman Cənubda bizdən sayları dəfələrlə çox olan soydaşlarımıza nəzər etmirlərmi? Könüllü-könülsüz mollanın dediklərini yerinə yetirməyə məcbur olanlara belə çoxmu hörmət edir ki, həmən o qaniçənlər artıq qalanını bunlara da etsin? Fars rejimindən Allahın yer üzərində əsgəri olan türklərə, İmam Hüseyinin əcdadı olan ərəblərə, əldəqayırma dron, raket sayəsində neçə günahsızı qanına qəltan etdiyi dünyaya heç vaxt qardaş, dost olmayacağını dərk etmək bu qədərmi çətindir?
Ürəyində rəhbər sevgisi olan bacı-qardaşlarımıza necə başa salaq ki, rəhbər bildiyiniz Xamenei sizə daima göydə çıxa biləcək bir ulduz, hər an düşüb başını əzə biləcək bir daş, göydən enən göy daş kimi baxır!
ŞAMİL
azpolitika