Konstitusiyasına “hüquqi”, “demokratik” dövlət yazılan bir ölkədə radikal dindarların sayı niyə artıb? - PƏRVİZ HƏŞİMLİ YAZIR

4-04-2023, 21:16           
Konstitusiyasına “hüquqi”, “demokratik” dövlət yazılan bir ölkədə radikal dindarların sayı niyə artıb? - PƏRVİZ HƏŞİMLİ YAZIR
Acı mənzərədir.

İranla Azərbaycan arasındakı siyasi gərginlik artıq təxribatlarla, ölkəmizin milli mənafeyinə zidd əməllərlə müşahidə olunur.

Bu prosesdə təəssüfləndirici məqam isə İranın məhz bu prosesdə öz vətəndaşlarımızdan istifadə etməsidir.

Son əməliyyatlarda həbs olunanların demək olar ki, hamısı Azərbaycan vətəndaşlarıdır.

İranın islam dini pərdəsi altında beyinlərini yuduğu bu insanlar bizim cəmiyyətimizin bir hissəsini təşkil edir.

Son illər onların artığının şahidi olduq.

Sual olunur ki, Konstitusiyasına “hüquqi”, “demokratik” dövlət yazılan bir ölkədə radikal dindarların sayı niyə artıb?

Cavab var: Demokratik azadlıqlar məhdudlaşdırılanda onun yaratdığı boşluğu belə qruplar doldurmalıdır.

Təəssüflər olsun ki, illərdən bəri müşaiyyət olunan demokratik institutların fəaliyyətinin sıradan çıxarılması kursu bizi bu acı mənzərəyə gətirib çıxardı.

Hökumətə tənqidi münasibəti olan dindarların da qanunsuz həbsləri bu radikallaşmaya səbəb oldu.

Baxmayaraq ki, demokratik cəmiyyətlər prinsipcə dinin sərbəst şəkildə həyata keçirilməsinə açıqdır.

Azərbaycanda bütün fundamental hüquqlar tanınsaydı, o radikallar bu gün ölkədə at oynada bilməzdi.

Ölkədə fundamental hüquqlardan sayılan azad toplaşmaq hüququnun məhdudlaşdırlmasından tutmuş məhkəmələrdəki sifarişli proseslər, qeyri-adekvat hökmlər müxtəlif radikallaşma proseslərinə gətirib çıxardı.

Bu gün yaranmış situasiya təxminən belədir:

Bir tərəfdə ölkəsinin demokratik, güclü gələcəyini düşənərək, Qərb dəyərlərinin təbliği üçün çalışdığına görə siyasi meydandan sıxışdırılan cəmiyyət var, digər tərəfdə isə ölkənin konstitusiya quruluşuna qarşı çıxaraq, zirzəmisində saxladığı silahla dövləti çevirməyə hazır olan fürsətçil radikal dini qruplar.

Artıq seçim zamanıdır. Gec deyil, dövlət seçimini etməlidir.

Ölkədə vətəndaşların konstitusiya ilə tanınan əsas hüquq və azadlıqları təmin olunmalıdır ki, siyasi boşluğu vətəndaş cəmiyyəti qurumları tutsun.

Əks təqdirdə, hökumət zaman-zaman ayrı-ayrı dövlət xadimlərinə , siyasətçilərə qarşı sui-qəsd cinayətlərini gözləməli olacaq. Təbii ki, İran , Rusiya kimi fürsətçil ölkələr də burada öz mənefini təmin etməyə çalışacaq.

Əgər bu gün həbsdə olan bir siyasi fəala küçədə “azadlıq” deyən adam həbsə atılırsa, o zaman haqqını tələb edən insan Yunisin Elmar Vəliyevə etdiyi cinayəti təkrarlamağı düşünəcək.

Ona görə də elə etmək lazımdır ki, insanlar ədaləti əllərini göyə qaldırıb, Tanrıdan yox, məhkəmə zallarında axtarsın.
Pərviz Həşimli

Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.