BU GÜN FATEH TEYMURUN 687 YAŞI TAMAMDIR! - RUHUNU SEVGİ İLƏ YAD EDİRİK!

9-04-2023, 15:42           
BU GÜN FATEH TEYMURUN 687 YAŞI TAMAMDIR! - RUHUNU SEVGİ İLƏ YAD EDİRİK!
Fateh Teymur
Türk dünyası və Müsəlman Şərqi dünyaya saysız-hesabsız xaqanlar, hökmdarlar bəxş edib. Adları dünya tarixinin səhifələrinə qızıl hərflərlə yazılanlardan biri də Fateh Əmir Teymurdur. Hər il aprelin 9-u Özbəkistanda Türk dünyasının və Müsəlman Şərqinin böyük filosofu, yenilməz sərkərdəsi və 7 dünya hökmdarı Əmir Teymurun doğulduğu gün - müqəddəs bayram kimi qeyd olunur. İstər sağlığında, istərsə də ölümündən 618 il keçməsinə baxmayaraq, bu tarixi və sirli simanın şəxsiyyətinə və yaşadığı dövrə maraq azalmır.
7 dünya hökmdarı adlandırılan Əmir Teymur kim idi?
Nəsil şəcərəsində Çingiz xanın, türk soylu Barlas xanın budaqları olan Əmir Taraqay Bahadurun oğlu. 1336-cı ildə Qaşqadərya vilayətinin Keş, indiki Şəhrisəbz kəndində (şəhər statusu alıb) dünyaya gəldiyi yaşından etibarən babası Hacı Alimin yanında 5 il ərzində mədrəsə təhsili alıb. Kiçik yaşlarından atası Taraqay Bahaduru da qəbilə, tayfa döyüşlərində at belində görmüşdü. 12 yaşında özündən yaşca böyükləri at yarışlarında arxada qoymuş, bir çoxunu da üzəngidən salmışdı. Türk-monqol ordusunun Keş vilayətinə olan yürüşləri buradakı gənclərin əksəriyyətində döyüş ruhunu yüksəltmişdi. Onların hər biri bir elin, elatın cəngavəri, müdafiəçisi idi.
Zaman-zaman tarixin və tarix yazanların türk dünyasının bu ziddiyyətli fatehinə qarşı münasibətləri də ziddiyyətli oldu. Onu kimisi qaniçən, kimisi islahatçı, kimisi isə ədalətli padşah adlandırdı. Hətta barəsində “savadsız, təhsilsiz” deyənlər də tapıldı. Nə yazıqlar ki, Fateh Teymur haqqında, eləcə də Müsəlman Şərqinin tarixi şəxsiyyətləri haqqında "dırnaqarası həqiqətləri" rus imperializminin ideoloqları, tarixçiləri türklərin qüdrətini gizlətmək üçün özlərinə sərf edən kimi yazırdılar. Onların qənaətincə, hər bir müsəlman fatehi başkəsən, zülümkar və qaniçən obrazında qələmə alınmalı idi.
Bu yazını yazmazdan əvvəl, yəni 2007-2009-cu illərdə Daşkənd şəhərində Əmir Teymur Fondunun və "Teymurilər" muzeyinin direktoru professor Məhəmməd Əli, özbək filosofu İsa Cabbarov, dəyərlı özbək şərqşünas alimi Ubaydulla Uvatov, Səmərqənddəki "Guri Əmir" məqbərəsini qoruyan tarixçi alim Əmrullo Abdulloyevlə görüşmüşəm.
Araşdırdığım mənbələrdən də mənə məlum oldu ki, taleyinə ancaq uğurlar, qələbələr yazılmış böyük sərkərdənin yaşadığı dövrün tarixçiləri və şahidləri Şərafəddin əl Yəzdi və Nizaməddin Şami "Zəfərnamə"lərində, İbn Ərəbşah "Teymurnamə", Klavixo de Qonsales "Əmir Teymurun sarayına qədər səyahət” adlı gündəliklərində və tarixi əlyazmalarında fatehin yaşadığı dövrü, şəxsiyyətini ustalıqla qələmə alıblar.
Teymurun adının mənası və zədəli ayağı
Tarixdə məlumdur ki, sirli şəxsiyyət olan Əmir Teymur həm də yaşadığı dövrü, gördüyü hər bir iş haqqında öz dəsti -xətti ilə "Tüzüklər" adlı salnaməsində yazıb. Həmin salnaməsinin ilk səhifələrində yazır: "Hələ gənc oğlan ikən atamdan adımı nə üçün “Teymur” qoyduğunu söruşdum. Atam dedi ki, hələ mən dünyaya gəlməmişdən əvvəl qara qaşlı, qara gözlü bir oğlan yuxusuna gələrək ona qılınc verir. Atam qılıncı əlinə alaraq havada oynadır və bu zaman bütün dünya nura bürünür. Allaha çox inanclı olan Taraqay Bahadur dərhal vilayətin hörmətli alimi və din xadimi övliya Kulyalın hüzuruna gələrək yuxusunu ona söyləyir. Övliya Kulyal deyir ki, bu yuxu peyğəmbərlik xəbərini verir. Allah sənə bir oğul verəcək, həmin oğlun dünyaya sahib olacaq, İslam dinini yayacaq və torpaqları pislikdən qurtaracaq. Sən doğulandan sonra Şeyx Şəmsəddinin yanına getdim. Bu zaman Şeyx Quranın "Təbərrək" surəsini oxuyurdu. Mən içəri girəndə avazında dəmir sözü səsləndi. Elə buna görə də səni Teymur çağırdıq (bəlkə də Dəmir). Mən atamdan bu əhvalatı eşidib, dərhal namaz qılıb, Qurandan Təbərək surəsini oxudum".
Əsil adı Teymur (Dəmir kimi möhkəm) olan Sahibgiran tarixə bir neçə adlarla düşdü. Yaşadığı dövrdə və özündən sonra da maraq doğuran şəxsiyyətin adını hər kəs bildiyi kimi yazdı: Teymur, Teymur Goruqan, Topal Teymur, Ağsaq Teymur, Avropa dillərində - rişxəndlə və təhqir etmək üçün Teymur ləng – Tamerlang yazdılar.
Teymurun adına "topal" və "axsaq" ayaması qoşanlar onunla müharibəni uduzanlar, eləcə də bizim dövrdə rus imperializminin ideoloqları və tarixçiləri, fatehi oğru, quldur kimi təsvir edərək, sağ ayağını guya qoyun oğurluğuna gedərkən yaraladığını uydurdular.
Əsil həqiqətdə isə 1363-cü ildə Siistanda Əfqanıstan və İran arasında döyüşlərinin birində sağ ayağı və qolundan yaralanır. Düşmənləri duyuq salmasın deyə, döyüşdə aldığı yaraların ağrısına baxmayaraq, at belində yenə də əvvəlki kimi oturur, qılınc oynadır, qalxan tutur. Hətta 1379-cu ildə Xarəzm şahı Yusif Sofi Əmir Teymura qalib gələcəyini zənn edib, ona təkbətək döyüşə cıxmağı təklif edir. Əmir Teymur təklifi dərhal qəbul edərək "Xan oğlan" adlı atını yəhərləyib, döyüş meydanına gəlir. Meydangir "Xan oğlan" meydana girib o baş-bu başa cövlan edir, atın kişnərtisindən qorxaraq Yusif Sofi çadırından çıxmır....
Əmir Teymurun yuxuları
SSRİ zəncirlərindən qurtaran respublikalar öz müstəqilliyini təldə edəndən sonra, ölkələrin öz tarixlərinə yanaşmaları da dəyişdi. Özbəkistan, eləcə də digər respublikaların tarixçiləri, arxeoloqları Fateh Teymuru və onun dövrünün həqiqətlərinin üzərini toz basmış arxivlərdən çıxarıb, sirr və qürur dolu tarixi olduğu kimi qələmə almağa başladılar. Hətta qolları dirsəyə qədər türk qanına boyanmış , barmaqlarından qan daman rus imperializminin alimləri də deyəsən böyük sahibqiranın ruhundan və xofundan qorxub, onun barəsindəki həqiqətlərin bəzi tərəflərini olduğu kimi açıqlamaq məcburiyyətində qaldılar. Bu həqiqətlərə ilk dəfə ayna tutan Aleksandr Vorobyovun "Vokruq sveta" jurnalında "Velikiy Timur" əsəri də həmin illərdə senssaiya yaratdı. Mənbələrdə və Əmir Teymurun öz Tüzüklərində yazılır ki, o Məhəmməd peyğəmbər (S nəslindəndir. Onda bir övliyalıq və ilahi qüvvə var idi. Hətta Teymur da öz yazılarında müqəddəs ruhlarla görüşdüyünü etiraf edir, ona bir çox xəbərdarlıqların yuxuda verildiyini qeyd edirdi.
Əmir Teymurun Tüzüklərində yazılır:
"Bir dəfə yuxumda gördüm ki, böyük bir çaya böyük tor atdım, tor bütün çayı tutdu. Toru cayın kənarına çəkəndə baxdım ki, çaydakı bütün heyvanlar və balıqlar oradadır . Münəccimləri saraya çağırıb mənasını soruşdum. Dedilər ki, bu böyük və şərəfli bir şahlıq deməkdir. O qədər güçlü bir şahlıq ki, dünyanın bütün xalqları hakimiyyətim altında olacaq". Bundan sonra Şeyx Kamalın məsləhəti ilə yenə övliya Kulyalın yanına getdim. Məni xoş üzlə qarşılayan övliya dedi ki, get, padşahlıq, qələbələr və hakimiyyətlər səninlədir. Xeyir dua verib əlavə etdi ki, bu padşahlıq mənim nəslimdən nəslimə keçəcək. Bu görüşdən sonra mən nə edirdimsə, ancaq xeyir və uğurla qarşılaşırdım. Allah mənə həmişə kömək olurdu. Rumun paytaxtına yürüş etməzdən əvvəl, qələbə qazanmaq üçün Şeyx Yasəvinin məqbərəsini ziyarət etdim. Orada bir yuxu gördüm. Şeyx Yasəvi yuxuda mənə dedi ki, bir işi başlamazdan əvvəl, çətin vəziyyətə düşəndə, narahatlığın olanda bu bəndi oxusan, həmişə xilas olacaqsan:
" Sən ey gecələri gündüz eləyən, Allahım,
Sən quru torpaqları gülüstana döndərən, Allahım,
Bütün müşkülləri asan eləyən , Allahım,
Bu çətin işimdə mənə kömək ol".
Bu dörd sətri əzbərlədim. Keysərlə döyüşə çıxmazdan əvvəl 70 dəfə oxudum və qələbə qazandım.
Görəcəyim işlərin, etdiyim yürüşlərin hər birinin sonluğu mənə yuxularımda əyan oldu. Tuqluk Teymur Məvarənnəhrə gəlməzdən əvvəl belə bir röya gördüm ki, bir böyük şahin uçaraq biləyimin üstünə qondu. Elə bu zaman çoxlu inək sürüsü də gəldi, mən onları sağmağa başladım. saray münəcimləri, yuxuyozanlar dedilər ki, şahinin biləyimin üstünə qonması əzəmət rəmzidir, inək sürüsü isə var- dövlət və mənfəətdir. Həqiqətən də Tuqluk Teymurun gəlib mənə qoşulması hakimiyyətimin möhkəmlənməsinə və mənfəətimin artmasına səbəb oldu.
Bir dəfə isə yuxumda guya Səmərqənddən ağlaya-ağlaya qaçar bir qara qarğa çiynimə qonduğunu gördüm, hər tərəfdən isə üstümə qara milçəklər hücum çəkdi. Milçəkləri qovub ,yuxudan ayıldım... Gördüyüm yuxudan az müddət keçdikdən sonra, Tuqluk Bahadırın ordusunun min atlısı ilə mənim üzərimə hücuma keçdi. Başa düşdüm ki, yuxuda ağlamağım və qara qarğa - gələn bəladan xəbər verirmiş. Çoxlu milçək isə Tuqluk Bahadırın dəstəsidir... Bu döyüşdə də sona kimi vuruşaraq, onun ordusunu darmadağın etdim".
Sərkərdə Teymurun hərb siyasəti və Qızıl Orda xanları
Tanrının nəzərində o qədər ucalmışdı ki, yürüş etdiyi bütün ölkələrdə qələbə, zəfər tacı onun başına qoyulurdu. 1381-1404-cü illərdə İran, Azərbaycan, İraq və Suriyaya hərbi yürüşlər edərək, bu ölkələri öz bayrağı altında birləşdirmişdi. O, qüdrətli Çingiz xandan qalmış monqolların Buynuz ştandartını dəyişib, bayrağında Qızılay ştandartını qəbul etmişdi. Bu da bütün türklərin bir bayraq altında birləşməsinə çağırış idi.
Yeni hərb siyasəti ilə Teymur həm də Mərkəzi Asiyada nüfuz və güc sahibi olan Qızıl Ordanın hərbi-siyasi qüvvəsini sındırırdı. Təbii ki, Əmir Teymurun qələbələri , regionda güc sahibi olan Qızıl Orda xanlarının narahat etməyə bilməzdi. Onun gücü qarşısında hakimiyyətini itirməkdən qorxan İbn Tanqrıberdi, sivaslı Əhməd Bürhanəddin, Mərdinin və Türkmən elinin əmirləri, Cəlairlər ittifaq qurub, Əmir Teymura qarşı vuruşa başlasalar da, məğlub oldular. Əmir Teymurun monqol xanlarını darmadağın etməkdə məqsədi tayfalar, xanlıqlar arasında olan mənəm-mənəmliyə, mübahisəli ərazi üstə müharibələrə və tayfa münaqişələrinə son qoymaq, Orta Asiyada Çaqatay ulusunun itirdiyi birliyi yenidən qaytarmaq, ulu Mavərannəhri qorumaq və dövlətdəki feodal qanunlarını dəyişmək idi. Əmir Teymurun yeni dövlət idarəçilik siyasəti ilə Qızıl Ordanın daima əsarətdə saxladığı Asiya və Avropa bir növ azadlığa çıxmış olacaqdılar.
Teymurun qələbələri və qələbə ilə müşayiət olunan yürüşləri bir çox Asiya və Avropa, Balkan hakimlərinin ürəyindən idi. Bu ölkələrin hökmdarları Teymurla ittifaq yaratmaqla Qızıl Ordadan və osmanlı-türk imperatorluğundan canlarını qurtarmaq istəyirdilər. Hətta Avropa ölkələrinin hökmdarları onun atının üzəngisindən öpmək şərəfinə nail olmaq ücün Səmərqəndə gəlirdılər. Kastiliya və Leonianın hökmdarı III Henrix de Trastamara, sarayının elçisi Rui Qonsales de Klavixonu diplomat qismində ittifaq yaratmaq üçün Səmərqəndə göndərmişdi. Elcı dənizlərdən, səhralardan keçərək, Səmərqəndə çatmışdı. Sonralar o, "Əmir Teymurun sarayına qədər səyahət gündəlıyı" kitabını yazır. Bir növ Əmir Teymur dövrünün canlı şahidlərindən biri olan bu avropalının kitabını oxuyanda görürsən ki, bəzi yerlərdə o bir çox qarışıqlıq və anlaşılmazlıqlara yol verib. Bəzən hadisələri təhrif edib, bəzən də təhqiqat aparmaq imkanı olmadığından ağızdan-ağıza eşitdiklərini qələmə alıb.
İndi bizim üçün nağıl və əfsanə olan 14-cü əsrdə, minlərin və milyonların içərisində çoxları kimi itib-batmadı Əmir Teymurun yazdığı tarix. İnandığı, ibadət etdiyi Tanrısı, hakimiyyətinə tabe etdiyi 27 dövlətin hər birində yaydığı İslam dini onun dayağı oldu. Apardığı bütün döyüşlərdən qalib çıxdı. Əmir Teymur ilk əvvəl Mavəraənnəhr dövlətini yaradaraq türkləri monqol hücumlarından xilas etdi. 70 illik ömür kitabının səhifələrinə 35 il ərzində böyük döyüşlərdə qazandığı qələbələri yazdi.
Fateh Teymur apardığı döyüşlərlə, tutduğu ölkələri birləşdirməklə, Çingiz xanın istilaları nəticəsində pozulan Uzaq Şərq və Aralıq dənizi ölkələri arasındakı iqtisadi və mədəni əlaqələri yenidən bərpa etdi. Bu gün mütərəqqi dünya liderlərinin yenidən bərpa etməyə can atdıqları Böyük İpək yolunun təməlini qoydu.
35 illik hakimiyyəti dövründə elmin, texnikanın bugünkü inkişafının olmadığı bir vaxtda, uzaq yolları, ölkələri yaxın edib, dünyanın 27 ölkəsini bir bayraq altında birləşdirə bildi. Əmir Teymurun sülaləsi 488 il hakimiyyətdə oldu. Onun nəslindən olan 70 kişiyə Tanrı padşahlıq qismət etdi. Sonuncu nəvəsi Baburun sülaləsinin Hindistanda hakimiyyəti 1522-1858-ci illəri əhatə etdi. Nəsildən 370 kişi türk tarıxının müxtəlif salnamələrinə adını qızıl həriflərlə yazdı. “Mən dünyanı fəth edən Teymuram” əsərində qeyd edir ki, ona qələbələr qazanmağa Allah kömək olub. Çünki, o həm də insanların və insanlığın yaraşığı olan İslam dinini yaymaqla məşğul idi. Fateh Teymur Qurani Kərimin hər cümləsinin 7 mənasını tövsif edə bilirdi.
“Şərqin incisi - SƏMƏRQƏND”
Əmir Teymurun yaratdığı Məvarənnəhr dövlətinin mədəniyyəti və ticarəti, iqtisadi həyatının inkişafında böyük yüksəliş, intibah dövrü, həm də Mərkəzi Asiyanın region dövləti kimi tanınmasında rol oynayıb. Məvarənnəhr dövlətini yaradaraq Səmərqəndi onun paytaxtı elan etdi. Teymur öz hakimiyyəti dövründə böyük imperiyanın ticarət əlaqələrinin genişləndirilməsi, insanlar və dövlətlər arasında ünsiyyətin yaranması üçün yol infrastrukturunun qurulmasına xüsusi diqqət verirdi. “İpək yolu”, bizim zəmanəmizdə isə “Azad İqtisadi zona” adlanan bir sistemi işlətməklə, o paytaxt etdiyi Səmərqənd şəhərini dünyanın incisinə çevirdi.
Paytaxt Səmərqəndə Yaxın və Uzaq Şərqdən, Avropanın İspaniya , Fransa, İngiltərə kimi ölkələrindən tacirlər, çaparlar gəlirdi. Bu tacirlərin gediş- gəlişini asanlaşdırmaq üçün yollar tikilir, yollarda çox şəffaf vergi və gömrük sistemi işləyirdi. Yollarda olan Karvansaraylar, gözətçi məntəqələri, istirahət yerləri, hətta çapar atlarının istirahəti üçün tikilən dayanacaqlar barədə o zamanın səyyahları, tarixçiləri ağız dolusu və heyranlıqla yazırlar. Yollarda karvanların dinc və rahat irəlıləməsi uçun bütün təhlükəsizlik qaydalarına əməl olunurdu. Əgər kimsə öz işinin öhdəsindən gəlməsə, qanun yol vermədiyi halda yolçunu və ya qonağı incidərdisə, belə hallar dərhal yoxlanılır, günahkar cəzasını alırdı. Bu cəza tədbirlərinin içərisində diri-diri basdırılmaq, başı kəsilmək və asılmaq təhlükəsi də var idi.
Əmir Teymurun öz kitabından sitat: “...Səmərqəndi dünyanın ən gözəl və gülşən şəhərlərindən biri etdim. Dünyanın gözü sayılan Şirazda 7 məsçid olduğu halda, mənim Səmərqəndimdə 200-dən artıq məscid var idi. Hər məscidin də iki, üç və ya 4 güldəstəsi ( müəllif: minarə nəzərdə tutulur) var idi. Hər məscidin başında isə qızıldan ay həkk olunmuşdu. Şəhərin girəcəyinə çatanda buradakı bağçalar və bağlardan yayılan qızılgül ətri cənnəti xatırladırdı”.
Tarixi mənbələrdən məlumdur ki, ömrünü istilalara və müharibələrə həsr etmiş Əmir Teymur, hərbi yürüşlərindən Səmərqəndə qayıdarkən, zəbt etdiyi ölkələrin ən dəyərli alimləri, şairləri, ustaları, xəttatlarını da yığıb paytaxta gətirirdi. Hətta yürüş edəcəyi şəhərə girməmişdən əvvəl , gizli xəfiyyələrini, dərvişlərini həmin şəhərə və ya elata göndərərək sənətkarlara, alimlərə, bacarıqlı ustalara və onların ailələrinə ziyan dəyməsin deyə, qapılarına işarələr qoydururdu. Ordunun tərəfinə keçənləri bayrağı altına qəbul edir, tabe olmayanları cəzalandırırdı. Döyüşlər başa çatandan sonra qapısı işarələnmiş şəhər sakinləri qoşun-ləşkərlə birlikdə Səmərqəndə gətirilirdilər.
Günü gündən gücü və qüdrəti artan Məvarənnəhr dövləti yüksəliş dövrünü yaşayırdı. Hökmranlığı, siyasi əqidəsi və gücü ilə tanınan Əmir Teymurun İmperiyasının gücklənməsindən qorxuya düşən bir çox Avropa ölkələrinin hökmdarları, gələcəkdə Teymurun qəzəbinə tuş gəlməsinlər deyə, özləri ona məktub göndərərək, ittifaqa girməyə üstünlük verirdilər. Dövlətinin əmin-amanlığını qorumaq üçün Kastiliya və Leoniyanın hökmdarı III Henrix de Trastamara elçisi Rui Qonsales de Klavixonu Səmərqəndə bu məqsədlə göndərmişdi. Elçi de Klavixo sonralar “Əmir Teymurun sarayına qədər səyahət gündəlıyı”ndə yazırdı: “... Böyük sərkərdənin xasiyyətinə bələd olmayan bəzi yabançı ölkələrin hökmdarları onun qəbuluna gələndə yerə əyilərək, Teymur bəyə itaət göstərirdilər. Teymur belə məqamlarda özünün etirazını bildirib deyirdi ki, insanlar ancaq namaz vaxtı böyük Allahın qarşısında baş əyməlidirlər. Elə buna görə də, Teymurun iqamətgaında rəsmi qəbullara gələn elçi və qonaqlar, hər təbəqədən olan insanlar, ona yaxınlaşıb, diz üstə oturub, əlini öpərək ehtiramlarını bildirirdilər”.
Fransız səyyahı dünyanın paytaxtı sayılan Səmərqənd haqqında yazırdı: “Bu şəhərin özü və torpaqları da bolluq içərisindədir. Çörək kimi, şərab və ət, müxtəlif quşlar çox ücüz qiymətədir və boldur, qoyunlar o qədər nəhəngdirlər ki, hər birinin quyruğu 20 funt çəkisindədir, hətta bir adam onu əlində tuta bilmir. Burada çörək çox ucuzdur, düyü isə həddindən artıq boldur. Buna görə də onu “Səmər”- yəni “şəkər”, və bolluq mənasında “kənd” – yəni “bolluq olan şəhər” adlandırırlar. Bu şəhərdə ipək, dəri məmulatları, eləcə də hər cürə daş-qaş, qızıl, gümüş və bunlardan hazırlanmış ən gözəl zinyət əşyaları da hazırlanır”.
Fateh Teymur “Mən dünyanı fəth edən Teymuram” əsərində yazır: “... Tapşırdım ki, başlı-başına qalmış torpaqlarda kəhrizlər tiksinlər. Çayların və kanalların üzərində olan dağılmış körpüləri yenidən bərpa etsinlər. Yolçuların gecələməsi üçün qonaq evləri tiksinlər. Habelə yollarda gözətçi və nəzarətçi məntəqələri inşa etsinlər ki, nəzarətçi və mühafizəçilər vəziyyətə nəzarət edə bilsinlər. Və gəlib gedən yolçuların, qonaqların təhlükəsizliyi qorunsun”.
Su abadlığın və təmizliyin, körpü birləşməyin, inkişafın, nəzarətçi məntəqələri dövlət sərhəddini qorumağın əsasıdır. Fateh Teymur da dövlətini güclü etmək üçün bu qanunları yazmışdı.
Paytaxt Səmərqəndə Yaxın və Uzaq Şərqdən, Avropanın İspaniya , Fransa, İngiltərə kimi ölkələrindən tacirlər, çaparlar gəlirdi. Bu tacirlərin gediş- gəlişini asanlaşdırmaq üçün yollar tikilir, yollarda çox şəffaf vergi və gömrük sistemi işləyirdi. Yollarda olan Karvansaraylar, gözətçi məntəqələri, istirahət yerləri, hətta çapar atlarının istirahəti üçün tikilən dayanacaqlar barədə o zamanın səyyahları, tarixçiləri ağız dolusu və heyranlıqla yazırlar. Yollarda karvanların dinc və rahat irəlıləməsi uçun bütün təhlükəsizlik qaydalarına əməl olunurdu. Əgər kimsə öz işinin öhdəsindən gəlməsə, qanun yol vermədiyi halda yolçunu və ya qonağı incidərdisə, belə hallar dərhal yoxlanılır, günahkar cəzasını alırdı. Bu cəza tədbirlərinin içərisində diri-diri basdırılmaq, başı kəsilmək və asılmaq təhlükəsi də var idi.
II HİSSƏ
Şimali Azərbaycan, Şirvanşahlar dövləti
1399-1404-cü illərdə Əmir Teymurun 7 illik yürüşü məhz Qərbi İran, Azərbaycan, Kiçik Asiya və Suriyanı əhatə etdi. Yenə Rui Qonsales de Klavixonun gündəliyinə nəzər salaq: “Qarabağda qış mülayım keçdiyindən Fateh Teymur adətən bütün qış aylarını yaz gələnə qədər qoşun-ləşkəri ilə burada keçirərdi. Tarixdən məlum olduğu kimi, gözəlliklər yaratmaqdan zövq alan Fateh Teymur, Qarabağı o qədər sevmişdi ki, burada iyirmi mindən artıq ev də tikdirmişdi. Bu evlərdə yaşayan hərbi qoşun paytaxt Səmərqəndə qayıdanda, evlər yerli əhaliyə verilirdi. Əlbəttə onların içərisində Əmir Teymurun qoşunuun tərkibində gəlib, sonradan bu yerlərdən qayıtmayan elatlar da olurdu.
Tez-tez Qarabağda qışlasa da , dövlətinin siyasi durumunu qorumaq, daim nəzarətdə saxlamaq üçün Şimali Azərbaycana və Dərbəndin padşahlığını Şirvanşah Şeyx İbrahimxəlilə vermişdi. Əmir Teymurun gücünə və əzəmətinə bələd olan Şirvanşah Şeyx İbrahimxəlil dövrüünün müdrik və uzaqgörən xaqanı idi. Fateh Teymura baş əyməyən şahlardan fərqli olaraq (çünki bir qayda olaraq Əmir Teymurun qabağına qoşunu ilə çıxan, şəhərin darvazalarıının açarını ona verməyən, və ya müqavimət göstərən padşahlar döyüşlərdə məğlub olurdular ) onunla ittifaq yaratmağa üstünlük verir.
Əmir Teymurun saray salnaməçisi, öz dövrünün tarixçi alimi Şərafəddin Əl Yəzdi "Zəfərnamə" əsərində yazır: "...Allahın köməkliyi ilə Teymur Sahibgiran Dərbənddən Bakıya gəldi (təqribən 1383-97-ci ili nəzərdə tutur -müəllif) və əmr etdi ki, buradakı qalanı möhkəmlətsinlər. İlk dəfə 1381-ci ildə Şirvana hücum edərkən Şirvanşah Şeyx İbrahimxəlil sərkərdə Teymurun qabağına 40 dəvə yükü ənamla və 39 qulla çıxdı. Dünyanın alimləri, filosofları ilə məclis quran Teymur bu məqamı nəzərdən qaçırmadı və Şeyx İbrahimdən soruşdu: "Qulun biri hanı?" Şirvanşah Şeyx İbrahimxəlil ona baş əyərək dedi: "Şahım, məmləkətim və rəiyyətim qul olunca mənim qul olmağım daha əfzəldir".
Şeyxin verdiyi cavabdan məmnun qalan Teymuru əlini Seyxin çiyninə qoydu.
“Əmir Teymur dəfələrlə Azərbaycandan, Dərbənddən keçərək Gürcüstana və şimala getmiş və həmin səfərlərdə Şeyx İbrahim Şirvan qoşunları ilə onu müşayiət etmişdi. Mənbələrin məlumatına görə h.790 (1396)-cı ilin baharında Həştərxana səfərdən geri qayıdarkən Əmir Teymur Dərbəndə gəlib çıxır. Teymurun salnaməçisi Şərəf əd-Din Əli Yəzdi Teymurun əmri ilə şəhərin qala divarlarının bərpa olunduğunu xəbər verir. "Dünyanın fatehi, comərd hökmdar Allahın köməyi ilə Dərbənddən keçdi və İçqalanın bərpa olunmasını əmr etdi. Onun əmri ilə tikinti başlanıldı. Onun yürüşdən xoşbəxt və əzəmətlə qayıtması xəbəri aləmə yayıldı".
Şabrana çatan Əmir Teymur sonra Şamaxıdan keçib Kür çayının sahilində dayandı. Şeyx İbrahim burada onu qiymətli hədiyyələrlə qarşılayıb, böyük ziyafət düzənlədi. Ziyafət zamanı Əmir Teymur Şeyx İbrahimə bahalı paltar, öz belindən açdığı qiymətli kəmərini və qılınc bağışladı. Onun Şirvana və ona tabe olan torpaqlara sahiblik hüququnu təsdiq edən fərman imzaladı. Əmir Teymur Şeyx İbrahimə Dərbəndi və Şimal sərhədini ayıq-sayıq qorumağı tapşırdı. O vaxt Dərbənd Şirvanşahın torpaqlarına daxil idi. Əmir Teymur buradan qoşunları ilə Kürü keçib, Ağdam adlı yerdə dayandı. Əmir Teymur, torpaqları Qızıl Orda ərazisi ilə həmsərhəd olan Şeyx İbrahimin şəxsində müttəfiqini görməkdə maraqlı idi. Buna görə də Əmir Teymur İbrahimə çox böyük himayədarlıq göstərir, onu tabeliyində olan digər feodallardan fərqləndirirdi. Əmir Teymurun etimad və dostluğunu qazanmış İbrahimin çevik siyasətini təkcə Şirvanın xalq kütlələri deyil, feodal sinfi də geniş müdafiə edirdi.( Sara Aşurbəyli. “Şirvanşahlar dövləti”.).”.
Bu yeni ittifaqla Şirvanşah İbrahimxəlil həm də Toxtamış xanın Şirvana etdiyi hücumdan sığortalanmış oldu. Həqiqətən də,Toxtamış xanın növbəti hücumu zamanı, Teymur özünün qələbə əzmli ordusu ilə Şirvanşahın köməyinə çataraq, onu Toxtamış xanın caynağından qurtara bildi. Teymurun Şirvanda olduğunu bilən Toxtamış xanın ordusu isə qaçaraq geri çəkildi.
“Dəmir qapı” Dərbənd
Elə bu məqamda Fateh Teymurun “Dəmir Darvazası”ndan danışmaq da yerinə düşər. Səmərqəndi yadellilərin hücümündan qoruyan amillərdən biri də, Əmir Teymurun Səmərqəndin girəcəyində tikilən Dəmir darvazası idi. Bu darvaza həm də dövlətə böyük xeyir gətirirdi. Hindistandan, Kiçik Asiyadan gələn tacirlər, Böyük İpək yolu ilə hərəkət edərək, buradan keçəndə mütləq torpaq basdı (yəni gömrük haqqı) pulu verirdilər, bu da dövlətin xəzinəsinə böyük miqdarda gəlir gətirirdi. Çünki, yuxarıda qeyd etdiyim kimi, Səmərqənd artıq dünyanın Ticarət Mərkəzinə-- özü də ki, Azad Ticarət Mərkəzinə çevrilmişdi. Əmir Teymurun bu uğurundan xəbərdar olan Şirvanşah Şeyx İbrahimxəlil də Dərbəndin yaxınlığında belə darvazalar tikdirir. Elə “Dəmir qapı Dərbənd” sözü də bu günümüzə Şirvanşah dövründən gəlib çıxan bir deyimdir. Dərbənd qapısından isə taçirlər və səyahətçilər Bakıya və İrana səfər edirdilər. Bu qapı həm də Şirvanşahlar dövlətinin istehkamı idi. Dəmir qapı Dərbənd isə Azərbaycanın Şimaldan giriş qapısı və böyük gəlir mənbəyi, qüdrəti idi.
Fateh Teymurun dövlətçilik ənənəsi
Məlum olduğu kimi 7 dünya hökmdarı Teymur həm də Cənubi Azərbaycanı öz nəzarəti altında saxlayırdı. Qara Yusifin və İran şahı Sultan Əhmədin zülmündən cana doymuş Cənubi azərbaycanlılar Teymurun qoşununu toy-bayramla qarşılayaraq, öz padşahlarına qarşı çıxmışdılar. Dövrün tarixçiləri və şahidləri Şərafəddin əl Yəzdi və Nizaməddin Şamı “Zəfərnamə”lərində, İbn Ərəbşah “Teymurnamə” əsərlərində Əmir Teymurun yaşadığı dövrü və şəxsiyyətini ustalıqla qələmə almışlar. Bu müəlliflərin əsərlərini nəzərdən keçirəndə Sahibgiran Teymurun dövlət idarəçiliyi və hərbi taktikasına da heyran qalırsan. Tarixi mənbələrdəki məlumatlara görə, hakimiyyəti altında birləşdirdiyi 27 dövlətin hər birində baş verən hadisələrdən, həmin dövlətlərdəki padşahların, şahların saray idarəçiliyindən vaxtlı- vaxtında xəbər tuturdu. Bu xəbərlər ona yerlərdə təyin etdiyi şəxslərdən, elçilərindən, gizli xəfiyyələrindən, dünyanın hər yerinə göndərdiyi dərvişlərindən gəlirdi. Böyük bir imperiyanın saxlanmasında Əmir Teymurun qanunları saat mexanizmi kimi işləyirdi. Böyük sərkərdə “Tüzüklər”ində yazırdı:
“ Vicdanımın və ədalətin səsinə qulaq asaraq, mən qulların da şikayətini təmkinlə dinləyib, haqqı nahaqdan ayırmışam. Mərhəmətlı əməllərimlə insanların qəlbində qalmışam. Dövlətin qanunlarına söykənərək, ordunu və rəiyyətimi ümid və qorxu içində saxlamışam. İmkansız və məzlumlara mərhəmət göstərib, əsgərlərimi mükafatlandırmışam. Mənim qanunlarıma görə hökmdar özü ədalətli və mənəviyyatca təmiz olmalıdır ki, onun ətrafında olanlar da, ona baxıb bu ədalət və mənəvi dəyərlərini qorusunlar. Əgər padşah özü zülmkardırsa, onda onun ətrafındakıların da əxlaqı pozulur və həmin adamlar hər vəchlə xalqı tapdamağa çalışırlar”.
Həyatı təzadlarla dolu hökmdar, kitablarında yazır ki, “... mən zəbt etdiyim şəhərlərdə tabe olmayan əhalini qanına qəltan edirdim, şəhərin küçələrində, bazarlarında, meydanlarında qan su yerinə axırdı. Lakin mənə qarşı çıxmayan, sakitcə İslamın bayrağını və mənim hökmranlığımı qəbul edənləri isə mərhəmət göstərib, incitmirdim”. Bu fikirlər də ona aiddir: “Düşmənimi öz əlimlə öldürəndə, onun qanının axmasını zövqlə seyr edirdim. Düşmənimin qanını tökmək mənə xoş idi. Elə bu üsulla da dövləti idarə edirdim, bununla ətrafdakılara bildirmək istəyirdim ki, mənə qarşı çıxanların hər birini belə aqibət gözləyir”.
Əmir Teymura görə, hakimiyyətin öz qayda-qanunları var. O, belə hesab edirdi ki, saray idarəçilərinin əgər hakimiyyətdən və qanunlardan qorxusu, çəkinəcəyi olmasa, cinayətkarlar, yaramazlar, quldurlar sadə xalqın həyatını alt-üst edər, var dövlətini talayarlar.
***
Yürüş etdiyi, zəbt etdiyi ölkələrdə çox vaxt yerli əhalinin arzu və istəklərini nəzərə aldığından, elin, obanın layiqli adamlarını hakimiyyət başına gətirər, onların dini inanclarına, məişət, adət- ənənələrinə hörmətlə yanaşardı. Şəhərin qazisini və ya hakimini mütləq həmin şəhərdə yaşayan, eli-obanı yaxşı tanıyan, həmin mərtəbəyə layiq olan yerli şəxslərdən seçirdi ki, əhalinin adət-ənənəsinə, yaşayış tərzinə uyğun idarəçilik təmin olunsun. Bu mənada hətta başqa ölkələrdən Məvarənnəhr dövlətinə gətirdiyi insanların dini adət-ənənələrinin qorunması üçün onlara ibadət yerləri , kilsələr tikmələrinə də icazə verirdi. Bu da Əmir Teymurun tolerantlığının göstəricisi idi.
Fateh barmağında zəmanəsinin görkəmli şeyxi olan Zainuddin Abu Bəkr Tabaydasinin 21 yaşı olarkən ona hədiyyə etdiyi, üzərində “Rosti-rost” sözü yazılmış mərcan qaşlı üzük gəzdirirdi. “Rosti-rost”-“Ədalətli olsan, xeyrə çatarsan” - demək idi. Buna görə də, həmişə vicdanının səsini dinləyib, ədalətlə hərəkət edərək, təbəəsində olan qullarına mərhəmət göstərirdi. Günahı olub və olmayanların da haqqını ədalətlı şəkildə təmin edirdi. Bununla belə, dövlət işlərində verilən tapşırıqları layiqincə yerinə yetirənlərin də mükafatını verirdi. Fateh Teymurun dövlət idarəçiliyindəki uğur qazanmağının bir səbəbi də ondan ibarət idi ki, dövlət əhəmiyyətli hər hansı bir məsələ barəsində qanun qəbul ediləndə, uzaq bir səfərə çıxanda üləmaları, müşavirlərini, vəzirlərini, alimləri, tarixçiləri başına toplayıb, onların rəyini ,fikrini öyrənər, xeyirli və xeyirsiz tərəflərini götür-qoy etdikdən sonra, hərtərəfli düşünüb qərar qəbul edərdi. O, uzunmüddətli uzaq səfərlərindən qayıtdıqdan sonra da, hakimləri, qaziləri, yerində qoyub getdiyi iş icraçılarını və rəiyyətin içərisində sözü keçən, ona dolğun həqiqətləri çatdıra bilən şəxsləri sarayına çağırıb, məşvərət edər, ölkəsində olmadığı müddətdə baş verən hadisələrin hesabatını alar, rəiyyəti nahaqdan incidənləri isə ağır cəza ilə cəzalandırardı.
Dövlətdə ali mərtəbələrdə çalışacaq şəxsləri seçəndə isə onların, nəsil-kökünə, insani keyfiyyətlərinə, xalq arasında hörmətinə fikir verirdi. Bir şəxsin nəslində və ya özündə satqınlıq, nadanlıq olurdusa, həmin şəxsləri dövləti-aliyə işə götürmürdülər. Əmir Teymur ətrafında ancaq etibarlı və sədaqətli insanları işlədirdi. O, yürüş etdiyi şəhərlərdə Məhəmməd peyğəmbərin(S.Ə.S.) nəslindən olub dünyadan köçən insanların qəbrini tapır, onları abad edirdi. Hətta dövlət xəzinəsindən belə məzarların və xanakələrin saxlanması üçün vəsait ayırırdı. İmam Hüseynin, Şeyx Əbdülqədirin, imam Məhəmməd Haqqinin, imam Əli İbn Musanın, imam Musa Kazımın da məzarlarına bu diqqəti göstərmişdi. Təbrizə yürüşü zamanı, hicri tarixinin 703-cü ilində dünyasını dəyişmiş, Çingiz xanın nəslindən olan Qazan xanın məzarını ziyarət edir. Əmir Teymurun ona savab qazandıran əməllərindən biri də o idi ki, mədrəsə və məscidlərin rəhbərlərinə şəhərin valiləri tərəfindən yüksək aylıq verməyi bir qanun kimi yazmışdı. Deyirdi ki, dərs öyrədən müəllimin əməyi və yeri ucadır. Elə buna görə də,öz əli ilə yazdığı vəsiyyətnaməsində , məzarının müəllimi Mir Seyid Bərəkənin ayaqları altında basdırılmasını arzulamışdı.
Sərkərdə Teymurun hərbi taktikaları
12 yaşından at belindən düşməyən, döyüş texnikasının bütün növlərinə bələd olan, hər iki əli ilə qılınc oynatmağı, qalxan tutmağı bacaran bu türk oğlu Fateh Teymur döyüşlərdə 72 dəfə yaralansa da, bir dəfə də olsun, aldığı yaralara görə səsini belə çıxarmayıb. Bu haqda özü yazır ki, “... dişlərimi bir-birinə qıcayıb səsimi çıxarmazdım, çünki, əsgərlərim səsimi eşitsə, ya məni gücsüz sanar, ya da ki, ruhdan düşərdilər”. Bəlkə elə bu dəmir idarəsinə görə də adı Teymur idi.
Sahibgiran Teymurun ordusu gərgin döyüşlərə hazırlanarkən, əsgərlərini şəhərdən və elatdan uzaq olan bir yerdə qərarlaşdırar, çadır-duracaq yerlərini də uzaqda qurdurardı. Əsgərlərinə belə bir tapşırıq vermişdi ki, döyüşdən əvvəl heç bir qadın və qıza baxmaq olmazdı. Sərkərdə yazırdı ki, orduda olan əsgərlər, yüzbaşı, minbaşılar adətən cavanlar olur. Cavanlıqda isə qan oynağan olur. Döyüşlər vaxtı, əsgərin fikri hər hansı bir gözəlin yanında qalsa, o döyüş qabiliyyətini itirəcək. Sərkərdə Teymur yazırdı ki, əgər ordu başçısı döyüşçülərinin gözündə güclü görünürsə, döyüşçülər də ona baxıb rəşadət göstərəcəklər. Buna görə də sərkərdə tez-tez döyüş təlimlərinə çıxır, ox atır, qalxanla, qılıncla məharətini nümayiş etdirirdi. Döyüşlərdə fərqlənən döyüşçüləri, bahadırları, əmirləri səxavətlə mükafatandırırdı. Ordunu hər zaman hazırlıq vəziyyətində saxlayırdı.
Ruma və Azərbaycana 7 illik yürüş edərkən , döyüşlərin uzun və ağır keçəcəyini bildiyindən, sərkərdə əsgərlərə göstərdikləri xidmətin müqabilində 7 ilin əmək haqqını, döyüşə getməzdən əvvəl verir. Ailələrinin yüksək təminatına əmin olan döyüşçülər isə bütün varlıqları, canları ilə döyüşlərə qatılırdılar. Əmir Teymur xatirələrində qeyd edirdi ki, döyüşçülərinə göstərdiyi qayğı, verdiyi qiymət, dövlət tərəfindən orduya olan qayğı və nizam- intizam əsgərləri sədaqətli və rəşadətli etmişdi. Onların gücünə görə də bu ölkələri fəth edə bilmişdi.
Əmir Teymura qarşı barışmaz mövqe tutan hökmdarların sıralarında şanlı-şöhrətli türk imperatoru, bütün döyüşlərdə qələbə qazanan, türk sultanı İldırım Bəyazid də var idi. Əmir Teymurun İldırım Bəyazidlə döyüşü, Türkiyəyə yürüşü tarixdə həmişə təzadlı mübahisələr yaradıb. Bəli, bu gün tarixi saf-çürük edəndə, görürsən ki, Fateh Teymurun bu hərəkətində xarici qüvvələrin, əsasən də xristian ölkələrinin, eləcə də sarayında məktub yazan mirzə işləyən erməni Süleymanın böyük təsiri olub. Qarşısına dünyaya hökmdar olmağı məqsəd qoyan Fateh Teymur, təbii ki, Türkiyəni də özünə tabe etmək qərarından vaz keçməyəcəkdi. Bu məqsədinin həyata keçirilməsinin sürətlənməsinə isə İldırım Bəyazidin ona yazdığı təhqir dolu cavab məktubu olur.
1391-1395-ci illərdə Terek çayı sahillərində apardığı uzumüddətli döyüş sayəsində, Qızıl Ordanın xanı Toxtamışı taxtdan salandan sonra, üzünü Osmanlı tərəfə tutur. Teymur 1402-ci iln yazında Ərzincan vilayətinə çatmazdan əvvəl Sultan Bəyazidə xəbər göndərib, Kemah qalasıını və vergi verməsini istəyir. Bu barədə Rui Qonsales de Klavixo və Şərafəddin Yəzdi yazırlar: "...Teymurun ordusu Sivasdan çıxanda Sultan Bəyaziddən təhqiramız bir məktub gəldi. Məktubda o, Teymuru ağılsız adlandıraraq, heç bir borcu olmadığını bildirir və hətta and içir ki, Teymurla döyüşüb onun hərəmxanasını götürəcək, böyük xanımını özünə arvad edəcək". Daha sonra müəlliflər qeyd edirlər: "... hökmdar Farsı dolanıb, qışı Qarabağda dincəlmişdi. Yönünü Sivasa tutmuşdu. Bu məktubdan qəzəblənən Sahibgiran dərhal ordusu ilə Sivas səhərini mühasirəyə aldı. İldırım Bəyazid əvvəlcə oğlu Süleyman Çələbini 200 min qoşunla şəhəri mühasirədən azad etməyə göndərdi. Özü də döyüşə qatıldı. Çox mükəmməl hərb taktikasına malik olan Teymur bu döyüşdə də qələbə qazandı".
Bizans, Rum eli və Badukubə
Uzun çəkən döyüşdən sonra, Teymur Bəyazidin 6 minlik ordusunu əsir götürür, Bəyazid döyüşü uduzduğunu görəndə, ailəsini başqa şəhərə göndərir, özü də gizlənmək məcburiyyətində qalır. Lakin az keçmir ki, Teymurun xəfiyyələri onu tapıb, qolları bağlı halda hüzuruna gətirirlər. Teymur İbrahim Bəyazidi saraya gətirən Mahmud ağanın üstünə çığırıb deyir ki, “Açın onun qollarını. Siz məgər bilmirsiniz ki, hüzuruma böyük bir imperiyanın hökmdarını gətirmisiniz?!”. Daha sonra Teymur ondan niyə üz-üzə gəlib vuruşmadığını soruşanda, Bəyazid ayaqlarında məfasil xətəliyinin olduğunu bəhanə gətirir. Fateh ona cavabında deyir ki, bu oynaq ağrısı sayılan xəstəlik zaman-zaman onu da narahat edir, lakin döyüşməyə mane olmur. Teymur Bəyazidi gözündən kənara qoymur, getdiyi bütün döyüşlərə onu da yanında gəzdirir. Fikirləşir ki, Bəyazidi iqamətgahda nəzarətsiz qoyarsa, bəzi zəif adamları özünə tərəf çəkib, saray daxilində qiyam və ya xəyanət edə bilər. İldırım Bəyazidi tam zərərsizləşdirən Əmir Teymur bir gün, ondan yaxınlıqda yerləşən Bizansı niyə zəbt etmədiyini soruşur. Cavabında İldırım Bəyazid ona deyir ki, Bizansa girmək üçün güclü dəniz donanması lazımdır. Onun isə belə gəmiləri yoxdur. Bu məqsədə çatmaq üçün isə nə az-nə çox, 2000-ə qədər gəmi gərəkdir. Bundan əlavə isə, su yolu ilə bu şəhərə yadellilər gələndə, dənizdən alov qalxır.
İldırım Bəyazidin “dənizdən alov çıxır” və gəmi donanması söhbəti hər bir sirrə vaqif olan Əmir Teymuru narahat etməyə bilməzdi. Əmir Teymur üçün həll olunmayan məsələ yox idi ki, Allah ona o qədər iti ağıl və uzaqgörənlik vermişdi ki, bütün çətin vəziyyətlərdən çıxmağın yolunu tez bir zamanda tapırdı. Belə olan təqdirdə, Fateh Teymur Fransadakı səfirinə xəbər göndərir, Teymurun sifarişini qısa müddət ərzində yerinə yetirən elçi sərkərdəyə xəbər göndərir ki, Fransadan dəmirdən hazırlanmış gəmilər almaq olar. Gecələrin birində Rum ilə Bizans arasında olan dənizi seyr edərkən, Teymur həqiqətən də dənizin alovlandığını görür. Dənizin suyunun üstündəki odun haradan əmələ gəldiyini soruşduqda, İldırım Bəyazid deyir ki, elə bu odun-alovun qorxusundan, kimsə Bizansı zəbt edə bilmir. Dənizə girən gəmilər, yarı yola çatmamış od tutub yanırlar. Bu odun sirrini isə min illərdir ki, Bizans imperatoru gizli saxlayır, sirr ancaq taxta çıxan növbəti imperatora verilir.
1200 ildən çox yaşı olan bu sirri öyrənmək həvəsi Əmir Teymura güc gəlir. Dənizin ortasında yanan alovu görərkən, tabeliyində olan Badukubədə (Bakını nəzərdə tutur – müəllif.) dayanmadan yanan torpaqlar gördüyünü xatırlayır. Badukubədəki alovların isə tarixi çox qədimdir. Bu yanar alovları Adəmin nəslindən olan insanlardan bu yana su ilə deyil, torpaqla söndürürlər. Badukubənin yanar torpaqlarını xatırlayan, Teymur Bizansa girmək üçün gəmiləri torpaqla doldurub, suyun üzərindəki odu-alovu ram edəcək. Bizansa girməyə hazırlaşarkən, İldırım Bəyazidin qohumu Meqnisiyanın hökmdarı Tuqul şahın Ruma hücumu barədə xəbəri alır. Az keçmir ki, Teymur böyük ordusu ilə Tuqulun qarşısına çıxır, Tuqul Əmir Teymurun ordusu qarşısında tab gətirə bilməyəcəyini görüb, ordusunun üzünü İran Azərbaycanına döndərir. Teymur bilir ki, Azərbaycanda o, İran, Tehran və digər qonşu dövlətlərin hakimləri ilə birləşsə, səltənətinə qarşı çıxa bilər. Buna görə də Tuqulu Azərbaycana qədər qovub, orada haqlayır. Tuqulun ordusunu darmadağın edir. Bu döyüşdə yaralanaraq hüzuruna gətirilən Tuqulu da bağışlayır. Lakin bir neçə gün sonra Tuqul öz əcəli ilə ölür. Aradan iki il keçəndən sonra, İldırım Bəyazidin Əmir Teymura qarşı etdiyi səhvin xəcalətindən ürəyi qubar gətirir və Ağşəhərdə dünyasını dəyişir. Vəfat etməzdən öncə Teymurdan oğlanlarına hər hansı bir ölkənin hakimliyini verməyi xahiş edir. Əmir Teymur Bəyazidin oğlanlarına xəbər göndərir ki, atalarını şahlara layiq dəfn etsin. Və bundan sonra öz oğlu Miranşahı deyil, Bəyazidin oğlanlarına Osmanlı vilayətlərində valilik verir.
Azərbaycandakı sonuncu döyüşündə də İldırım Bəyazidin oğlunun ordusunun gücündən istifadə edir. O taylı-bu taylı Azərbaycanı özünə tabe etdikdən sonra, anadan olduğu Keş vilayətinə qayıdaraq, Keş şəhərinin yenidən tikilib abadlaşdırılması barədə əmr verir. Şəhər qonaqları qarşılamağa hazır olanda, dünyanın hər yerində olan vassallarını və qonşu ölkələrin hökmdarlarını Keşə qonaq çağırır. Dəvətlilərin hamısı dəvəti qəbul etsə də, Çin imperatoru Əmir Terymurun dəvət məktubuna təhqir dolu bir cavab yazır: “Özünü böyük hökmdar kimi elan etmək istəyən Teymur bəy, Sizə ərz etmək istəyirəm ki, mənim Ca Belkadan Ca Belasa qədər olan ərazimdə sənin səhralarındakı qumlarından çox və dənizlərdəki balıqlardan çox sayı olan ordum var. Sən özünə necə rəva görüb, mənim boyda bir padşahı beş-altı dənə kərpicdən tikdirdiyin yerə dəvət edirsən. Məni təzim etməyə gələnlər, əvvəlcə on dəfə torpağımı öpür, sonra bu şərəfə nail olurlar. Əcəba, birdən Çinə yolun düşsə, əcdadlarımın tikdirdiyi Böyük divarı görüb təəccüblənərsən. Mənim adi bir əyaləti idarə edən canişinim səndən hünərlidir. Əgər onların biri ilə var-dövlətin və ya gücün ölçüyə gələrsə, onda mənimlə görüşmək xoşbəxtliyi də sənə nəsib olar”.
Bu məktubu alandan sonra, qarşıdakı iki il ərzində Əmir Teymur öz ordusunu Çinə yürüşə hazırlayır. 1404-cü ildə Teymur 200 minlik Ordusu ilə Çinə yürüşə çıxır. Lakin 1405-ci il fevralın 18- də Otrar aşırımında növbəti dəfə iflic keçirir, elə oradaca dünyasını dəyişir. Onu Səmərqənddə, əvvəlcədən inşa etdirdiyi Mavzoleyində, müəllimi Mir Seyid Bərəkənin ayaqları altında, ailə məzarlığında dəfn edirlər.
Aida Eyvazlı GÖYTÜRK.
Foto:2008-ci ildə çəkdiyim vidodan götürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.