Robota sual verdim, bir dil ki qəm düçarı ola, ağlar, yoxsa ağlamaz? - Qan Turalı yazır...

11-04-2023, 11:51           
Robota sual verdim, bir dil ki qəm düçarı ola, ağlar, yoxsa ağlamaz? -
“ChatGPT” “OpenAİ” şirkəti tərəfindən ötən ilin sonunda istifadəyə verilən süni intellektə əsaslanan söhbət proqramıdır. Proqram ümumi istifadəyə açılmamışdan qabaq internet resurslarını öyrənir, sonra isə sizin verdiyiniz suallara cavab verir. Səhv etdiyini boynuna alır və sonra da düzgün məlumatı çatdırır. Düzgün məlumatı əldə etmək üçün minlərlə mənbəni araşdırır, tutuşdurur.

Yüz eşitməkdənsə bir görmək yaxşıdır deyib “ChatGPT” ilə uzun bir söhbət etdim. Nəticələr gözlədiyimdən də yaxşı alındı. Əvvəlcə, ondan uşaqlıq kumirim olan Yurgen Klinsman barədə sual verdim. Sadə şeyləri, yəni futbolçunun oynadığı klubları, qazandığı uğurları hər yerdən tapmaq olar. Ancaq “ChatGPT” görkəmli futbolçu ilə bağlı dörd abzaslıq izahatına belə yekun vurdu: “O, bir məşqçi kimi (Klinsman sonradan Almaniya və ABŞ yığmasının məşqçisi də olmuşdu – red.) futbolçuların təkcə taktiki və fiziki yox, zehni cəhətdən inkişafına da çox diqqət yetirir”.

Doğrudan da, Klinsman bu sahədə unikal bir insan idi. Futbolçuların otaqlarından oyun cihazlarını yığışdırır, yığma komandanın düşərgəsində saatsazlıqdan tutmuş, videomontaja qədər müəllif mövzularda kurslar açdırırdı. Onun fikrincə, futbolçuların əqli inkişafı da qələbədə mühüm rol oynayırdı.

Gələn dəfə daha analitik bir mövzuda sual verdim: “Selincer yaradıcılığına Franz Kafkanın təsiri olubmu?” Cavabı təqdim edirəm: “Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı Kafkanın “Metamarfoza” romanını çox xatırladır. Hər ikisində fərdin tənhalığı və insanın özgələşməsi mövzuları aparıcı xətt kimi keçir. Təəssüf ki, Selincerin Kafkanı nə qədər dərindən mütaliə etdiyi ilə bağlı məlumat yoxdur. Ancaq Selincer yaradıcılığına təsir edən yazıçılar arasında Franz Kafkanın da adı Mark Tven, Dostoyevski ilə birlikdə çəkilir”.

Göründüyü kimi son dərəcə dəqiq və əhatəli bir cavabdır. Bir az dürüst olaq, bizim özünə şair, yazıçı deyənlərin əksər hissəsi belə yaxşı cavab verə bilməzdi.

Növbəti sualda isə aramızda mübahisə düşdü. Əslində, sual özü polemik idi. Elə o gün BBC-də bir xəbər vardı. Belə ki, “Twitter” BBC hesabını “Dövlətin maliyyələşdirdiyi media” kimi etiketləmiş, BBC isə buna etiraz edərək dövlət tərəfindən deyil, vergi əsasında Böyük Britaniya xalqı tərəfindən maliyyələşdirildiyini bildirmişdi. BBC haqlı idi, çünki hər bir vətəndaş BBC-nin maliyyələşməsi üçün ildə 150 sterlinq vergi verir.

“ChatGPT” “Twitter”i haqlı hesab edərək BBC-nin dövlətin maliyyələşdirdiyi barədə fikrini qəbul etdiyini bildirdi. Bununla belə BBC-nin azad media olduğunu da vurğuladı. Mən ona müvafiq vergini xatırlatdıqda isə razılaşdı, ancaq bu verginin də dövlət tərəfindən qoyulduğunu qeyd etdi. Mübahisə qızışırdı. Mən ona xalqın vergisi ilə dövlət büdcəsindən birbaşa maliyyələşməsi arasındakı fərqi xatırlatdım. “ChatGPT” isə məni təsdiqlədi və öz fikrinin mübahisəyə açıq olduğunu bildirdi və belə bir şərh təqdim etdi: “Bəziləri, verginin dövlət tərəfindən qoyulduğu üçün dolayısı ilə maliyyələşmənin də dövlət tərəfindən edildiyini güman edirlər”. Maraqlı müzakirə oldu.

Bəlkə də “Chat GPT”ni yaradan “Open Aİ” şirkətinin şəriklərindən biri İlon Mask olduğu üçün söhbət belə alındı. Çünki İlon Mask həm də “Twitter”in sahibidir. Ancaq bunları zarafatla deyirəm, çünki “ChatGPT”nin İlon Maskın mənfi şərhləri ilə bağlı xəbərlər vardı. Belə ki, Maskın “Twitter”i idarə etmə şəklini tənqid etmişdi.

Daha sonra, “Chat GPT”dən qatarda tanış olan iki nəfərin dialoqunu yazmasını xahiş etdim. Çox maraqlı dialoq yazdı, sən demə, bu iki adam eyni yerdə işləyirmiş və bir-birlərini uzaqdan tanıyırlarmış da. Biri marketinq digəri isə mühasibatlıqda çalışırmış. Biri qatardan daimi istifadə edirmiş, digəri ara-sıra. (Xalq yazıçısı Anarın buna bənzər bir hekayəsi var)

Axırda bir sual da verdim. Soruşdum ki, sən bilərsən, bir dil ki qəm düçarı ola, ağlar, yoxsa ağlamaz?.. “ChatGPT” dərin bir yuxuya daldı...

Göründüyü kimi, “ChatGPT” çox yaxşı bir həmsöhbətdir...
oxu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.