19 il Belarusiyaya rəhbərlik edən Kiselyov -Xruşov əlini onun çiyninə qoyaraq deyib ki...
14-04-2023, 00:03
Ən yeni tarix. Maraqlı faktlar.
1965-ci ilin mart ayında Belarusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kirill Mazurov Leonid Brejnevin təşəbbüsü ilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyinat alanda və eyni zamanda Siyasi Büronun üzvü seçiləndə Belarusiyaya kimin rəhbərlik edəcəyi Kremldə mübahisəli bir mövzuya çevrilib. Həmin ərəfədə Brejnev hakimiyyətdə mövqelərini hələ tam möhkəmlədə bilmədiyindən mütləq söz sahibi ola bilməyib. Kreml məmurları Belarusiyaya birinci katib məsələsində iki nəfərin üzərində dayanıblar. Belarusiyanın ikinci katibi Pyotr Maşerov və Belarusiya Nazirlər Sovetinin sədri Tixon Kiselyov. Onların hər ikisi respublikanın ən tanınmış simaları sayılıblar.
Nəhayət, Mərkəzi Komitədə uzun-uzadı müzakirələrdən sonra belə qərara gəlinib ki, Minskdə keçirilən plenumda həm Maşerovun, həm də Kiselyovun namizədlikləri səsə qoyulsun. Adətən mövcud dövrdə belə səsvermələr formal xarakter daşıyıb. Amma bu dəfə birinci katib məsələsi səsvermənin nəticələrinin öhdəsinə buraxılıb. Beləliklə, plenumda protokol qaydalarına uyğun səsvermə keçirilib. Birinci katib vəzifəsinə hər iki iddialı eyni sayda səs toplayıb. Belarusiya Ali Soveti Rəyasət heyətinin sədri Vasili Kozlov xəstə olduğundan plenumda iştirak etməyib. Plenumun ümumi qərarı ilə 5 nəfər plenum üzvü Kozlovun mənzilinə gediblər. Kozlovun Maşerova səs verməsi ilə birinci katib məsələsi həll olunub.
Sonralar uzun illər iki rəqib, Maşerov və Kiselyov bir yerdə işləyiblər. Kiselyovun Belarusiyanın inkişafında xüsusi xidmətləri olsa da, o, xalq arasında böyük nüfuz qazansa da, siyasi müstəvidə Maşerov onu kölgədə qoyub.
Tixon Kiselyov 1917-ci ildə Qomeldə anadan olub. Qomel Pedaqoji İnstitutunda və Mərkəzi Komitə yanında Ali Partiya Məktəbində təhsil alıb. İlk əmək fəaliyyətinə sıravi müəllim kimi başlayan Kiselyov 1941-1944-cü illərdə Stalinqrad vilayətində məktəb direktoru vəzifəsində çalışıb. Səhhətindəki problemlərə görə o, hərbi xidmətə çağırılmayıb.
1944-cü ildən Kiselyov fəaliyyətini partiya orqanlarında davam etdirib. Bir müddət Belarusiya KP MK-nın mərkəzi aparatında işlədikdən sonra o, 1952-ci ildə Brest vilayətinə birinci katib göndərilib.
1955-ci ildə Kiselyov Mərkəzi Komitəyə dəvət olunub, bir neçə şöbədə söhbətdən keçdikdən sonra onu Nikita Xruşovun qəbuluna aparıblar. İki saat davam edən görüşdən sonra sovet lideri əlini Kiselyovun çiyninə qoyub
- Biz sənə etimad göstəririk, Belarusiyaya katib göndəririk. Bu müvəqqəti təyinatdır. Yaxın vaxtlarda respublikada kadr islahatları aparacağıq, sizin haqqınızda başqa planlarımız da var.
Beləliklə, Kiselyov Belarusiyaya katib göndərilib, bir ildən sonra isə 1956-cı ildə respublikanın ikinci katibi vəzifəsinə irəli çəkilib.
1959-cu ildə Minskdə Mərkəzi Komitənin rəhbərlərinin iştirakı ilə respublikanın sosial-iqtisadi inkişafına həsr edilmiş geniş müşavirə keçirilib. Müşavirənin sonunda Kiselyovun Belarusiya Nazirlər Sovetinə sədr seçilməsi təklif olunub. Respublika fəalları bu təklifi yekdilliklə dəstəkləyiblər.
Kiselyov 19 il ərzində, 1978-ci ilə qədər Belarusiya hökumətinə rəhbərlik edib. Respublikanın sosial, iqtisadi, mədəni həyatında onun adı ilə bağlı çoxsaylı uğurlu islahatlar həyata keçirilib.
Kiselyov sadəliyi ilə fərqlənən məmur olub. Formal xarakter daşıyan iclaslardan, toplantılardan uzaq olan baş nazir daha çox insanların arasında olmağa, problemləri yerində həll etməyə üstünlük verib. Həmin illərdə Belarusiyanın birinci katibi Maşerov SSRİ-nin siyasi elitasında ən populyar simalardan biri sayılsa da, Kreml rəhbərliyi Belarusiyanın yükünün Kiselyovun çiynində olduğunu yaxşı biliblər.
Kiselyovun xalq tərəfindən sevilməsinin, böyük nüfuza sahib olmasının əsas səbəblərindən biri onun siyasi oyunlara baş qoşmaması olub. Baş nazirin adı heç bir qalmaqallı hadisədə hallanmayıb, adı Kreml qruplaşmalarında çəkilməyib, Mərkəzi Komitənin dəhlizlərində özünə arxa axtarmayıb. Bu xüsusiyyətlərinə görə Kiselyova böyük hörmətlə yanaşıblar. O, istənilən məsələ ilə bağlı Moskvaya gedəndə ittifaq miqyaslı məmurlar onu gülərüzlə qarşılayıblar, xahişlərini maksimum dərəcədə yerinə yetirməyə çalışıblar.
Kiselyovun qeyri-adi istedadı ondan ibarət olub ki, o, həllinin mümkün olmadığı məsələlər üçün də çıxış yolu tapıb. 1969-1987-ci illərdə Belarusiya Elmlər Akademiyasına rəhbərlik edən akademik Nikolay Boriseviç öz xatirələrində mümkünsüz işləri mümkün edən Kiselyov haqqında aşağıdakıları yazıb:
“1970-ci illərdə dövlət büdcəsindən akademiyalar üçün az vəsait ayrılırdı. Lazımi avadanlıqları almaq üçün vəsaitimiz çatmırdı. Günlərin birində mən bu problemi həll etmək üçün Kiselyovun qəbuluna getdim. Qısa söhbətdən sonra fikrimi ona açıqladım:
- Tixon Yakovleviç, bizim akademiyaya 1 milyon ABŞ dolları lazımdır. Biz texnika və avadanlıqlar almalıyıq. Bunlarsız elmimizin inkişafından söhbət gedə bilməz.
O, bir neçə dəqiqə fikirləşdi. İstədiyim məbləğ heç də kiçik rəqəm deyildi. Düzünü deyim ki, müsbət cavab da gözləmirdim. Amma o, maraqlı bir təklif verdi:
- Siz Minskdə beynəlxalq elmi sərgi təşkil edin. Mən bunun icazəsini Moskvadan alacam. Qoy dünyanın tanınmış alimləri öz ixtiralarını, elm üçün lazım olan texnika və avadanlıqları bu sərgidə nümayiş etdirsinlər. Belə olan halda bizim seçim imkanımız da böyük olacaq. Mən büdcəyə əl gəzdirib sizin istədiyiniz məbləği akademiya üçün ayıracağam.
Biz onun dediyi kimi də etdik. Böyük bir sərgi keçirdik. Sərgi zamanı ən müasir avadanlıqları aldıq, hansı ki, həmin dövrdə onlar heç Moskvada da yox idi...”
Kiselyovun xidməti fəaliyyətində belə hadisələr çox olub. O, ümumi işin xeyrinə bütün mümkün variantlardan istifadə edərək müsbət göztəricilərə nail olub.
1978-ci ildə Brejnev Kiselyovu Moskvaya dəvət edib. Ona SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsi təklif edilib. Brejnev bu təklifi belə əsaslandırıb:
- Sizin fəaliyyətiniz üçün Belarusiya çox kiçikdir. Enerjinizi ittifaq miqyasında sərf etsəniz ölkəmizə daha çox xeyir vermiş olacaqsınız.
1980-ci ilə qədər Kiselyov Moskvada Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləyib. Həmin il Belarusiyanın birinci katibi Maşerov avtomobil qəzasında həlak olduqdan sonra o, yenidən Belarusiyaya qayıdıb, bu dəfə respublikanın birinci katibi kimi. Amma bu vəzifədə uzun illər işləmək Kiselyova nəsib olmayıb. O, 1983-cü ildə 65 yaşında xərçəng xəstəliyindən vəfat edib. Kiselyov Minskdə, Şərq qəbiristanlığında dəfn edilib.
İlham Cəmiloğlu.