Birinci dünya müharibəsi zamanı ramazan ayı günlərində fitrə-sədəqələri müharibədə yetim qalmış türk övladlarına sərf etməyi çağırış edən - Fəzilətli Şeyxülislam M. Pişnamazzadə

14-04-2023, 00:03           
Birinci dünya müharibəsi zamanı ramazan ayı günlərində fitrə-sədəqələri müharibədə yetim qalmış türk övladlarına sərf etməyi çağırış edən -  Fəzilətli Şeyxülislam M. Pişnamazzadə
1909-cu ildə Zaqafqaziya müsəlmanlarının 4-cü Şeyxülislamı, "Kitab əl-bəyan fi təfsir əl-Quran" kitabının müəllifi Axund Məhəmmədhəsən Mövlazadə Şəkəvi vəzifəsindən istefa verir. Həmin vəzifəyə Qafqazda və Rusiya müsəlmanları arasında yüksək hörmətə sahib Axund Molla Məhəmməd Pişnamazzadə müvvəqəti olaraq təyin edilir. Vaxtı ilə Tiflis canişinliyində həbs edilərək Osmanlı, İran və Əfqanıstan hökumətlərinə casusluq etməkdə ittiham olunaraq sürgünə göndərilmiş şeyx Çar Rusiyası üçün heçdə etibarlı şəxs deyildi. Bu səbəbdən 6 il onu rəsmən bu vəzifəyə təyin etmirlər. O 1909-cu ildən 1915-ci ilə kimi müvəqqəti olaraq o vəzifəni icra edir.
1914-cü ildə Tiflisə gələn Çar II Nikolay həm şiə müsəlmanlarının lideri Şeyxülislam vəzifəsini icra edən Axund Molla Məhəmməd Pişnamazzadə ilə, həm də sünni müsəlmanlarının lideri Müfti Hüseyn Əfəndi Qayıbovla görüşmüş, onların çıxışlarını dinləmiş və onların simasında bütün müsəlmanları salamlamışdı. Bir il sonra, yəni 1915-ci ilin yanvarın 14-də Daxili İşlər İdarəsinin təqdimatına əsasən İmperator II Nikolay tərəfindən Axund Molla Məhəmməd Pişnamazzadə Zaqafqaziya Şiə Ruhani İdarəsinin sədri və Zaqafqaziya şeyxülislamı vəzifəsinə rəsmən təsdiqlənir.
Həmin gündən artıq O rəsmən Qafqazın Şeyxülislamı statusunu alır. Həmin zamanlarda Osmanlı Dövləti dünya müharibəsinə qoşulur, bu hadisə Şeyxülislam olaraq Məhəmməd Pişnamazzadəni narahat edirdi. 1915-ci ildə Türkiyənin Ərdəhan və Qars mahallarında gedən döyüşlər nəticəsində hər iki valideynini itirmiş kimsəsiz uşaqların qayğısına qalmaq məqsədi ilə Qafqaz Şeyxülislamı Axund Məhəmməd Pişnamazzadənin “Son xəbər” qəzetinin 1915-ci il 7-ci nömrəsində bir elanı dərc olunur. Şeyxülislam müsəlmanlardan xahiş edirdi ki, bu il orucluq bayramında Qafqaz müsəlmanları fitrə-sədəqələrini başqa yerə verməyib ruhani və qazılar vasitəsilə Tiflisə göndərsinlər. Toplanacaq bu fitrə-sədəqələr hesabına Tiflisdə “Yetimlər evi” açılacaq, orada Ərdəhan və Qars döyüşləri nəticəsində hər iki valideynini itirən uşaqlar saxlanılacaq, onlara təlim-tərbiyə veriləcəkdir. Şeyxülislamın təklifi müsəlmanlar tərəfindən razılıqla qarşılanır. Hətta Axund Molla Məhəmməd Pişnamazzadə Əhməd Cavadla birlikdə qapı-qapı gəzərək onlara imkanlıların evində yer verilməsini xahiş edirdi.
Ceyhun Nabi
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.