İngilis kəşfiyyatının yalanları – - Ağaoğluna qarşı təxribat
15-04-2023, 17:42
Türk tədqiqatçı Bülent Özdemir 2005-ci ildə ABŞ arxivlərində araşdırma apararkən “Personalities: Turkey” adlı qovluğa rast gəlir. Məlum olur ki, bu maraqlı sənədi ingilis kəşfiyyatı hazırlayıb, 1917-ci ildə Osmanlıda məşhur olan ictimai-siyasi xadimlər haqqındadır. İngilis kəşfiyyatçılarının barələrində məlumat topladıqları yüzdən çox şəxs arasında bir Azərbaycan türkü də olub: Əhməd bəy Ağaoğlu. Əhməd bəy həmin dövrdə Türkiyədə yaşadığı, siyasi fəaliyyətinə burada davam etdiyi üçün siyahıya salınıb. Amma görünür, kəşfiyyatçılar peşəkar olmadıqları üçün və ya məqsədli şəkildə Əhməd bəy haqqında yanlış məlumatlar qeyd ediblər.
B.Özdemir həmin qovluq əsasında “İngilis kəşfiyyat raportlarında fişlənən Türkiyə” adlı kitab yazıb, mətnləri tərcümə edib.
Azərbaycan və Türkiyənin böyük mütəfəkkiri Əhməd bəy Ağaoğlu haqqında ingilislər belə yazıb:
“Yəhudi soyundan qafqazlı bir ixtilalçı. Dumadan öncəki günlərdə Rus Gizli Xidmətinin keçmiş provakator agenti. 1904-cü ildə Bakıda ermənilərin müsəlmanlar tərəfindən qətliamını təşkil etdi. Rusiyada liberal rejimin hakimiyyətə gəlməsi ilə gözdən düşdü, gizləndi. 1908-ci ildə Türkiyə ilə münasibətlərini düzəltdi və İslama göstərdiyi naməlum xidmətlərə görə Osmanlı təbəəsinə qəbul edildi. Qəzetçilik fəaliyyəti göstərərək İstanbulda yaşadı. Hər zaman aşırıların yanındaydı. 1913-cü ildə İttihad və Tərəqqinin Mərkəzi Komitəsinin üzvü oldu və indi Maarif naziridir. Onu tanıyan hər kəs tərəfindən “sans foi ni loi” (inancsız və qaydasız) kimi tərif edilir. Son erməni qətliamının təşkilində kömək etməsi ehtimal olunur. Təxribatçılığa və digər suçlara görə rus polisi tərəfindən axtarışdadır”.
Yalanlar
Kəşfiyyat materialında erməni məsələsinin qabardılmasına görə kəşfiyyatçıların bu bilgiləri ermənilərdən topladıqlarını ehtimal edirik. Çünki Ağaoğlunun uzaq keçmişi haqqında bilgi əldə etməkdə ona ən yaxşı kömək edəcək şəxslər ermənilər ola bilərdi.
Materialdakı yalanlara diqqət edək:
Yəhudi soyundan qafqazlı bir ixtilalçı - Əhməd bəy 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası Qarabağın Qurdlareli tayfasından Mirzə Həsən bəy, anası Sarıcalı tayfasından Tazə xanım olub. Bu iki tayfanın yəhudilərlə hər hansı bir əlaqəsini düşünmək insan ağlı üçün ziyanlıdır. Ağaoğlunun özü isə xatirələrində belə yazıb: “Mən Ağaoğlu Əhməd. Anamın və atamın, bütün əcdadımın damarlarında türk qanından başqa bir qan olmayan qarabağlı bir türkəm”.
Görünür, o dövrdə Avropada yəhudilərə qarşı olan mənfi münasibətdən istifadə edən ermənilər Ağaoğlunu yəhudi kimi qələmə verərək gözdən salmaq istəyiblər.
Rus Gizli Xidmətinin keçmiş provakator agenti – Bu ittiham da absurddur. Əksinə, Əhməd bəyin başçısı olduğu “Fədai”, “Difai” kimi təşkilatlar Qafqazda müsəlmanların öldürülməsinə və çar məmurlarının zülmünə qarşı qurulmuşdu. Milli təşkilat idi, gizli rus kəşfiyyatı ilə əlaqəsi imkansız idi.
1904-cü ildə Bakıda ermənilərin müsəlmanlar tərəfindən qətliamını təşkil etdi – 1905-1906-cı il hadisələri Çar Rusiyasında baş verən inqilabın ucqarlara gəlib çatmaması üçün Rusiyanın özünün təşkil etdiyi qarşıdurma idi. Fürsət gözləyən ermənilər rusların dəstəyi ilə bölgədə qırğın törətmiş, nəticədə hər iki tərəfdən insanlar həlak olmuşdu. Əhməd bəy bu dövrdə əvvəlcə sülh yolunu təbliğ etmiş, nəticə olmadığı təqdirdə ermənilərin hücumlarının qarşısını almaq üçün təşkilat qurmağın vacibliyini başa düşmüşdü. Əhməd bəy o dövrdə müsəlmanların əsas müdafiəçisi olduğuna görə kəşfiyyat materialında məqsədli şəkildə belə yazılıb. Ağaoğlu 20 fevral-6 mart 1906-cı ildə Tiflisdə Qafqaz canişini İ.İ.Vorontsov-Daşkovun sədrliyi altında keçirilən erməni-müsəlman barışdırıcı qurultayında Azərbaycan nümayəndələri arasında yer alıb. Məhəmməd Səid Ordubadi “Qanlı sənələr” əsərində Əhməd bəyin bu görüşdə çıxışının mətnini verdikdən sonra qeyd edib: “Söz bura yetişəndə cənab Əhməd bəyin başı gicəlib oturur yerə, onu aparırlar sarayın bir otağına, bir az keçdikdən sonra özünə gəlib məclisə daxil olur”.
1908-ci ildə Türkiyə ilə münasibətlərini düzəltdi – Əhməd bəyin Çar Rusiyasının gözündən düşməsi normal idi. “Difai”nin gizli fəaliyyətinə, Azərbaycan türklərinin müdafiəçisi kimi 3 il ərzində göstərdiyi mühüm xidmətə görə həbs edilə, öldürülə bilərdi. Ağaoğlu bunu başa düşdüyü, həmçinin Parisdə tələbə ikən dostlaşdığı Osmanlıdan olan siyasətçilərin təklifini nəzərə alıb İstanbula yola düşmüşdü. 1908-ci il Türkiyə üçün də yeni mərhələnin başlanğıcı idi.
Qəzetçilik fəaliyyəti, Maarif naziri, İttihad və Tərəqqi – Ağaoğlunun İstanbuldakı fəaliyyəti ilə bağlı bir qism məlumat düz olsa da, onun maarif naziri olması fikri yanlışdır. Bilirik ki, Əhməd bəy 1909-cu ildə İkinci Məşrutiyyət elan edildikdən sonra Türkiyəyə gedib. Burada Parisdə oxuyarkən dostlaşdığı Əhməd Rza bəy və doktor Nazim vasitəsi ilə “İttihad və Tərəqqi” cəmiyyətinə girib. Həmin il Maarif Nazirliyində ibtidai təhsil müfəttişi təyin edilib. Süleymaniyyə “İttihad və Tərəqqi” klubunun rəisi olub, 2-3 il içərisində İstanbulda fransızca “Jeune Turc” (Gənc Türk) və türkcə “Tərcümani-həqiqət” qəzetlərinin baş redaktoru işləyib.
Erməni qətliamında iştirak – Ermənilər 1915-ci il hadisələrində “İttihad və Tərəqqi”ni günahlandırdıqları üçün Ağaoğlu da birbaşa bu siyahıya daxil edilib. Ümumiyyətlə, Əhməd bəyin ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi qətliamlara cavab verməsi, milləti təşkilatlandırması qarşı tərəfin həmişə hiddətinə səbəb olub. Sovet Ermənistanının xarici işlər naziri C.Kirakosyan 1986-cı ildə İrəvanda nəşr etdirdiyi “Gənc türklər tarixin məhkəməsi qarşısında” adlı əsərində yazır: “Qafqazda millətlərarası zəmində baş verən qırğının əsas təşkilatçılarından biri şuşalı Əhməd bəy Ağayev erməni ailələrinin pərən-pərən salınması, ermənilərin məqsədyönlü şəkildə türklər arasında səpələnməsi, onların millət kimi məhv edilməsi ideyasının tərəfdarı idi”.
Qeyd edək ki, 1905-ci il hadisələrini ermənilər rus mətbuatında tamam fərqli formada təqdim ediblər. Azərbaycandan isə buna cavab olaraq Əhməd bəy “Sankt Peterburqskie vedomosti” qəzetində “Bakı hadisələri haqqında həqiqət” adlı geniş məqalə dərc edib. Ağaoğlunun bu fəaliyyəti ermənilərdə o qədər qıcıq doğurmuşdu ki, 1910-cu ildə E.Ter-Qriqoryan adlı müəllif “Alov və qılınc” adlı pyesində Əhməd bəyin mənfi obrazını yaratmışdı.
Əhməd bəyin rus polisi tərəfindən axtarılmasına gəldikdə isə 1917-ci ildə Rusiyanın başı özünə elə qarışmışdı ki, Osmanlı təbəəsi olan birini axtarmaq ən son işlərdən olardı.
Dilqəm ƏHMƏD
Qaynaq:
1. “31 Mart tariximizin faciəli səhifəsi” – Bakı, 2019
2. M.Mərdanov, Ə.Tahirzadə, “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” – Bakı, 2018
3. Bülent Özdemir, “İngiliz istihbarat raporlarında fişlenen Türkiye”, İstanbul, 2008