Yuqoslaviyalı kommunistin Stalinə iradı – Sovet lideri alman qadınlarının zorlanmasını təbii hal sayıb.
15-04-2023, 17:51
Ən yeni tarix. Maraqlı faktlar.
Onun adı XX əsr Yuqoslaviya tarixinə ən cəsarətli və ən maraqlı siyasətçi kimi düşüb. Siyasi baxışlarına görə dəfələrlə həbs olunan Cilas Milovan hətta sosialist düşərgəsini öz nəzarəti altında saxlayan Kremlin, İosif Stalinin də ünvanına sərt fikirlər söyləməkdən çəkinməyib...
1911-ci ildə Çernoqoriyada, Podbişçe kəndində anadan olan Milovan orta təhsilini başa vurduqdan sonra Belqrad Universitetində fəlsəfə və hüquq fakültəsində oxuyub. Milovan tələbəlik illərindən siyasətə böyük maraq göstərib və 1933-cü ildə Yuqoslaviya Kommunist Partiyasına üzv olub. Elə həmin ilin avqust ayında kommunist təbliğatına görə o, ilk dəfə həbs olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib.
Həbsdən çıxdıqdan sonra Milovan siyasi fəaliyyətini Yuqoslaviya Kommunist Partiyasının Mərkəzi Komitəsində davam etdirib. O, 1942-ci ildə Yuqoslaviya Antifaşist Xalq Qurtuluşu Şurasının yaradıcılarından biri olub. Eyni zamanda partizan hərəkatının yaradılmasında fəal iştirak edib. Onun bu hərəkatda əsas missiyası təbliğat-təşviqat işinin aparılması olub.
Müharibədən sonra Milovan Yuqoslaviya Kommunist Partiyasının İcraiyyə bürosunun katibi seçilib, 1953-cü ildən Yuqoslaviyanın vitse-prezidenti vəzifəsini daşıyıb. 1953-1954-cü illərdə isə Yuqoslaviya Federativ Xalq Respublikası Məclisinin sədri olub. Bu illər ərzində Milovan üç dəfə SSRİ-yə rəsmi səfər edib. 1945-ci ildə o, SSRİ ilə Yuqoslaviya arasında qarşılıqlı yardım haqqında müqaviləni imzalayıb, Stalinin şəxsi qonağı olub, SSRİ-nin partiya liderləri ilə yaxından tanış olmaq imkanı qazanıb.
Uzun illər Yuqoslaviya kommunistlərinin rəhbəri İosip Broz Tito ilə bir cəbhədə silahdaş olsalar da, Milovan 1953-cü ildə mətbuatda Yuqoslaviyada kommunizm quruculuğu prosesini silsilə yazılarla sərt tənqid edib. Bu tənqidin nəticəsi olaraq o, 1954-cü ildə partiya sıralarından xaric edilib, tutduğu bütün vəzifələrdən kənarlaşdırılıb. Həmin ilin dekabrında Milovan “New York Times”a verdiyi müsahibədə növbəti dəfə ölkəsindəki siyasi prosesləri kəskin tənqid atəşinə tutub. Bu yazıya görə onu bir il müddətinə azadlıqdan məhrum ediblər.
Milovanın növbəti tənqid hədəfi Kreml olub. O, “France-Presse” agentliyinə açıqlama verərək SSRİ-nin Macarıstana hərbi müdaxiləsini qətiyyətlə pisləyib. Milovan bu açıqlamasından sonra üç il azadlıqdan məhrum edilib.
1961-ci ildə Milovan yazdığı yeni bir kitabla gündəmə gəlib. “Stalinlə söhbətlərim” kitabı səkkiz dilə tərcümə olunub və çoxmilyonlu oxucu auditoriyası qazanıb. Milovan bu kitabda Stalinlə olan üç görüşündən bəhs edib.
Cilas Milovan qatı kommunist olsa da, Stalin rejiminin qəbuledilməz olduğunu, birpartiyalılıq sisteminin yarıtmazlığını, məhkəmə strukturunun partiyadan asılılığını yolverilməz sayıb. “Stalinlə söhbətlərim” kitabında o, bu məsələlərə geniş yer ayırıb. Bununla yanaşı o, Stalinin şəxsi qonağı kimi sovet liderinin məişəti haqqında da kitabında maraqlı açıqlamalar verib:
“Stalin sərt xarakterə malik bir siyasətçi idi. Bununla yanaşı o, silahdaşları arasında maraqlı bir insan kimi də görünürdü. Mən Moskvada olarkən sovet liderinin şəxsi qonağı olmuşam. O, məni öz bağ evinə dəvət etmişdi, şərəfimə ziyafət düzəltmişdi. Bu qeyri-rəsmi tədbirdə Stalin çox zarafatcıl idi və süfrə arxasında maraqlı təkliflər verirdi. Bu təkliflərdən biri də onun məmurlardan heç bir cihaza baxmadan havanın temperaturunu soruşması idi. Kim temperaturun şkalasında neçə xətt səhv söyləyirdisə, hər bir xəttə görə 100 qram cəzalandırılırdı. Əgər havanın temperaturu 17 dərəcədirsə, kimsə 19 deyəndə 200 qram araq içməklə cəzasını “çəkirdi”. Bu “oyun”da Beriya havanın temperaturunu 3 dərəcə soyuq demişdi. Dərhal ona 300 qram araq süzüldü və Beriya onu başına çəkdi. Beriya özünü sındırmamaq üçün “qəsdən səhv dedim ki, mənə araq çox düşsün” söylədi. Görüşlərimizin birində Stalinə sovet hərbçilərinin Almaniyada alman qadınlarını zorlaması faktlarından söhbət açdım. Bu fikrim Stalinin xoşuna gəlmədi. Amma münasibət bildirməyi də özünə borc bildi: “Qəribə adamsınız, minlərlə kilometr yolu alovlardan, ölümlərdən keçən sovet əsgərinin qadınla əylənmək istəyini başa düşmürsünüz? Belə faktlarla sovet əsgərinin şərəfini heç kim ləkələyə bilməz...” Mən Stalinlə görüşlərimdən sonra Broz Titoya açıq məktub yazdım, SSRİ ilə bütün əlaqələri kəsməyi tələb etdim, Qərblə əməkdaşlığın vaxtının çatdığını söylədim...”
1960-cı illərdən Cilas Milovan yazıçılıq fəaliyyəti ilə məşğul olub. Bir neçə il ABŞ-da ali təhsil ocaqlarında mühazirələr oxuyub. 1970-ci ildən 1986-cı ilə qədər ona ölkədən çıxmaq qadağan edilib. Həmçinin onun kitablarının Yuqoslaviyada çap olunmasına da qadağa qoyulub. Nəhayət, 1990-cı ildə uzun fasilədən sonra onun “Stalinlə söhbətlərim” kitabı yeni redaktədə ikinci dəfə Yuqoslaviyada işıq üzü görüb.
Cilas Milovan 1995-ci ildə, 83 yaşında vəfat edib. O, ölümündən qabaq dini rituallarla dəfn olunmağını vəsiyyət edib. 60 ilə yaxın cibində Kommunist Partiyasının biletini gəzdirən Milovanın bu vəsiyyəti təəccüblə qarşılanıb. Vəsiyyətinə riayət edərək Milovanı doğulduğu Podbişçe kənd qəbiristanlığında dəfn ediblər.
İlham Cəmiloğlu.