Bu filmə görə evinə hücum elədilər, yazdıqlarını oğurladılar – Onu KQB öldürdü?

17-04-2023, 00:12           
Bu filmə görə evinə hücum elədilər, yazdıqlarını oğurladılar –
Teref.az Kulis.az-a istinadən yazıçı Fərman Kərimzadə haqqında 10 maraqlı faktı təqdim edir.

Yazıçı 1937-ci ildə Qərbi Azərbaycanda dünyaya göz açıb və 12 yaşında olanda ailəsi deportasiya olunub.

***

Qaçqınçılıq dövrü çox ağır günlər yaşayıb. Hətta bir dəfə özü deyirmiş ki, Bakıya ayağında qaloş piyada gedib.

Həyat yoldaşı Xalidə xanımı universitetdə oxuduğu dönəmlərdə görüb və onu sevib. Lakin Xalidənin ailəsi Fərman Kərimzadənin kasıb olduğu üçün qızlarını ona vermək istəməyiblər. İmkanlı ailə olan Xalidənin ailəsi bəhanə gətirib ki, qızları hələ uşaqdır, yemək də bişirə bilmir. Şair Məmməd Aslan, Fərman Kərimzadənin yaxın dostu kimi bu məsələni həll edəcəyini, ailənin “hə”sini alacağını söyləyib. Ancaq elçiləri qovurlar. Çarəsiz qalan Fərman Kərimzadə qızı qaçırmağa məcbur olur.

***

Fərman Kərimzadənin öz ailəsindən başqa bir ailəsi də varmış. O qadından yazıçının bir qızı dünyaya gəlib. Yazıçı, Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə o anları belə xatırlayır: “Atam bir müddət, hardasa il yarım anamdan ayrılıb, başqa qadınla yaşayıb, sonra geri qayıdıb. Bu mənim uşaqlıq yaddaşımda travma kimi qalıb”. Yazıçı geri qayıdandan sonra Xalidə xanım onu bağışlayıb.

***

“Axırıncı aşırım” filmi onun “Qarlı aşırım” romanının əsasında çəkilib. Bu film ekranlara çıxandan sonra yazıçı xeyli əziyyət çəkib. Onu öldürmək istəyiblər. Qızı, yazıçı Yeganə Kərimzadə müsahibələrinin birində bu haqda danışır: “Bir dəfə bibimgilə getmişdim. Bir kişi gəlib dedi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyifini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Onlar deyirdilər, guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo, həqiqətən, elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşublar. Mərdlikləri də varmış”.

Onun başqa əsərləri də buna bənzər tale yaşayıb. Nəsrəddin Tusi, Andranik haqqında əsərlərini yazıb bitirəndən sonra əlyazmalar yaşadığı evdən yoxa çıxıb. Oğurluq tarixçəsi haqqında qızı mətbuata danışıb. Onun dediyinə görə, gecə hamı yatandan sonra onların evinə naməlum bir qadın gəlir. Onun gəlişini qızından başqa heç kim görmür. Səhəri gün bu əhvalatdan xəbər tutan valideynlər uşağa gülsələr də, bir neçə saatdan sonra məlum olub ki, yazıçının Andranik haqqında yazdığı əsər evdən oğurlanıb. Bundan başqa, Yuqoslaviya müharibəsi ilə bağlı daha bir romanı 1993-cü ildə oğurlanıb. Fərman Kərimzadə sonradan yazıb ki, onların KQB tərəfindən götürüldüyünü öyrənib.

***

Deyilənə görə, hər il ad günündə yazıçının qəbri üzərinə kimliyi məlum olmayan adam tərəfindən təzə-tər çiçəklər qoyulurmuş. Bir müddət sonra isə məlum olub ki, bu yazıçının oxucularından biridir.

Bir dəfə uşaqları ilə doğulduğu Vediyə gedib. 1986-cı ildə. Uşaqlara dağları göstərib və deyib: “Ölüb qalmaq istəyirəm burda”. Və ondan sonra “Apardı sellər Saranı” mahnısını oxuyub.

***

1989-cu ilin martında Fərman Kərimzadə Tərtərdəki həmyerlilərinə yardım üçün gedəndə oradakı insanların acınacaqlı vəziyyətinə ürəyi dözə bilməyib və özündən gedib. Həkimlər gələndən sonra məlum olub ki, yazıçının beyninə qan sızıb. Elə həmin gün yazıçı dünyasını dəyişib.

10. Onun ölümü də müəmmalı olub. Qızının dediyinə görə, atasını KQB öldürüb. Sap-sağlam adam idi. Məncə, onu KQB öldürdü. Son hadisələrdə çox fəal idi. Anama da demişdi ki, məni izləyirlər, tutulsam, bilin ki bunlar edib. Hətta bir dəfə çağırıb nəsə təklif də eləmişdilər, təbii ki, qəbul eləməmişdi. O, azad adam idi. Bu hadisələrlə bağlı Moskvaya getmişdi, ordan gəldi, heç evə dəymədən Tərtərə yollandı. O vaxt adamlar köçürülürdü Ermənistandan. Kəlbəcərə gedib, sonra bir də Tərtərə qayıdıb. Orda iflic olmuşdu. Amma mən buna inanmıram. Daha doğrusu içimdə ciddi şübhələr var”.

Məqaləyə dair fotomateriallar:

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.