Brilyantları sevməyən dünya şöhrətli qadın - FOTO

26-04-2023, 12:28           
Brilyantları sevməyən dünya şöhrətli qadın - FOTO
Koko Şanel illərdir dünyanın ən lüks markaları arasında liderlik edən "Chanel" brendinin yaradıcısı olsa da, özü lüks əşyaları o qədər də sevmirdi. Nə qədər qəribə səslənsə də, o, həmcinslərinin heyranlıqla taxdığı brilyant kimi bahalı daş-qaşlara nifrət və ikrah hissi ilə baxırdı. İddia olunur ki, buna onun əsaslı səbəbləri var idi.

Publika.az xəbər verir ki, Koko Şanel əsl bijuteriya "aludəçisi" idi. Hesab edirdi ki, onlar obrazın ayrılmaz hissəsi və ya yaxşı zövq əlamətidir. Məhz o, bijuteriya dəbini gündəlik həyata gətirdi və dəbə saldı. Buna görə də, dünya qadınlarının Madmazel Şanelə təşəkkür və dərin minnətdarlıq borcu var. Bununla belə, kutyure qiymətli zinət əşyalarına hədsiz nifrət edir və bunu heç kəsdən gizlətmirdi. Şanelin zərgərlik haqqında sitatları da bunu açıq şəkildə göstərir.


Koko Şanelin qızıl-zinət əşyalarına münasibəti həmişə birmənalı olub, orijinaldansa saxtalara üstünlük verirdi. Qüsursuz zövqə və üsluba malik bir qadın kimi o, "daş-qaş xatirinə daş-qaş taxmaq" fikrini cəfəngiyyat və boş lovğalıq hesab edirdi. O düşünürdü ki, almazlarla bəzədilmiş ağır zərgərlik nümunələri gözəlliyini təmsil və ya təbliğ etmir. Onun üçün hər hansı, hətta çox gözəl və bahalı zərgərlik əşyaları yalnız nişanlısının, ərinin, sevgilisinin və ya onları taxan qızın valideynlərinin zənginliyinə bir işarə idi. Brilyantlar onun üçün bundan artıq bir məna daşımırdı.

Şanel inanırdı ki, bijuteriya ilə oynamaq, bu və ya digər geyimə uyğun düzgün aksessuar seçmək əsl zövq göstəricisidir. "Bəzək əşyaları çox olmalıdır. Mən saxta və çox gözəl bəzək əşyaları düzəldirəm. Onlar hətta həqiqlərdən daha gözəldirlər", - Madmazel müsahibələrinin birində etiraf etmişdi.

Bəs Koko Şanel nə bəyənirdi?


Əfsanəvi dizaynerin sevimlisi mirvarilər idi və mütləq deyildi ki, onlar təbii olsun. O, həqiqətən təbii daşlardan daha çox imitasiyaya üstünlük verirdi. Bu mirvarilərə də aiddir. Kutyure onları çox sevirdi və əmin idi ki, zərif bir sədəf parıltısı istənilən bir qadını bəzəməyə qadirdir. Şanelin mirvari boyunbağıları boynuna dolamağı sevirdi. O, mirvari sırğaları da eyni dərəcədə bəyənirdi. Lakin o, bütün sırğa modellərində lakonik və sadə mirvarilərə üstünlük verirdi. "Mirvari həmişə haqlıdır" deyən Şanel seçimini bu materialın çox yönlülüyü ilə izah edirdi.


"Bəzək əşyaları taxmayan qadınların gələcəyi yoxdur" Kokonun başqa bir məşhur sitatıdır. Stil ikonası bu sözləri ilə qadınlara aşılamağa çalışırdı ki, aksessuarlar sayəsində obraz daha ifadəli və bütöv görünəcək. Bu, Bizans üslublu boyunbağı, iri daşlı sırğalar, qalın qolbaqlar və təbii ki, broşlar ola bilər. Şanel broşları təkcə sinəsinə deyil, həm də papaqlara, kəmərlərə, ciblərinə taxırdı.

Bəs siz nəyə üstünlük verirsiniz?













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.