“NKVD” rəhbərləri arasında güllələnməyən yeganə komissar – SSRİ-nin ilk daxili işlər naziri Kruqlovun həyatı faciə ilə bitib

30-04-2023, 17:05           
“NKVD” rəhbərləri arasında güllələnməyən yeganə komissar –
SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) bir qurum kimi bu ad altında 1934-cü ildən 1946-cı ilə qədər fəaliyyət göstərib. 12 il ərzində quruma dörd nəfər (Henrix Yaqoda, Nikolay Yejov, Lavrenti Beriya, Sergey Kruqlov) rəhbərlik edib ki, onlardan üçü güllələnib, yalnız Sergey Kruqlov mövcud rejimin repressiyalarından sağ çıxmağa nail olub. Hətta o, 1946-cı ildə “NKVD”-nin strukturu dəyişiləndə, SSRİ Daxili İşlər Nazirliyi yaradılanda bu qurumun ilk naziri olub.

1907-ci ildə Tverin Ustye kəndində anadan olan Sergey Kruqlovun uşaqlıq illəri ağır şəraitdə keçib. O, ailəsinə kömək etmək üçün yay və payız fəsillərində çobanlıq edib, başqalarının təsərrüfatında işləyərək qazandığı pulu valideynlərinə kömək məqsədilə ailəsinə xərcləyib. Qış aylarında isə o, vaxtını təhsilə ayırıb.

1927-ci ildə hərbi xidmətə çağırılan Kruqlov 1931-ci ilə qədər orduda xidmət edib. Tərxis olunduqdan sonra o, Moskva Pedaqoji İnstitutuna daxil olub.

Kruqlovun vəzifə karyerası partiya orqanlarından başlanıb. 1938-ci ildə isə o, partiya xətti ilə “NKVD”-də xidmətə göndərilib.

Çox qısa müddət ərzində Kruqlov əməliyyatçı vəzifəsindən komissar (nazir) müavini vəzifəsinə qədər yüksəlib. Hələ partiya orqanlarında işləyərkən ona Siyasi Büronun üzvü, Stalinin ən yaxın silahdaşlarından biri olan Georgi Malenkov hamilik edib, elə “NKVD”-də işlədiyi dövrdə də Malenkov dəstəyini ondan əsirgəməyib.

Kruqlov eyni zamanda Lavrenti Beriyanın da ən yaxın adamlarından biri sayılıb. Beriya ən məxfi tarşırıqlarını məhz ona həvalə edib. Onun “NKVD”-dəki fəaliyyəti rəhbərlik tərəfindən, şəxsən Stalin tərəfindən də yüksək qiymətləndirilib. Xüsusilə, çeçen və inquşların köçürülməsi, “QULaq” məcburi əmək düşərgələrinin işindəki fəaliyyəti sovet liderinin diqqətindən yayınmayıb. 1943-cü ildə keçirilən Tehran konfransında təhlükəsizlik məsələlərinə cavabdeh olan şəxslərdən biri də məhz Kruqlov olub. Bu və digər xidmətləri nəzərə alınaraq Kruqlov 1945-ci ilin dekabrında “NKVD”-yə komissar (nazir) təyin edilib. 1946-cı ildə struktur dəyişikliyi zamanı isə o, SSRİ-nin ilk daxili işlər naziri vəzifəsinə təyinat alıb.

Digər yüksək ranqlı məmurlardan fərqli olaraq Kruqlovun adı qaranlıq məsələlərdə, siyasi çəkişmələrdə çox da hallanmayıb. O, məmurlarla münasibətlərin tənzimlənməsinə xüsusi diqqət yetirib.

Stalinin vəfatından sonra Kruqlovun karyerasında qeyri-müəyyən bir vəziyyət yaranıb. Belə ki, həmin vaxt Daxili İşlər Nazirliyi ilə Dövlət Təhlükəsizliyi Nazirliyi birləşdirilib və bu vəzifəyə Beriya sahib olub. Malenkovun və Beriyanın təşəbbüsü ilə Kruqlov yeni yaradılmış nazirliyə birinci müavin təyin edilib. Kruqlovun bu təyinatı uzun sürməyib. Həmin ilin 26 iyun tarixində Beriyanın həbsindən sonra o, yenidən nazir kürsüsündə əyləşib. Bu ərəfələr Kruqlovun həyatının ən mürəkkəb vaxtları sayılıb. Belə ki, Beriyanın həbsindən sonra onun yaxın ətrafının da həbsləri başlanıb. Kruqlov isə Kremldə “Beriyanın adamı” kimi tanınıb. Yəqin bu səbəbdən də “uzaqgörən” Kruqlov özünü qorumaq üçün əvvəlcədən Beriyanın həbsi prosesində fəallıq göstərib.

Amma bütün bunlara baxmayaraq, hakimiyyətə gələn Nikita Xruşşovun yaddaşında Kruqlov Beriyanın silahdaşı kimi qalıb. 1956-cı ilin yanvar ayında Xruşşovun göstərişi ilə Kruqlov nazir vəzifəsindən azad edilərək elektrostansiyalar tikintisi nazirinin müavini vəzifəsinə göndərilib. Bu vəzifədə də onu çox işləməyə qoymayıblar. Bir ildən sonra Kruqlov daha aşağı vəzifəyə, Kirov rayonunun Xalq Təsərrüfatı Sovetinin sədr müavini vəzifəsinə təyin edilib.

Kruqlov Xruşşova qarşı çıxmağı, vəzifə uğrunda mübarizə aparmağı mənasız sayıb. Bu mütiliyi sayəsində 1958-ci ildə onu bütün işlərindən kənarlaşdırıblar. Hətta sabiq nazirə statusuna uyğun olan təqaüd də kəsilməyib.

Vəzifələrindən uzaqlaşdırıldıqdan sonra Kruqlov özünü mərkəzdən də təcrid edərək Moskva ətrafındakı kiçik bağ evinə köçüb. Keçmiş general-polkovnik heç bir güzəşt və imtiyaza malik olmayıb. O, sıravi vətəndaşlar kimi ictimai nəqliyyatdan istifadə edib, müalicələrini qəsəbə poliklinikasında alıb, cüzi pensiyası ilə yaşayıb. Amma ehtiyac içində yaşamasını heç vaxt dilə gətirməyib, heç kəsdən kömək istəməyib.

Kruqlova kənardan bir çox hadisələrə şahidlik etmək də qismət olub, o cümlədən Xruşşovun vəzifədən devrilməsi də buna daxildir.

Ömrünün son illərinə qədər Kruqlov mətbuatdan həmişə yayınıb, ictimai fəallığa can atmayıb, ölkədə baş verən ictimai-siyasi proseslərə reaksiya verməyib, özünü ictimaiyyət arasında tanıtmağa cəhd etməyib.

Bu cür sakit həyat tərzi ilə Kruqlov 69 il ömür sürüb və həyatının sonu faciə ilə bitib. O, 6 iyul 1977-ci ildə bağ evlərinin yaxınlında olan dəmiryolu stansiyasında qatarın altına düşərək faciəli şəkildə ölüb. Yerli mətbuatda sabiq nazirin ölüm səbəbi “bədbəxt hadisə” kimi göstərilib. Hadisə ilə bağlı təsdiqini tapmayan intihar, sui-qəsd versiyaları da səslənib.

İlham Cəmiloğlu, Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.